Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi


 Silah-sursat
Silah-sursat

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 il həbs cəzası kəsilib.

İlyarıma yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində gedən araşdırmalar yekunlaşıb və aprelin 19-da ona hökm oxunub.

Hökmdə Ü.Həsənovun 11 il azadlıqdan məhrum edilməsiylə yanaşı, onun özü və yaxınlarına məxsus 10 milyon manatlıq əmlakının müsadirə məsələsi də yer alıb.

İddia olunur ki, Müdafiə Nazirliyinin keçirdiyi tenderdə qalib elan edilərək, rayonlardan birində mərkəzi silah-sursat anbarının tikintisi, orada mebellərin quraşdırılması, ərazinin abadlaşdırılması və s. işləri öhdəsinə götürmüş şirkət rəhbəri müqavilə şərtlərini yerinə yetirməyib. O, 7 milyon 353 min manat büdcə vəsaitinin yeyintisində ittiham olunur.

“Niyə həbs olunduğumu özüm də bilmirəm”

Ü.Həsənova silah-sursat anbarıyla yanaşı, Tarix Muzeyinin təmir-bərpa işlərilə bağlı da ittiham verilib.

Cinayət işinin materiallarında iddia edilir ki, 2018-2019-cu illərdə bu şirkət Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişiylə Tarix Muzeyi ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsini, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulmasını və bütövlükdə təmir-bərpa işlərini üzərinə götürüb. Ancaq bu məsələdə də müqavilə öhdəliyinə əməl etməyib və nəticədə 1 milyon 706 min manat vəsait mənimsənilib.

Toplam 9 milyon manatdan çox yeyintidə ittiham edilən şirkət rəhbəri özünü təqsirli saymır və məhkəmədə niyə həbs olunduğunu bilmədiyini deyir:

“Niyə həbs olunduğumu özüm də bilmirəm. Məni Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. Halbuki, mən artıqlamasıyla pul xərcləyib, iş görmüşəm. Buna baxmayaraq, əgər nəsə çatışmazlıq varsa, yenə ödəməyə hazıram. Əmlakıma həbs qoyulubsa, daha mən niyə həbs olunuram?”

Ü.Həsənovu 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) əməkdaşları saxlayıb.

XS
SM
MD
LG