Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Tofiq Yaqubluya görə Əliyevə məktublar göndəriləcək


T.Yaqublu bu il martın 22-də saxlanıb.
T.Yaqublu bu il martın 22-də saxlanıb.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəkilləri onun haqqında həbs qərarı çıxarılan məhkəmə iclasının protokollarının saxtalaşdırıldığını iddia edir. Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi danışıb.

N.Həzi bildirir ki, Nizami rayon Məhkəməsinin atasının həbsi ilə bağlı qərarını alanda məhkəmədə səslənən fikirlərin təhrif olunduğu ortaya çıxıb. Onun sözlərinə görə, həbs qərarından verilən apellyasiya şikayətinə baxılması da bu üzdən yubanır: "Protokolların saxtalaşdırılmasıyla əlaqədar vəkil iradlarını yazıb, məhkəməyə qeydlər verib. Bildiyimizə görə, apellyasiya məhkəməsi də həmin qeydləri Nizami rayon Məhkəməsində qərarı çıxaran hakimə göndərib. Hakim öz rəyini bildirəndən sonra apellyasiya şikayətinə baxılacaq. Şikayət təxminən 15 gün əvvəl verilib".

N.Həzinin sözlərinə görə, "Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı gələn həftə T.Yaqublunun azadlığa buraxılması üçün kampaniyaya başlayacaq. Kampaniya müddətində müxtəlif ölkələrdən Azərbaycan prezidenti İlham Əliyevə məktublar göndəriləcək, T.Yaqublunu azad etmək tələb olunacaq.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsiylə suçlanır. Bu maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

İddia olunur ki, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. 8-ci kilometr bazarında park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublunun sözlərinə görə, o, avtomobili heç park olunmuş yerdən tərpətməyib. Digər maşın dayandığı yerdə onun avtomobilini vurub, sonra da düşüb gəlib şüşələrini sındırıb, səs-küy salıblar.

T.Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

T.Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində günahlandırılaraq 3 il həbsdə saxlanıb. O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın mitinqində də 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi.

Daxili İşlər Nazirliyi isə işgəncələr haqda deyilənlərin böhtan olduğunu bəyan edib.

XS
SM
MD
LG