Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:27

Hüquqşünas İlham Aslanoğlu yenidən həbs edilib


İlham Aslanoğlu
İlham Aslanoğlu

"Tərtər işi"nin ictimai tədqiqatı ilə məşğul olan hüquqşünas və fəal İlham Aslanoğlu (Təhməzov) iyunun 9-da Yevlax rayon Məhkəməsinin hökmü ilə 6 ay azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib.

Bu barədə onun vəkili Hüseyn Abbasov bildirib. Onun sözlərinə görə, Aslanoğlu vətəndaş Yeganə Ələkbərovanın fərdi cinayət ittihamı qaydasında verdiyi şikayət əsasında mühakimə olunub.

Vəkil qeyd edib ki, məhkəmə prosesi mayın 10-da başlayıb və cəmi dörd iclas keçirilib: "Prosesdə nə mənim, nə də Aslanoğlunun vəsatəti təmin edildi".

İttihamçı "AzerFreedomTV" YouTube kanalında canlı yayım zamanı təhqir olunduğunu hesab edib. Linqvistik ekspertiza təqsirləndirilən şəxsin əleyhinə rəy verib. Müdafiə tərəfi isə orada heç bir təhqir olmadığını bildirərək təkrar ekspertiza haqqında vəsatət versə də, məhkəmə bunu təmin etməyib.

Aslanoğlu "Tərtər işi"ndə hərbiçilərə, mülki şəxslərə işgəncə verildiyini bildirib, zərərçəkmiş olduğunu söyləyən və işə aidiyyəti olan bəzi insanlarla müsahibələr yayıb.

'Tərtər işi'ndə narazılıqlar: 'İstintaq qrupundan tələb edirik ki, bu işləri düzgün, qanuni aparsın'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Bundan əvvəlki həbsi…

Bundan əvvəl Aslanoğlu "Tərtər işi" ilə bağlı açıqlamaları ilə əlaqədar bir dəfə də həbs edilib. Bu il yanvarın 28-də Yevlax rayon Məhkəməsi onu CM-in 147.2-ci (ağır cinayət törətmək haqqında böhtan) maddəsi ilə təqsirli bilib və 5 ay müddətinə azadlıqdan məhrum edib. İş üzrə iddiaçı qismində isə 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində həlak olan Vasif Quliyevin atası Tahir Quliyev çıxış edib. İddiaya Aslanoğlunun Quliyevin 2017-ci ildə "Tərtər işi" üzrə istintaq zamanı işgəncə verildiyi bildirilən baş leytenant Adil Sabirlinin ölümündə əli olduğu barədə səsləndirdiyi fikirlərinin səbəb olduğu deyilir. Bu zaman Aslanoğlunun Sabirlinin atasına istinad etdiyi vurğulanır. Amma müdafiə tərəfinin açıqlamasına görə, apellyasiya instansiyasında fərdi ittihamçı şikayətini geri çəkib və martın 5-də məhkəmə onu azad edib.

2021-ci ilin dekabrında Baş Prokurorluq "Tərtər işi" üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Prokurorluq sonra da məlumat yaymışdı ki, iş üzrə işgəncə şikayətləri ilə bağlı yeni həbs edilənlər var və zərərçəkənlərin sayı xeyli artıb.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi.

Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Saxlanan hərbi qulluqçuların yaxınları deyirdi ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, işgəncə nəticəsində ölənlərin bəzilərinə də sonradan bəraət verilib. (Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər. Amma bu, rəsmən təsdiqlənməyib)

XS
SM
MD
LG