Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

'Tərtər işi'ndə Hikmət Həsənovun köməkçisinin cəzası artırıldı


General Hikmət Həsənov
General Hikmət Həsənov

2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə işgəncələrdə adı hallanan əsas generallardan biri – o dövrdə korpus komandiri və olayların birbaşa iştirakçısı olmuş Hikmət Həsənovun özü məsuliyyətə cəlb olunmasa da, onun köməkçisi buna görə yenidən cəzalandırılıb. Korpusun hüquqşünası, eyni zamanda generalın hüquq məsələləri üzrə köməkçisi olmuş Fuad Ağayevə 13 il həbs cəzası kəsilib. Oktyabrın 31-də Bakı Hərbi Məhkəməsi F.Ağayev və bir ildən çoxdur onunla birlikdə mühakimə olunan daha dörd nəfər haqqında hökm çıxarıb.

F.Ağayev bundan öncə də Tərtər işgəncələrinə görə mühakimə olunub, 10 il həbs cəzası alıb. Bakı Hərbi Məhkəməsi əvvəlki cəzasını da birləşdirməklə, qəti olaraq, ona 13 il azadlıqdan məhrumetmə təyin edib. Oktyabrın 31-də elan olunan hökmdə göstərilib ki, cəzanın əvvəli 2017-ci ildən hesablanacaq.

Digər dörd təqsirləndirilən şəxslərdən gizirlər Cavid AğadadaşovQurban Cümşüdov da əvvəllər işgəncələrə görə mühakimə olunub, hər birinə 6 il həbs cəzası kəsilib. 2021-ci ildə "Tərtər işi" üzrə icraat təzələnəndən sonra onlar həbsdə ola-ola yenidən cinayət məsuliyyətinə cəlb olunublar. Oktyabrın 31-də hökmdə elan olunub ki, onların əvvəlki cəzası da birləşdirilməklə toplam 10 il azadlıqdan məhrum ediliblər. Ancaq əvvəlki 6 ili tam çəkdiklərinə görə 4 il cəza təyin olunub. Bu cəzanın da əvvəli 2023-cü ilin iyulundan hesablanıb. Deməli, C.Ağadadaşov və Q.Cümşüdovun cəzasının başa çatmasına 3 ildən də az vaxt qalıb.

Tərtərdə hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə rəisinin köməkçisi olmuş Ramil Əhmədova isə 9 il 6 ay həbs cəzası təyin edilib. Onun cəzası isə 2022-ci ilin avqustundan hesablanacaq.

Daha bir təqsirləndirilən Fuad Axundovun da əvvəlki cəzası nəzərə alınmaqla 9 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli 2018-ci ildən hesablanacaq.

Zərərçəkmişlərin qaldırdığı mülki iddialar təmin olunmayıb.

Zərərçəkmişlər hökmdən narazı qalıb, onlardan bir neçəsi AzadlıqRadiosuna apellyasiya şikayəti verəcəyini deyib. Zərərçəkmişləri narazı qalan əsas məsələlərdən biri Tərtər hadisələrində iştirakı olmuş yüksəkvəzifəli şəxslərin, hətta şahid qismində olsa belə, məhkəməyə çağırılıb dindirilməməsidir.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Tərtər işgəncələrində suçlanan mayor: 'Kiminsə yerinə cəza çəkmək istəmirəm'

2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verilərkən, hərbi hissənin şəxsi heyətlə iş üzrə bölmə rəisinin köməkçisi olmuş Ramil Əhmədov deyir ki, heç kimin əvəzinə cəza çəkmək niyyətində deyil. Onun sözlərinə görə, Tərtərdə yaşananlar yuxarı komandanlığın əmri əsasında gerçəkləşib.

"Əgər qanunsuzluq varsa, o zaman bizə əmr verənlər niyə burada yoxdur. Yox, qanunsuzluq yoxdursa, o zaman biz niyə buradayıq? Mən kiminsə yerinə cəza çəkmək istəmirəm, çəkməyəcəm də...", – R.Əhmədov oktyabrın 31-dəki məhkəmədə son sözündə belə deyib.

O, Tərtər işgəncələrinə görə daha dörd nəfərlə birlikdə mühakimə olunur. Onların arasında bu işgəncələrdə adı daha çox hallanan və olaylara birbaşa qatılan korpus komandiri, general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də var.

"Uzun danışmaq istəmirəm"

Korpusun hüquqşünası olmuş mayor F.Ağayevə prokuror 15 il həbs cəzası verilməsini istəyib. Oktyabrın 31-də o da son sözünü deyib: "Uzun danışmaq istəmirəm, ədalətli qərar verməyinizi istəyirəm. Başqa da sözüm yoxdur".

Təqsirləndirilən Qurban Cümşüdovun da son sözü qısa olub və o da bəraət istəyib.

R.Əhmədov daha ətraflı danışıb. Narazılıq edib ki, Tərtərdə yaşananlara görə bu gün məhkəmə qarşısında onlara əmr verənlər yox, onlar dayanıblar: "İttihamda yazılıb ki, guya mən rütbə və vəzifə qazanmaq üçün bu işləri görmüşəm. Mənim rütbəm ondan əvvəl də mayor idi, sonra da mayor qalıb. Belə çıxır ki, Azərbaycanda işgəncə verib, general rütbəsi alan adamlar var".

Digər iki təqsirləndirilən – Fuad AxundovCavid Ağadadaşov da ötən məhkəmə iclasında bəraət istəmişdi.

'Beş-altı qapazvuranı tutublar, sifariş verənlər qalıb qıraqda' – Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:12:34 0:00

"Qanunsuz işlər görürdüksə, onda niyə tutmurdular?"

Bu, F.Ağayev, Q.Cümşüdov və C.Ağadadaşovun Tərtər olaylarıyla bağlı üçüncü mühakiməsidir. Onlar da öncə iki dəfə məhkum ediliblər. Sonuncu dəfə Ağadadaşov və Cümşüdovun hərəsinə 6 il, F.Ağayevə isə 10 il həbs cəzası kəsilib.

2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlar haqqında yenidən cinayət işi başlanıb. Bu dəfə başqa zərərçəkənlərə qarşı işgəncə ittihamları ilə məhkəmə önünə çıxarılıblar.

Prokuror öncəki cəzaları nəzərə alınmaqla, yekun olaraq, F.Ağayevə 15 il, C.Ağadadaşov və Q.Cümşüdovun hərəsinə 13 il, F.Axundova 11 il, R.Əhmədova 10 il həbs tələb edib.

Bu məhkəmə prosesində 317 nəfər zərərçəkmiş qismində tanınıb. Üstəlik, işgəncələrdə həyatını itirmiş dörd nəfərin ailə üzvü də zərərçəkmişin hüquqi varisi qismində tanınıb.

Generalın köməkçisi ifadəsində bildirib ki, o dövrdə baş verən işgəncələrdən prokurorluqdan tutmuş, məhkəməyədək hamı məlumatlı idi. Döyülən, yarıçılpaq vəziyyətdə saxlanılan adamları polisdən hakimədək hər kəs görür, amma hamı susurdu.

"Burada mənə sual verirsiniz ki, "orada yarıçılpaq vəziyyətdə saxlanılan hərbçiləri görmüşünüz?". Bəli. Hətta o adamlar elə vəziyyətdə hakimin, müstəntiqin qarşısına da çıxarılıb. Onlar haqqında həbs qərarı da verilib. O vəziyyətdə Kürdəxanıya (Bakı İstintaq Təcridxanasına-red.), DTX-ya da aparılıb, Əgər qanunsuz işlər görürdüksə, onda niyə tutmurdular? O adamlar niyə gördükləri qanunsuzluğa susurdular? Demirdilər ki, bu insanları niyə belə vəziyyətə salıblar?", - F.Ağayevin sözləridir.

Xatırlatma

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra bütövlükdə 452 nəfər zərərçəkmiş qismində tanınıb. "Tərtər işi" azərbaycanlı hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq iddiaları və bu iddiaların araşdırılması zamanı hərbçilərə kütləvi işgəncələrin verilməsini nəzərdə tutur.

Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb edilənlərdən toplam üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Hər birində dörd nəfərin mühakimə olunduğu iki qrupun məhkəməsi yekunlaşıb. Onlara 4 il 10 aydan 9 il 6 ayadək həbs cəzası kəsilib. Özlərini təqsirli bilmədiklərindən onlar yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.

Verilən cəzanı çox yüngül sayan zərərçəkən tərəf də hökmdən narazı qalıb. Zərəçəkmişlərin fikrincə, ədalətli araşdırma aparılmayıb, Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanıblar.

XS
SM
MD
LG