Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:39

Dalandarın öldürülməsi İran liderinin 'gərəkərsə, atəş aç' fikrinə diqqət çəkir


Şəhər işçisi Tehranda küçə süpürür.
Şəhər işçisi Tehranda küçə süpürür.

İranlılar Tehranda bir gənc əfqan təmizlikçinin öldürülməsini hökumətin "gərəkərsə, atəş aç" yanaşması ilə əlaqələndirirlər. Belə yanaşma o deməkdir ki, hökumət rejim dəstəkçilərinin İslam inqilabının müdafiəsi üçün təşəbbüsü öz əllərinə almalarına icazə verir.

Adının Elias Məhəmmədi olduğu bildirilən dalandar - küçə süpürgəçisi fevralın 9-u səhərin erkən saatlarında körpüdən atılaraq öldürülüb.

"Ən güvənsiz peşə"

Hücumla bağlı həbs olunan və adı açıqlanmayan kişi İran mediasına Məhəmmədinin inqilabın 45-ci ildönümü münasibətilə ucaldılan bayraqları "təhqir etmək" istədiyindən belə davrandığını söyləyib.

İranın Ali Dini Rəhbəri Əli Xameneinin rejim tərəfdarlarına hərəkət azadlığı verməsindən illər sonra baş verən bu cinayət hətta adi vətəndaşların da risk qarşısında olmasından xəbər verir.

"Küçə süpürmək, bəlkə də, Tehranda ən güvənsiz peşədir", - islahatçı "Etemad" qəzeti fevralın 27-də belə yazıb.

İsveçdə yaşayan iranlı insan hüquqları müdafiəçisi Moin Xəzaeli Məhəmmədinin ölümünün "gərəkərsə, atəş aç" davranış və düşüncəsi təbliğinin birbaşa nəticəsi olduğunu yazıb.

Əli Xamenei
Əli Xamenei

"Döyüş meydanında deyildi kimi…"

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifinin yazısında göstərilir ki, Xamenei bu yanaşmaya ilk dəfə 2017-ci ilin iyununda xeyir-dua verib. O, rejim tərəfdarlarını "yumşaq savaşın zabitləri" adlandıraraq onların İslam respublikasının ideologiyasını həyatda istədikləri kimi tətbiq etməkdə sərbəst olduqlarını deyib.

"Hər kəs müstəqil çalışmalıdır. Döyüş meydanında deyildiyi kimi, "gərəkərsə, atəş aç"", - Xamenei Tehranda universitet tələbələri qarşısında çıxış edərkən belə deyib.

Hökumətin qadınların hicab taxması tələbini daha da sərtləşdirməsi fonunda adi vətəndaşların küçədə başını bağlamayan qadınlara xəbərdarlığı, hətta onlara hücum etməsi halları qeydə alınıb.

"Əfqan dalandarın qorxunc qətli Xameneinin edamları nəticəsində öldürülənlər qədər narahatedicidir", - iranlı fəal, 2012-ci ildə həbsxanada həyatını itirən siyasi məhbus Səttar Beheştinin anası Gövhər Eşqinin yazdığı sözlərdir.

Antiəfqan ovqat qızışır

Məhəmmədinin qətli eyni zamanda İranda antiəfqan ovqatının qızışması fonunda baş verir. Son həftələrdə, əsasən, anonim hesablardan fars filində həştəqlə "əfqanların ölkədən çıxarılması" və "milli tələb" adlandırılan paylaşımlar yayılır.

İranda əfqan mühacirlər
İranda əfqan mühacirlər

Hökumət qurumlarının bilgisinə görə, İranda təxminən 5 milyon əfqan vətəndaşı sənədsiz və qanunsuz yaşayır. Hökumət onları deportasiya etməyə söz verib. Ötən ilin noyabrından bəri 400 mindən çox əfqan mühacir ölkədən çıxarılıb.

İranın 31 əyalətinin 16-da əfqan miqrantlara yaşamaq, çalışmaq və səyahət etmək yasaqlanıb.

Ötən ilin avqustunda əfqan vətəndaşı olduğu müəyyənləşdirilən bir şəxsin Fars əyalətinin Şiraz şəhərində bir şiə məbədinə hücumundan sonra İran hökuməti məhdudiyyətləri artırıb. 13 nəfərin ölümünə yol açan həmin hücuma görə məsuliyyəti "İslam Dövləti" ekstremist təşkilatı öz üzərinə götürmüşdü.

Bu insidentdən sonra İran hökuməti xarici vətəndaşların məbədin yaxınlığında yaşamasını yasaqlayıb. Ancaq bununla bağlı dərc edilən direktivdə xarici vətəndaşları göstərmək üçün fars dilində "atba" terminindən istifadə edilir. Bu terminsə, əsasən, əfqanları nəzərdə tutan evfemizmdir.

Son aylarda İranda yaşayan əfqan mühacirlər AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə get-gedə daha çox təhqir olunduqlarından şikayətləniblər.

Milyonlarla əfqan qaçqına ev sahibliyi etsə də, İranın hökumət qurumları beynəlxalq təşkilatlardan çox az maliyyə dəstəyi aldıqlarını deyirlər.

XS
SM
MD
LG