Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:42

Tələbələrin təqaüdündən qanunsuz tutulmalar var?


Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Azərbaycandakı ali məktəb tələbələrindən təqaüdlərindən hər ay tutumlarla bağlı şikayətlər eşidilir. Bəzi tələbələr şikayətlənir ki, hər ay onların razılığı olmadan bir neçə manat təqaüdlərindən tutulur. Onların sözlərinə görə, bu pulun Tələbə Həmkarlar İttifaqı üçün yığıldığı iddia olunur.

"Heç bir ərizə və ya razılıq..."

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kursunda təhsil alan, amma təhlükəsizliyi ilə bağlı adının açıqlanmasını istəməyən bir tələbə də deyir ki, aylıq təqaüdü 100 manat olsa da, hər ay 97 manat alır: "Pul birbaşa təqaüd kartından tutulur. Deyilənə görə, bu vəsait Tələbə Həmkarlar İttifaqı Komitəsinə gedir. Amma mən bu pulun məndən tutulması ilə bağlı heç bir ərizə və ya razılıq imzalamamışam".

O vurğulayır ki, nə özü, nə də yaxın tələbə yoldaşları bir dəfə də olsun hər hansı məsələyə görə yardım üçün oxuduğu universitetin Həmkarlar İttifaqı Komitəsinə müraciət etməyiblər.

Tələbələr: 'Bizim təqaüdümüzdən niyə pul çıxılmalıdır?'
Gözlə

No media source currently available

0:00 0:06:28 0:00

Azərbaycanda hazırda bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə 175, 71–100 olanlara 145, 51–100 olanlara isə 100 manat təqaüd verilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin əyani şöbələrində 182 min 121 tələbə təhsil alır. Onlardan 100 min 719 nəfəri təqaüdlə təmin edilir.

"Tələbələrin razılığı olmasa..."

Şikayətə, hələlik, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma həmin ali məktəbin Tələbə Həmkarlar İttifaqı Komitəsindən "Turan"a bildirilib ki, tələbələrin razılığı olmasa, onlardan heç kimin təqaüdündən üzvlük alınmır: "Həmkarlar İttifaqına üzv olan tələbələrin üzvlük haqqı var. Həmin üzvlük haqqı onların yataqxana, yeməkxana, nəqliyyat xərclərinin qarşılaması üçün istifadə olunur. Üzvlük haqqı tələbənin təhsil aldığı müddətdə təqaüdünün 2 faiz miqdarında tutulur".

Elm və Təhsil Nazirliyindən isə agentliyə deyilib ki, tələbələrin təqaüdündən heç bir vergi tutulmur.

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

"Tələbələrin minimum aylıq təqaüdü 300 manat olmalıdır"

Təhsil eksperti Nabatəli Qulamoğlu mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib ki, qanunla tələbə həmkarlar ittifaqına üzvlük azaddır: "Əgər kimisə məcburi şəkildə üzv edirlərsə və onun təqaüdündən pul tuturlarsa, mən həmin tələbələrə məsləhət görərdim ki, məhkəməyə müraciət etsinlər".

Ekspert birbaşa tələbələrin təqaüdündən pulun tutulmasına inanmadığını deyir: "Çünki bu, qanun pozuntusudur. Birbaşa tələbənin təqaüdündən pulu həmkarlar ittifaqına köçürmək qanunaziddir. Amma ola bilər ki, təqaüd veriləndən sonra tələbəyə desinlər ki, 3 manat həmkarlar ittifaqına ver. Yaxud da tələbəyə ərizə yazdırıb təqaüddən pul köçürə bilərlər".

N.Qulamoğlu hesab edir ki, Azərbaycanda tələbələrə verilən təqaüdün məbləği qənaətbəxş deyil: "Hazırkı inflyasiya dövründə təqaüdlər tələbələrin yolpuluna, yüngül qəlyanaltı etməyə çatır. Ümumiyyətlə isə, düşünürəm ki, təqaüd tələbələrin bilik səviyyəsinə görə verilməlidir. Hazırda tələbələrin minimum aylıq təqaüdü 300 manat olmalıdır".

XS
SM
MD
LG