Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:02

'Tərtər işi'ndə məhkəmədə işgəncələr haqqında eşidəndə huşunu itirdi


Onlarla hərbçi işgəncələrə dözməyərək tələb olunan ifadəni verməyə razılaşıb.
Onlarla hərbçi işgəncələrə dözməyərək tələb olunan ifadəni verməyə razılaşıb.

2017-ci ilin mayında Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər cəzaya məhkum edilib 2022-ci ilin dekabrında bəraət alan şəxslər hazırda zərərçəkmiş qismində məhkəməyə gəlib-gedir. Onlar həmin hadisələr zamanı hərbçilərə işgəncə verməkdə təqsirləndirilənlərin məhkəməsində 180 nəfərə yaxın zərərçəkən arasındadır.

Söhbət Tərtərdəki N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri olmuş Ruslan Mikayılov və üç gizirdən – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyevin məhkəməsindən gedir. Onlar ermənilərə casusluq şübhəsi ilə dindirməyə cəlb olunmuş hərbçilərə işgəncə verməkdə ittiham olunur. Cinayət işinin materiallarında iddia olunur ki, həmin hərbçilərdən bir neçəsi bu şəxslərin işgəncəsindən ölüb, bəziləri isə işgəncəyə dözməyərək intihar edib.

Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihamda göstərilib ki, dindirməyə cəlb olunan hərbçilərə qarşı borularla döyülmə, bədəndə siqaret söndürülməsi, plastik materialın əridilib onların üstünə tökülməsi, su çəlləyində boğulma, bədənin müxtəlif nahiyələrinə elektroşok verilməsi, butulka ilə zorlanma və başqa işgəncə metodlarından istifadə olunub. Nəticədə onlarla hərbçi işgəncələrə dözməyərək tələb olunan ifadəni verməyə razılaşıb.

"Sağlamlığım, illərim gedib, ailəm dağılıb"

Prokuror ittihamda yazılanları oxuyanda məhkəmə zalında olan zərərçəkmişlərdən Müşfiq Əhmədlinin vəziyyəti pisləşib, o, huşunu itirərək, yıxılıb. Məhkəmədə olan digər zərərçəkənlərin köməyi ilə o, zaldan çıxarılıb, kənarda ona yardım göstərilib.

Əhmədli 2017-ci ildə dövlətə xəyanət, döyüş növbəsi qaydalarını pozma və başqa ağır ittihamlarla həbs olunub, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə ona 16 il həbs cəzası kəsilib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlayıb. Lakin 2022-ci ilin dekabrında o, bəraət alaraq azadlığa buraxılıb.

O, kompensasiya tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə ona həbsdə olduğu hər aya görə 1000 manatdan olmaqla, 66 min manat mənəvi, 57 min 486 manat isə maddi (aylıq maaşı hesablanmaqla) təzminat – ümumilikdə 123 min 486 manat ödənilməsi barədə qərar çıxarıb. Maliyyə Nazirliyi bu qərardan apellyasiya şikayəti verib.

33-yaşlı Əhmədli AzadlıqRadiosuna bildirib ki, ona olunan əzabları, bu illərdə itirdiklərini heç bir məbləğ kompensasiya edə bilməz: "Mənim sağlamlığım, illərim gedib, ailəm dağılıb. Bunu mənə geri qaytara bilərlər? Bizə verilən işgəncələrin bir gününü demirəm, bir saatını öz balalarına rəva görməzlər. Amma haqqımızda elə rahat hökm verirdilər ki. Hamısı da bu gün öz vəzifələrindədir. Bunun harası ədalət oldu?!".

İşlər məhkəməyə hissə-hissə göndərilir

2021-ci ilin dekabrında Tərtər hadisələri ilə bağlı istintaqda icraat təzələnəndən sonra işgəncələrlə əlaqədar 20-yə yaxın adam cinayət məsuliyyətinə cəlb olunsa da, onların işi məhkəməyə hissə-hissə göndərilir. Lakin bu işlərin hamısına eyni məhkəmə və eyni hakimlər baxır. Bütün qrupların işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və iki hakiminin icraatındadır.

Hazırda məhkəmədə üç qrupun işi var. Bunlardan hər biri dörd nəfərdən ibarət olan iki qrup Tərtərdə, beş nəfərlik bir qrup isə eyni dövrdə Beyləqanda hərbçilərə qarşı törədilən işgəncələrdə ittiham olunur.

Yuxarı komandanlığı məsuliyyətdən kənarda saxlamaq üçün...

Təqsirləndirilən Ruslan Mikayılovun vəkili deyir ki, Tərtər hadisələrində ittiham olunan şəxslər eyni əməllərdə təqsirləndirilir, işlərinə eyni hakimlər baxır, lakin məhkəmələri ayrılıqda keçirilir. Vəkilin fikrincə, ya işlər eyni icraatda birləşdirilməli, ya da Bakı Hərbi Məhkəməsindən alınmalıdır: "Çünki eyni məhkəmə tərkibi bir iş üzrə hökm verəndə digər iş üzrə də onda əvvəldən fikir formalaşacaq, obyektiv olmayacaq".

Digər vəkil Türkel Süleymanlı hesab edir ki, yuxarı komandanlığı məsuliyyətdən kənarda saxlamaq üçün məhkəməyə göndərəndə işləri ayırıblar.

Prokuror isə bu fikirlə razılaşmır: "Bu cinayət işi geniş həcmlidir, çox epizodludur. Daha çevik baxılmasını, tezliyi təmin etmək məqsədilə ayrılıb".

Hakimlər də vəkilin etirazını baxılmamış saxlayıb.

İşgəncə ittihamı ilə məsuliyyətə cəlb olunanlar arasında hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Fuad Ağayev də var. Vəkillər bildirib ki, gizirlər özbaşına kiməsə işgəncə verə bilməzdi. Bu üzdən mütləq göstəriş verən şəxslər dindirilməlidir: "Fuad Ağayev qaranlıq məsələlərə, az da olsa, işıq sala biləcək şəxsdir, mütləq bu məhkəmədə dindirilməlidir".

Zərərçəkənlər də bu vəsatətlə razılaşıb. Hakimlər isə bu vəsatəti də baxılmamış saxlayıb və məhkəmə iştirakçılarına deyilib ki, gələcəkdə dindirmələrdə zərurət yaransa, onun çağırılması məsələsinə baxıla bilər.

İyunun 14-də Maşıyev və daha üç nəfərin məhkəməsində dindirmələr başlayacaq.

"Mən bunu deyəcəm"

Ötən məhkəmə iclasında təqsirləndirilən Ruslan Mikayılov bildirmişdi ki, onlar əmr icra ediblər və kimlərin əmrini icra etdiklərini də dindirmə zamanı açıqlayacaq. Bundan ötrü də məhkəmədə jurnalistlərin videoçəkiliş aparmasına icazə verilməsini istəyirdi: "Zərərçəkmişləri o cür bədbəxt ediblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada hansı nazirlərin, hansı generalların əli olub, bizə göstərişləri kim verib. Mən bunu deyəcəm. Ona görə xahiş edirəm, şərait yaradılsın, media nümayəndələri çəkiliş aparsın. Yoxsa bizim haqqımızda mənfi fikir formalaşdırılır".

Təqsirləndirilən dörd nəfərin hamısı – Maşıyev, Mikayılov, Əliyev və Qəhrəmanov bundan öncə bir dəfə elə Tərtərdəki işgəncələrə görə mühakimə edilib, 2019-cu ilin martında barələrində hökm də çıxarılıb. 2020-ci ildə azadlığa buraxılıblar və 44 günlük müharibədə iştirak ediblər. Bina görə sonradan onlar prezidentin sərəncamı ilə medallarla da təltif olunublar.

Şərti olaraq "Tərtər işi" adlandırılan cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən bir müddət sonra bu şəxslər yenidən həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar) və başqa maddələri ilə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırlatma

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan artıq olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG