Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

Alen Simonyan: ‘Ermənistan üçün bugün Qarabağ məsələsi yoxdur’


Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan

Qarabağ münaqişəsi bitib və Ermənistan Azərbaycanla sülh danışıqlarında oradan bu yaxınlarda gəlmiş ermənilərin öz evlərinə qaytarılmasını prioritet məsələ etməməlidir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu noyabrın 28-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan jurnalistlərin suallarına cavab verərkən deyib:

“Bugün Ermənistan Respublikasının belə bir məsələsi yoxdur. Ermənistan Dağlıq Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır”.

Azatutyun xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini hələ Bakı 19-20 sentyabr əməliyyatı nəticəsində bölgə üzərində tam nəzarəti ələ almazdan bir neçə ay əvvəl tanıdığını bəyan etmişdi.

Paşinyanın siyasi opponentləri deyirlər ki, əslində baş nazirin belə bir mövqeyi Azərbaycanın Qarabağı tam nəzarətə götürməsinə yol açıb.

“Gələcəyə bağlı məsələ...”

Azatutyunun yazdığına görə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan ötən həftə demişdi ki, Qarabağ ermənilərinin hüquqları məsələsi Yerevanın Bakı ilə və beynəlxalq vasitəçilərlə təmaslarının gündəliyindədir.

Lakin Paşinyanın yaxın müttəfiqi olan Simonyan bu baxımdam şübhəsini ifadə edib və deyib ki, Qarabağ qaçqınları evlərinə qayıtmağa can atmırlar, çünki onların təhlükəsizliyini təmin edəcək realistik mexanizmlər yoxdur.

Azatutyunun yazdığına görə Simonyan, belə görünür, Qarabağ ermənilərinin məsələsini 1980-ci illərdə Ermənistandan qaçmış azərbaycanlıların məsələsi ilə eyniləşdirib:

“Mən inanıram ki, hazırkı tarixi mərhələdə biz fikrimizi Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması və bütün regional kommunikasiyaların açılması üzərində cəmləşdirməliyik. Bu, bəzi azərbaycanlıların Ermənistana, bəzi ermənilərin Bakıya...Stepanakertə (Xankəndi-red), Şuşaya və ya ermənilərin əvvəllər yaşadıqları başqa məntəqələrə qayıtmaq arzusuna baxmayaraq gələcəyə bağlı bir məsələdir”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar indiyədək həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılıb.

XS
SM
MD
LG