Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:38

'Müsəlman kimi geyinməli oluram': Talibanın dini azlıqlara qadağaları


Əfqan sikh ailəsi, arxiv fotosu
Əfqan sikh ailəsi, arxiv fotosu

2021-ci ildə Taliban hakimiyyəti ələ keçirəndə Əfqanıstanın müsəlman olmayan dini azlıqlarının yoxa çıxacağı sarıdan narahatlıq yaranmışdı.

İki il sonra bu narahatlıqlar reallaşmağa başlayır. Əfqanıstanın yəhudi olduğu bilinən sonuncu sakini Talibanın hakimiyyətə qayıtmasından az sonra ölkəni tərk edib. Sikh və hinduist icmalarının da kiçilərək bir ovuc ailədən ibarət olduğu düşünülür.

“Heç yerə sərbəst gedə bilmirəm”

Talibanın hakimiyyəti dövründə sikhlər və hinduistlər həyatın müxtəlif sahələri, o cümlədən zahiri görkəmləri ilə bağlı sərt məhdudiyyətlərlə üzləşiblər. Onlara dini bayramlarını ictimaiyyət arasında qeyd etmək yasaqlanıb. Nəticədə bir çoxlarının vətənlərini tərk etməkdən başqa seçimi qalmayıb.

"Heç yerə sərbəst gedə bilmirəm. Çölə çıxanda müsəlman kimi geyinməyə məcbur oluram ki, sikhə oxşamayım”, – paytaxt Kabildə yaşayan sonuncu sikhlərdən biri olan Fari Kaur AzadlıqRadiosunun Radio Azadi xidmətinə deyib. Taliban bütün qadınlara bədəni tam örtən burka geyinməyi və ya niqab taxmağı əmr edib.

Kaurun atası 2018-ci ildə ölkənin şərqindəki Cəlalabad şəhərində sikh və hinduları hədəfə alan kamikadze hücumunda öldürülüb. Bu hücumdan sonra 1500-dək sikhin ölkəni tərk etdiyi bildirilir. Kaurun anası və bacısı da onların arasında olub.

Ancaq Kaur vətənini tərk etməkdən imtina edib. O, atasının arzusunu yerinə yetirmək, məktəbi bitirmək üçün Kabildə qalıb.

Seçim qalmayıb

2020-ci ilin martında “İslam dövləti – Xorasan” islamçı terror təşkilatının yaraqlıları Kabildə bir sikh məbədinə hücum edərək 25 dindarı öldürüb. Bu hücumdan sonra azlığın Əfqanıstanda qalan son üzvlərinin də çoxu ölkəni tərk edib.

Kaur bu dəfə də getməkdən imtina edib. Ancaq indi, Talibanın hakimiyyəti ələ keçirməsindən iki il sonra o deyir ki, dini azadlığın olmaması xaricdə sığınacaq axtarmaqdan başqa seçim qoymayıb.

"Talibanın hakimiyyətə qayıtmasından sonra biz öz əsas bayramlarımızı qeyd etməmişik. Əfqanıstanda icmamızın çox az üzvü qalıb. Heç məbədlərimizə qulluq edə də bilmirik”, – o söyləyir.

1980-ci illərdə Əfqanıstanda 100 minədək hinduist və sikh olub. Ancaq onların çoxu 1979-cu il müharibəsi və təqiblər nəticəsində ölkədən getməyə məcbur qalıblar.

1990-cı illərdə vətəndaş müharibəsi zamanı Taliban və ona rəqib islamçı qruplar azlıqları qoruyacaqlarına söz verdilər. Ancaq sikh və hinduların çoxu evlərini və qazanc yerlərini itirərək Hindistana qaçmalı oldular.

Sarı nişan və digər qadağalar

İlk dəfə hakimiyyətdə olduğu 1996 – 2001-ci llərdə Talibanın ölkədə yaşayan sikh və hinduistlərin sari nişan taxmalı olduğunu elan etməsi dünya ictimaiyyətini çox qəzəbləndirmişdi.

Taliban sikh və hinduistlərə yeni məbədlər tikməyi yasaqlamış, onları cizyə vergisi ödəməyə məcbur etmişdi. Cizyə orta əsrlərdə müsəlman hakimlərin qeyri-müsəlman təbəələrini ödəməyə vadar etdiyi vergi növüdür.

2021-ci ildə ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın ölkəyə müdaxiləsindən sonra sikh və hinduistlərə ölkənin digər sakinləri ilə eyni haqlar və parlamentdə yerlər verilib.

2021-ci ildə hakimiyyəti yenidən ələ keçirən Taliban ölkənin qeyri-müsəlman sakinlərinin qorxularını sakitləşdirməyə çalışdı. Yaraqlılar sikh və hinduist məbədlərinə gedərək icmanın qalan azsaylı üzvlərini niyyətlərinin əmin-amanlıq və rifah olduğuna inandırmağa çalışmışdılar.

Ancaq Talibanın sikh və hinduistləri hədəfə alan amansız qadağaları bir çoxlarını vətənlərini tərk etməyin yollarını axtarmağa məcbur etdi.

Əfqanıstan sikh və hinduistlərinin çoxu vətənlərini tərk edəndə Hindistana köçür. Ancaq burada onların əksəriyyəti ömrünü yoxsulluq içində keçirməli olur.

“Bizi öldürürdülər”

"Ölkəmizi son dərəcə çarəsiz durumda olduğumuz üçün tərk etmişik”, – bir neçə il əvvəl arvadı və iki oğlu ilə birlikdə Əfqanıstanı tərk edən 57-yaşlı sikh Çabul Singh deyir.

İndi ailə Hindistanın paytaxtı Nyu Dehlinin ətrafında yaşayır. Singh və gənc oğulları gündəlik dolanışıqlarını təmin etmək üçün qara fəhləliklə məşğul olurlar.

"Əfqanıstanda çalmamız bizi ələ verirdi və həm Taliban, həm də Daeş (“Xorasan İslam Dövləti” nəzərdə tutulur) bizi öldürürdü”, – o, Radio Azadi-yə deyib. Sikhlər kəsə bilmədikləri saçlarını büküb çalmanın altına yığırlar.

Ailəsinin Hindistanda əziyyətlə yaşamasına baxmayaraq, Singh deyir ki, Əfqanıstana qayıtmaq seçim deyil.

"Əfqanıstanda müsəlman qardaşlarımız tez-tez soruşurdular ki, siz niyə Hindistandan gəlmisiniz. Burada, Hindistanda isə bizdən soruşurlar ki, niyə Əfqanıstana qayıtmırsınız”, – o bildirir.

Talibanın idarəçiliyi dövründə Əfqanıstanda dini azlıqlar, o cümlədən hinduist, sikh, bəhai, xristian, əhmədi və şiə müsəlmanların durumu kəskin pisləşib. Bunu Vaşinqtonda fəaliyyət göstərən qeyri-kommersiya təşkilatı Müsəlman İctimai Əlaqələr Şurasının (Muslim Public Affairs Council) siyasət və strategiya proqramının direktoru Niala Mohammad deyir.

"Taliban kimi İslamı təmsil etdiklərini iddia edən siyasi ekstremist qruplaşmaların bölgədə hakimiyyətə gəlməsi ilə vəziyyət pisləşməkdədir. ...Müxtəlif dini qrupların getməsi ölkənin sosial strukturunda boşluq yaradıb”, – bundan öncə ABŞ Beynəlxalq Dini Azadlıqlar Komissiyasının Cənubi Asiya təhlilçisi olan Mohammad söyləyir.

XS
SM
MD
LG