Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Siqaret qıtlığı yaranıb


Siqaret
Siqaret

-

Bakıdakı bir çox mağazalarda bəzi növ siqaretləri tapmaq olmur. Bunu AzadlıqRadiosuna Süleyman Rəhimov küçəsindəki mağazalardan birinin müdiri tütün məhsullarının topdansatışında kart sisteminin tətbiqinin gündəliyə gəlməsi ilə izah edib:

«Siqaret və spirtli içkilərin kartla satışı məsələsi gündəmdədir. Bu məhsulları almaq üçün maliyyə vəsaiti öncədən ödənməlidir. Mal çeşidinin çoxluğunu təmin etmək üçün öncədən o qədər maliyyə vəsaitləri ödəmək mümkün deyil. Bu səbəbdən dükanlarda siqaret qıtlığı yaşanır, bu faktdır».

Ancaq o, siqaretlərin qiymətlərinin qalxması ilə bağlı deyilənləri təkzib edib:
«İkinci devalvasiyadan sonra siqaretlərin qiyməti kəskin qalxdı. Amma sonradan müəyyən enmələr oldu. İndi həmin qiymətlər qüvvədədir və hər hansı artım, hələlik, yoxdur».

Hələ yanvar ayında ölkədə spirtli içkilərin nağd şəkildə topdansatışı qadağan edilmişdi. Ancaq mağazalarda spirtli içkilərin qıtlığı yaranandan sonra bu qərar dayandırılmışdı.

Ötən həftə isə Vergilər Nazirliyindən «APA-Economics»ə bildirmişdilər ki, tütün məhsullarının nağd şəkildə topdansatışının qadağan edilməsi sahibkarlarla görüşdə müzakirə olunub.

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da məsələyə münasibət bildirmişdi: «Biz bir tərəfdən şəffaflığı, yoxlamaların sayının azalmasını istəyirik. Digər tərəfdən dünyanın qəbul etdiyi hesablaşma metodundan istifadə etmək istəmirik. Ümumiyyətlə, ödənişlər nağdsız olsa, daha yaxşı olar. Mənə elə gəlir ki, sahibkarlar burada mütəşəkkillik göstərməlidir, qanuni fəaliyyətin zövqünü yaşamalıdır. Nağd əməliyyatlar dünyanın hər yerində vergidən yayınma riski yaradır».

XS
SM
MD
LG