Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:43

Son onilliyin ən yaxşı 10 gürcü filmi


Rejissor Qiqa Liklikadzenin "Donuz" filminin çəkilişi
Rejissor Qiqa Liklikadzenin "Donuz" filminin çəkilişi

Kinoşünas Niniya Kakabadze "JAMnews" saytı üçün son onillikdə çəkilmiş ən mühüm gürcü filmlərinin siyahısını tərtib edib. Kakabadze yazır ki, totalitar rejim dövründə gürcü filmlərinin ümumi cəhəti tənqidi fikri alleqoriya və metaforalarla təqdim etmələri idi. "Totalitar dövlətin süqutundan 30 il keçsə də, gürcü kinosu yalnız indi yeni dil və düşüncələr kəsb etməyə başlayıb. Əgər [ilk] 20 ildə kamera, sadəcə, ciddi ictimai və ekzistensial məsələləri çəkib ekrana çıxarırdısa, son illərdə kinematoqrafçılar özlərini bu problemlərdən uzaq tutmağı, onlar haqqında düşünməyi və onlara qlobal baxmağı öyrəniblər", – o yazır. Onun sözlərinə görə, nəticə etibarilə ilk 20 ildə çəkilən gürcü kinosu yalnız yerli auditoriya tərəfindən başa düşülürdüsə, son illərin kinosu daha kosmopolitan hal alıb. Prestijli beynəlxalq kinofestivallarda əldə edilən nəticələr və filmlərin dünya mediasında işıqlandırılması bunu çox yaxşı nümayiş etdirir.

Keçmiş prezidentin həyat yoldaşı baş rolda

Niniya Kakabadzenin siyahısı rejissor Rusudan Çkoniyanın 2011-ci ildə çəkdiyi "Gülümsə" filmi ilə başlayır. Film analar üçün gözəllik müsabiqəsi və bir-birindən çox fərqli on qadın haqdadır. Onların arasında çoxuşaqlı ana, etnik gürcü olmayan qadın və nazir arvadı da var. Bu film müasir Gürcüstanda qadınların problemləri və gündəlik həyatı haqda çəkilmiş ilk filmdir. Filmdə baş rollardan birini ölkənin dördüncü prezidenti Giorgi Marqvelaşvilinin həyat yoldaşı Maka Çiçua ifa edir.

Zaza Xalvaşinin 2017-ci ildə çəkdiyi "Namme" filmində hadisələr Dağlıq Acariyada cərəyan edir. Bir yaşlı sakinin həyətindəki kiçik göldə insanlara şəfa verən sehrli bir balıq yaşayır. Kənddə isə yeni dambanın tikintisi gedir. "Zaza Xalvaşinin filmləri son onillikdə çəkilən gürcü filmlərindən radikal fərqlənir. Bu filmdəki mistik hekayə tamaşaçıya görüntü baxımından unikal təcrübə yaşadır. Rejissor tamaşaçını saat yarımlıq nağıllar dünyasına aparır. Burada təbiətlə insan birlikdə harmonik mühit yaradır, müasir sivilizasiya isə bu mühiti traktorun nəriltisi ilə dağıdır. Bu, görüntünün sözdən, qəhrəman, yaxud hekayədən daha çox şey deyə bildiyi bir filmdir".

Feminist və gey filmi

Nana Ekvtimişvilinin 2017-ci ildə çəkdiyi "Mənim xoşbəxt ailəm" filmində baş qəhrəman, anası, atası, əri, uşaqları və gəlini ilə birlikdə yaşayan 52-yaşlı orta məktəb müəlliməsi günlərin birində heç bir xüsusi səbəb olmadan özünə ayrıca ev tutub tək yaşamaq qərarına gəlir.

Yaxşı, xüsusi bir səbəb yoxdursa, insan niyə evini və ailəsini tərk etsin? Əlbəttə, işin ucu yenə həmin o "camaat nə deyər" sualına bağlanır. "Mənim xoşbəxt ailəm" qadının ocağın qoruyucusu olması haqda stereotipi dağıdan feminist filmdir. Çoxluq qadının öz xoşbəxtliyini təklik və azadlıqda tapa biləcəyini qəbul edə bilmir.

İsveçdə doğulmuş və böyümüş rejissor Levan Akin Türkiyədə yaşayan gürcü ailənin övladıdır. Onun 2019-cu ildə çəkdiyi "Sonra isə biz rəqs etdik" filmi gürcü rəqs ansamblının iki kişi rəqqasının sevgi hekayəsini əks etdirir. ""Sonra isə biz rəqs etdik" açıq gey münasibətləri haqda ilk tammetrajlı gürcü filmidir. Bu filmin əhəmiyyəti təkcə onun ortaya qoyduğu cəsarət deyil, həm də onu yaradanların peşə məharəti ilə bağlıdır. Bu, təkcə iki oğlan və onların dostları haqda hekayə deyil, həm də kişi mühitində yaşamalı olan bütün insanların hekayəsidir", – müəllif yazır.

XS
SM
MD
LG