Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:49

‘Prezidentin üzərliyi’ ölkəni milyonlarla dollardan necə məhrum elədi


AzadlıqRadiosunun müxbiri Bruce Pannier yazır ki, ərazisi əsasən səhradan ibarət olan Türkmənistanda ən çox rast gəlinən təbiət hadisələrindən biri də ilğımdır:

“Uzaq məsafədən baxanda səhrada əslində olmayan şeyləri, məsələn yaşıl bir ormanı və ya mavi bir gölü görmək mümkündür. Türkmənistan hökuməti də xaricdən ölkənin belə görməsini istəyirlər”.

Məqalədə deyilir ki, Gurbanguly Berdymukhammedov prezident olandan bəri rəsmilər Türkmənistanı “hər bir neməti olan fantastik bir yer” adlandırırlar:

“Onun ağ binaları, 6 milyonluq xoşbəxt əhalisi və gözləntilərlə dolu olan parlaq gələcəyi var”.

Amma ölkə sakinləri, xüsusən də son dörd ildə rəsmilərin çəkdiyi bu mənzərəni yox, uzun ərzaq növbələrini görürlər.

Pannier yazır ki, enerji ilə zəngin ölkənin bir çox sakinləri hətta zibilxanalarda eşələnib yeyiləcək nəsə axtarmaq səviyyəsinə eniblər.

Qaraqum səhrasında yeməkxana nişanı
Qaraqum səhrasında yeməkxana nişanı

Bir adamın doğrulmayan ümidi

Müəllifin fikrincə, məhz belə bir çətin durumda bir adam ölkəyə xaricdən gələcək böyük yardıma son günlərdə ümid bağlamışdı.

Aprelin 15-də Türkmənistanın iqtidaryönlü Orient.tm saytı yazırdı ki, Avropa İttifaqı ehtiyac içində yaşayan ölkələrə 20 milyard avroluq (22 milyard dollar) yardım paketi hazırlayır. Bu yardım koronavirus epidemiyasından əzab çəkən ölkələrə, həm əhalinin sağlamlığının qorunması, həm də iqtisadi problemlərin çözülməsi üçün verilməlidir.

Amma indi məlum olur ki, yardım alacaq ölkələrin sırasında Türkmənistan yoxdur.

Xəbərlərə görə, Avropa İttifaqının yardım paketindən Qırğızıstana 36 milyon, Tacikistana 48 milyon, Özbəkistana isə 36 milyon avro pay düşəcək.

Niyə bu siyahıda Qazaxıstanla yanaşı Türkmənistan da yoxdur?

Avropa İttifaqı bildirir ki, bu ölkələrin təqdim etdiyi iqtisadi rəqəmlər onlara belə bir yardımın göstərilməsinə imkan yaratmır.

Brüssel maliyyə yardımının göstərilməsi üçün Dünya Bankının kriteriyalarına əsaslanır.

Dünya Bankına təqdim olunmuş məlumatlar əsasında və adambaşına düşən ümumi milli gəlirə görə isə Qazaxıstan və Türkmənistan “yuxarı-orta gəlirli ölkələr” kateqoriyasına salınıb.

Bu isə o deməkdir ki, bu ölkələrdə adamların orta illik gəliri 4086 - 12,615 dollar arasındadır.

Üstəlik xaricdəki türkmən dissidentlər bildirirlər ki, Türkmənistan hökuməti ölkədə illik orta əməkhaqqının 7065 dollar olduğunu göstərib.

Aşqabadın "Cənnət" marektində növbə
Aşqabadın "Cənnət" marektində növbə

Türkmən manatı

Türkmənistandan qaçaq düşmüş siyasi fəalların “Hornika Turkmenistana” saytı yazır ki, ölkə hökumətinin qoyduğu rəsmi məzənnəyə görə 1 dollar 3.5 manata bərabərdir. Halbuki qara bazarda dolları bundan iki dəfə baha almaq olur. Hökumət əgər hər şeyi bu məzənnə ilə ölçsəydi, onda illik orta əməkhaqqı 1200 dollar olmalıydı.

Pannier yazır ki, Türkmənistan beynəlxalq təşkilatlara ölkə barədə real rəqəmləri göstərsəydi, onda “aşağı-orta gəlirli” kateqoriyaya salınacaq və Avropa İttifaqının milyonlarından ona da pay düşəcəkdi.

Axı, ölkədə ərzaq çatışmazlığı artıq 2016-cı ildən başlanıb. Həm də elə o vaxtdan Türkmənistan sərhədlərində İran və Qazaxıstandan ərzaq gətirən yük maşınlarının uzun növbələri düzülür.

Lakin bütün bunlara da baxmayaraq hökumətin ölkənin iqtisadi vəziyyəti barədə saxta məlumatları onu Avropa İttifaqının çoxmilyonluq yardımından məhrum eləməzdi, əgər koronavirus barədə sonuncu yalan olmasaydı.

Türkmənlərə “koronavirus” sözünü işlətmək qadağan edilmişdi

AzadlıqRadiosunun Türkmən xidməti yazır ki, indi polisə paytaxt Aşqabadın küçələrində, bazarlarda, avtobus dayanacaqlarında, məktəblərdə adamların hərarətini ölçmək göstərişi verilib. Amma problem bundadır ki, polisin heç termometrləri də yoxdur.

Hökumət polislərdən termometrləri öz ciblərinin pulu ilə almağı tələb edir.

Halbuki bundan iki həftə əvvəl, ölkə prezidenti koronavirus sözünü qadağan etmiş, bütün idarə və müəssisələrə “el qaydası” ilə üzərlik yandırmaq göstərişi vermişdi.

Küçədə dilinə koronavirus sözü gətirəni həbs edə bilərdilər.

Panierin yazdığına görə, ola bilsin, Avropa İttifaqının Almaniya banklarındakı 24-25 milyard dollarlıq müəmmalı əmanətlərdən də xəbəri var. Bəzi məlumatlara görə bu pullar kimliyi bilinməyən bəzi Türkmənistan vətəndaşlarının hesablarındadır.

Qürur qəbul eləmir

Lap bu yaxınlarda, aprelin 6-da ABŞ-ın Aşqabaddakı səfirliyinin verdiyi bəyanatda onlarca amerikalının öz vətənlərinə qayıtmasına kömək etdiyinə görə Türkmənistan hökumətinə təşəkkür bildirilirdi.

Bəyanatda bu da qeyd olunurdu ki, Birləşmiş Ştatlar COVID-19 epidemiyası ilə mübarizə üçün Aşqabada 920 min dollarlıq yardım göstərib.

Bu pullar laboratoriya sistemlərinə, epidemiyaya qarşı mübarizə avadanlığına, tib personalına xərclənmək üçün verilib.

Bəyanatda bu da vurğulanırdı ki, ABŞ son 20 ildə Türkmənistanın səhiyyə sisteminə 21 milyon dollarlıq investisiya qoyub və bu, Vaşinqtonun Türkmənistana ümumilikdə 201 milyon dollarlıq investisiyasının yalnız bir hissəsidir.

Lakin Türkmənistan Xarici İşlər Nazirliyi dərhal ABŞ-ın bu bəyanatını təkzib edən açıqlama verib və məlumatların “saxta” olduğunu iddia edib.

Türkmənistan tərəfinin bəyanatında bircə bu əlavə edilirdi ki, Aşqabad ümumi dəyəri 3.5 milyard dollar olan 160 layihənin icrası üçün ABŞ şirkətləri ilə müqavilələr bağlayıb.

XS
SM
MD
LG