Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

Tovuzda 11 illik məktəbi 9 illiyə çevirib kəndliləri narazı salıblar


Azərbaycanda kənd məktəbi (arxiv fotosu).
Azərbaycanda kənd məktəbi (arxiv fotosu).

"11 illik məktəbi 9 illiyə çevirirlər. Deyirlər, ‘uşaqlarınız gələn ildən qonşu kəndə gedəcək’. Qonşu kəndlə aramız 8 kilometrdir. İstədikləri, məqsədləri nədir, bilmirik. Bildiyimiz odur ki, təhsilsiz nəsil yetişəcək".

“HÖKUMƏT BU QƏRARI VERƏNDƏ NƏ DÜŞÜNÜB”

Tovuzun Alakol kəndinin sakinləri narahatdır. Söhbət ondan gedir ki, kənddəki 11 illik tam orta məktəbi 9 illik natamam orta məktəbə çevirirlər.

Buna da bax:​ Qonşu kəndə çantası belində gedən Adnalı uşaqları

Sakinlərsə hökumətin bu qərarı ilə razılaşmırlar. Məsələn, Sayatxanım Əliyeva AzadlıqRadiosu-na danışır ki, 4 övladı kənd məktəbində təhsil alır. Böyük övladı 9-cu sinifdə oxuyur. Təzə qərara görə, oğlu gələn tədris ilində qonşuluqdakı məktəbə – Qırıqlı kəndinə gedib-gəlməlidir:

"Bizə məcburi ərizə yazdırmaq istəyirlər ki, guya uşaqlarımızın Qırıqlı məktəbinə getməsinə razıyıq. Razı deyilik axı... Övladlarım kənd məktəbində təhsil alırlar. Bu il böyüyü, sonrakı illərdə isə o biriləri 9-cu sinfi bitirəcəklər. Belə çıxır ki, mən illərlə qonşu kənddəki məktəbə uşaq aparıb gətirməliyəm. Bu uşaqlar niyə yollarda qalmalıdırlar, hökumət bu qərarı verəndə nə düşünüb-daşınıb, anlamırıq".

Buna da bax:​ Müəllimələrə hicab olar, şagirdlərə yox

“HƏR GÜN UŞAÖA VERMƏYƏ YOLPULU HARDAN”

Kəndlilərin deməsinə görə, tədris ilinin çox hissəsi yağışlı, qarlı mövsümlərə düşür. Payızda palçıqdan, qışda qardan kəndlərarası yollar keçilməz olur. Kənd sakini Nigar Əsədzadə:

"Havalar soyudu, avtobus işləmir. Gün ərzində bu kənddən o kəndə 1-2 avtobus gedir, o da 1-2 manata aparır. İşsiz-gücsüz kəndlidə hər gün uşağa verməyə yolpulu hardan... Tələbimiz budur ki, məktəbimiz elə 11 illik olaraq da qalsın. Azyaşlı övladlarımızı yollarda özbaşına qoya bilmərik”.

Buna da bax:​ Miyankü kəndində valideynlər uşaqları məktəbə buraxmaq istəmir

Tovuz rayon təhsil şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, qərar Təhsil Nazirliyindən gəlib: “İnfrastruktur, müəllim kontingenti, şagird yetərsayı kimi şərtlərə uyğun olmayan təhsil ocaqlarında növbəti ildən 9 illik sistem tətbiq olunacaq. Bu qərarı biz verməmişik, nazirlik verib. Bizə isə icra etmək düşür, valideynlərin narazılığı varsa, nazirliyə yazsınlar".

XS
SM
MD
LG