Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:27

Dövlət ən çox SOCAR-ın borcunu ödəyib


SOCAR
SOCAR

Hesablama Palatasının ötənilki dövlət büdcəsinin icrası barədə rəyində "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"ndan vəsait istifadəsinə dair göstəricilərə də yer verilib. Aydın olur ki, fond ötən il 1 milyard 215 milyon manat, 58 milyon dollar və 29.8 milyon avro, yəni toplam 1 milyard 374 milyon manat xərcləyib. Adıçəkilən Təminat Fondu dövlət zəmanəti ilə götürülən borc öhdəliklərinin ödənilməsi üçün yaradılıb. Fondun ötənilki xərclərinin 880 milyon manatı dövlət büdcəsinə transferlərdir. Daha 493.6 milyon manat bir sıra dövlət müəssisəsinin dövlət zəmanəti ilə alınmış borclara görə üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən ödənilib. Sual doğur: Fond ən çox hansı dövlət şirkətinin borclarını ödəyib?

Ən çox SOCAR-ın borcları ödənilib

Hesablama Palatasının açıqladığı rəqəmlərə görə, ötən il Təminat Fondu hesabına ən çox Dövlət Neft Şirkətinin (SOCAR) borcları ödənilib – 215.1 milyon manat. Ən çox borcu ödənilən ikinci qurumsa "Aqrarkredit" QSC-dir. 2021-ci ildə adıçəkilən fond hesabına bu qurumun 120 milyon manatlıq borcu ödənilib. Növbəti ən çox borcu ödənilən dövlət şirkəti "Azərenerji" ASC-dir. Ötən il "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu" hesabına həmin qurumun 101.2 milyon manatlıq borc öhdəliyi ödənilib.

Təminat Fondu hesabına ən çox borcu ödənilən dördüncü şirkət "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dir. Ötən il fond AZAL-a məxsus 34.8 milyon manat borcu ödəyib. "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu" hesabına ən çox borcu ödənilən qurumlar arasında "Azərişıq" (22.5 milyon manat) da var. Azərbaycanda dövlət şirkətlərinin səmərəsiz fəaliyyəti uzun müddətdir müzakirə mövzusudur. Əksər dövlət qurumları büdcəyə dividend ödəyib pul qazanmaq yerinə hər il dövlət büdcəsi hesabına borclarını ödəməklə xərcləri çoxaldır. O biri yandan, bu qurumların əksəriyyəti böyük zərərlə işləyir. Müstəqil ekspertlər dövlət şirkətlərinin bu səmərəsiz fəaliyyətini ölkədə biznes mühitinin əlverişli olmaması, dövlət qurumlarına nəzarətin, eləcə də şəffaflıq və hesabatlılığın yetərsizliyi ilə əlaqələndirirlər.

Ötən il ərzində dövlət müəssisələri büdcəyə toplam 127 milyon manat dividend ödəyib. Halbuki, dövlət büdcəsinin bu tip gəlirlərlə bağlı proqnozu 168 milyon manat idi.

Belə çıxır ki, ötən il boyunca dövlət şirkətlərinin büdcəyə ödədiyi dividendlərin həcmi proqnozdan 41 milyon manat və ya 25 faizə yaxın az olub. Dövlət şirkətlərinin ödədiyi dividentlərlə bağlı daha bir məqam da diqqət çəkir. Büdcəyə ödənilən 127 milyon manatın 120 milyonu, yəni bütün dividendlərin 95 faizi bircə quruma – Azərbaycan Beynəlxalq Bankına aiddir. Ötən il iri dövlət şirkətlərinin ("Azərişıq", "Azərenerji", "Azərsu" və s.) dövlət büdcəsinə 46 milyon manat dividend ödəməsi proqnozlaşdırılsa da, sonda bu rəqəm cəmi 5 milyon manat olub. Başqa deyimlə, iri dövlət şirkətlərinin büdcəyə ödədiyi dividendlər proqnozdan doqquz dəfə geri qalıb.

"Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu" ötən il məzənnə fərqinə görə də itki yaşayıb. Belə ki, avronun manatla müqayisədə məzənnəsinin dəyişməsi ilin sonuna 2.1 mln. manat məbləğində mənfi məzənnə fərqi yaradıb.

Xarici borc azalsa da, daxili borc artıb

2021-ci ildə xarici dövlət borcu ilə bağlı əsas məbləğlərin ödənilməsinə 742.7 milyon manat sərf edilib. Palatanın rəyindən bu da aydın olur ki, ötən il daxili mənbələr hesabına borc alınan 800 milyon manat vəsait konvertasiya edilib və xarici dövlət borcunun əsas məbləğinin bağlanmasına yönəldilib. Yekunda xarici dövlət borcunun məbləği biröncəki illə müqayisədə 707 milyon dollar azalıb. Daxili borcların həcmində isə, əksinə, ciddi artım gözə çarpır. 2020-ci ilin sonu ilə müqayisədə daxili dövlət borcu 1 milyard 126 milyon manat artıb.

Xarici dövlət borcunun valyutalar üzrə təhlili göstərir ki, borcun 82 faizi dollar, 9.3 faizi Xüsusi Borclanma Hüququ (SDR), 5.2 faizi avro, 2.5 faizi yapon yeni ilədir. Xarici dövlət borcunun 45 faizinin ödənmə müddəti 10 ilədəkdir. Borcların 51.4 faizi 10-20 il arası, 4 faizə yaxını isə 20 ildən artıq müddətə götürülüb.

Xarici borcun icraçılarına gəlincə, qurumlar üzrə ilk yeri Maliyyə Nazirliyi tutur. Bütün xarici dövlət borcunun 40 faizə yaxınını Maliyyə Nazirliyi cəlb edib. Ardınca Dövlət Avtomobil Yolları Agentliyi gəlir. Mövcud xarici borc portfelində agentliyin payı 30.6 faizdir. "Azərsu", "Azərbaycan Dəmir Yolları", "Meliorasiya və Su Təsərrüfatı" ASC və Kənd Təsərrüfatı Nazirliyi də xarici dövlət borcunun əsas icraçıları arasındadır.

XS
SM
MD
LG