Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Tarantinonun doqquzuncu filmi haqda bilməli olduğunuz hər şey


Quentin Tarantino
Quentin Tarantino

Quentin Tarantino özünün ard-arda dördüncü tarixi bədii filmini çəkməklə bu mövzuya bağlılığını ortaya qoyub.

Tarantinonun “Bir zamanlar Hollivudda” (Once Upon a Time in Hollywood) adlı doqquzuncu filminin ilk treyleri ötən həftə çıxıb.

Film artıq bu yay kinoteatrlara çıxmağa hazırdır. “Dbknews.com” saytı film haqda bilməli olduğunuz şeylərdən yazır.

GÖZƏL GÖRÜNTÜ, MUSİQİ...

Hollivud (“Hollywood”) filmində hadisələr kino, mədəniyyət və musiqi üçün böyük əhəmiyyət kəsb edən, çox zaman əyləncə industriyasında dönüş nöqtəsi sayılan 1969-cu ildə cərəyan edir.

1969-cu il orta istehlakçının bəyəndiyi musiqi və kino tipinin dəyişdiyi il hesab olunur. Woodstock (Vudstok) musiqi festivalından “Əhlikef sürücü” (Easy Rider) filminədək hər şey insanların kinoya baxmaq mədəniyyətini və tərzini həmişəlik dəyişən 1970-ci illər dalğasının gəlişini müjdələyirdi.

“Hollywood” filmi bu məsələni onilliklərin qovşağında karyerası ölməkdə olan aktyor (bu rolu Leonardo DiCaprio oynayır) və onun dublyorunun (Brad Pitt) baxış bucağından işıqlandırmağa çalışır.

DiCaprio və Pitt filmdə real olmayan personajları oynayırlar. Treylerdə çox az görünsələr də, artıq onların birgə işində aralarındakı elektriki və kimyəvi reaksiyanı hiss etmək mümkündür.

Treylerdə onlardan başqa Sharon Tate (Margot Robbie), Bruce Lee (Mike Moh) və Charles Manson (Damon Herriman) da görünür. Üstəlik, bunlar “Hollivud” filmində görünən real insanlardan yalnız bir neçəsidir.

Kino ekspertləri filmdə DiCaprio və Pitt-in oynadığı surətlərə epizodik yanaşılacağını, əsas diqqətin 1960-cı illərin məşhur kino əfsanələrinə çevriləcəyini proqnozlaşdırırlar.

Filmin həm musiqisinin, həm də görüntünün çox gözəl olduğu indidən bilinir. Margot Robbie və Sharon Tate arasında ideal oxşarlıq yaradılıb. Spoyler olsa da, bunu demək lazımdır: Manson ailəsinin Tate-i öldürməsi səhnəsi çox güman ki, son dərəcə zorakı, qanlı və ağır olacaq.

Tarantino heç vaxt qanlı səhnə çəkmək fürsətini əldən verməz. Onun populyar mədəniyyətin tarixinə həvəsi sonsuzdur. “Şərəfsiz əclaflar” (“Inglourious Basterds”) filminin finalında isə o, həqiqətlə əyləncəni necə gözəl tarazlaşdıra bildiyini çox yaxşı göstərməyə nail olub.

DiCaprio-nun ən yaxşı performanslarından biri Tarantinonun “Zəncirsiz Canqo” (“Django Unchained”) filmindədir. “Şərəfsiz əclaflar” filmində Pittin oyunu son dərəcə əyləncəlidir.

TƏNQİDÇİLƏRİ DƏ ƏLİNDƏ SAXLAYA BİLİB

Onlardan başqa, “Hollivud” filminin IMDb səhifəsində Tarantino ilə tez-tez əməkdaşlıq edən aktyorlardan ikisi - Tim Roth və Michael Madsenin adları da var.

Maraqlıdır ki, aktyor siyahısında əvvəllər heç vaxt Tarantino ilə işləməmiş Al Pacino-nun da adı var. Yəqin ki, ulduzlar toplusu pop mədəniyyəti, musiqi və kino tarixində bu qədər maraqlı, mühüm iz qoymuş ili əks etdirməyə ən çox gərəkən amildir.

Tarantino əvvəllər dəfələrlə yalnız 10 film çəkmək niyyətində olduğunu deyib. “Once Upon a Time in Hollywood” onun sayca doqquzuncu filmi və güman ki, işlərini böyük ekranda görməyə sondan ikinci imkandır.

Filmdən kadr
Filmdən kadr

Tarantinonu sevsəniz də, sevməsəniz də, o, az qala otuz il ərzində həm tənqidçiləri, həm də kassa uğurunu əlində saxlaya bilmiş rejissordur.

O, hər filminə çoxlu vaxt və zəhmət sərf edib. Yalnız 10 film çəkmək niyyətini isə hər filmi mümkün qədər yaxşı çəkmək arzusu ilə izah edib. İşinə sonsuz sevgi ilə yanaşan rejissorun yalnız iki filmini görməyimiz qalıb.

Tarantino pərəstişkarları bu yeni filmi səbirsizliklə gözləyəcək və başqalarını da ona baxmağa həvəsləndirəcəklər. Gözəl musiqi, görüntü, set dizaynı, kəskin dialoqlar və Amerika pop mədəniyyəti tarixinin dönüş nöqtəsinə maraqlı sevgi məktubu tamaşaçıları gözləyir.

XS
SM
MD
LG