Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

"Təmirdən 5-6 ay ötməmiş yolu qazıb yenidən asfaltlayırlar"


►"İcra hakimiyyəti də, bələdiyyə də yalan danışır. Gerçək vəziyyətimiz acınacaqlıdır"

“Bu massiv Mərdəkan -Bilgəh yolunun 10 metrliyində yerləşir. Dəfələrlə Xəzər rayon icra hakimiyyətinin başçısı Gülaga İslamova, bələdiyyə sədrinə müraciət etmişik ki, bizə kömək olsunlar. Ancaq, görünür, məktublarımızı oxumamış zibil qutusuna atırlar. Heç cavabı da gəlmir”.

“SANKİ BİZİM KÜÇƏDƏN KEÇMƏYİB”

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Xəzər rayonu, Şağan qəsəbəsi, “Təzə sahə” massivinin sakinləri deyir. 4 ildir ki, həmin ərazidə ev tikib yaşayan Səlim Səlimovun sözlərinə görə, xüsusilə də yağışlı günlərdə yollar keçilməz, vəziyyət dözülməz olur:

“Bələdiyyə sədri elə hesabat verir ki, sanki bizim küçədən bircə dəfə də keçməyib. Filan küçəni belə təmir etdik, filan küçəyə filan qədər asfalt çəkdik… Deyir, “qəsəbədə hər şey qaydasındadır, vətəndaşlar da hər şeydən razıdır”. İndi mən də bu qəsəbənin sakini kimi deyirəm ki, icra hakimiyyəti də, bələdiyyə də yalan danışır. Gerçək vəziyyətimiz acınacaqlıdır”.

“YALANDAN SƏNƏDLƏR YAZIRLAR”

“Təzə sahə”nin başqa sakini Səadət Namazova deyir, sənədlərə görə, guya zibillər həftədə üç dəfə daşınır. Amma:

“O da yalandır. Heç ayda bir dəfə zibil daşınmır. Yalandan sənədlər yazırlar, sonra da hesabatlara tikirlər. Qəsəbədə zibil adamın ağzına girir. Heç bir hazırlıqları yoxdur. Nə qışa, nə yaza, nə payıza. O gün yağış yağdı, aləmi sel-su götürdü, məhəllələr, həyətlər suyun altında qaldı, heç birini yerində tapmadıq, yapışaq yaxalarından, tələb edək ki, “gəlin, suyu çəkin”. Nəylə çəksinlər, heç belə vəziyyətlərdə lazım olan texniki avadanlıqları da yoxdur. Demək olar ki, hər gün Bakının mərkəzində yol çəkirlər. Təmirdən heç 5-6 ay ötməmiş yolu qazıb yenidən asfaltlayırlar. Şəhərin mərkəzində yaşayanlar lazımsız yol təmirlərindən, bizsə yollarımızdakı bərbad vəziyyətdən cana yığılmışıq”.

___________________________________________________________

Bunlara da bax:
Maliyyə Nazirliyi 15 milyon borc aldı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

“TAM HƏLL MÜMKÜN DEYİL”

Yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulub. Ancaq bu proqramların icra müddəti başa çatsa da, bu məsələ yarımçıq həll olunub.

Xəzər rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, son illərdə rayon ərazisində yeni massivlər ortaya çıxdığından onların sosial, infrastrukturunu problemlərini qısa zamanda tam həll etmək mümkün deyil. Ancaq bununla belə qurum həmin kiçik yaşayış massivlərində qaz, işıq, su, yol problemlərinin həlli üçün müxtəlif layihələr hazırlayaraq həyata keçirir. “Təzə sahə” kimi tanınan ərazi də sakinlər tərəfindən yeni salınıb. Ərazidə işıq, qaz, su problemi həll olunub. Qurum başqa problemlərin həllinə də çalışdığını deyir.

XS
SM
MD
LG