Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

Lirə möhkəmlənir, inflyasiya pikə gedir – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Lirə bu gün dollara qarşı 0.3% möhkəmlənərək 13.58 həddində qərarlaşıb.

Türkiyənin Maliyyə naziri ölkədə inflyasiyanın bu ay pik həddə çatacağını deyib. Bu açıqlamadan sonra, yanvarın 14-də lirənin dollara qarşı məzənnəsi möhkəmlənib. “Reuters” bir bu ilin sonuna inflyasiyanın 30% civarında olacağını yazır.

Lirə bu gün dollara qarşı 0.3% möhkəmlənərək 13.58 həddində qərarlaşıb. Ötən il mərkəzi bank faiz dərəcəsini 500 bənd ixtisar edəndən sonra lirə 44% zəifləmişdi. Hökumət böhranı önləmək üçün valyuta bazarına müdaxilə etdi, lirə əmanətlərinin devalvasiyadan qorunması mexanizmini açıqladı.

126 milyard lirə

Nazir Nurəddin Nebati “Bloomberg”ə müsahibəsində deyib ki, lirənin möhkəmləndirilməsi mexanizmi nəticəsində 126 milyard lirə (9.3 milyard dollar) cəlb olunub. Bunun 15 faizi xarici valyuta hesablarından gəlib. 300 min nəfərin bu təşəbbüsə qoşulduğu bildirilir.

Dekabrda ölkədə inflyasiyanın 36% olduğu açıqlanıb. Bu, Prezident Receb Tayyib Ərdoğanın hakimiyyəti dövründə ən yüksək həddir və bir neçə aya 50%-ə yüksələcəyi gözlənir.

Amma Nebati inflyasiyanın yay yaxınlaşdıqca səngiyəcəyini deyib.

“Yayda həm ərzaq ucuzlaşacaq, həm də qlobal inflyasiya baxımından biz hər iki təsirin səngiyəcəyi dönəmə girəcəyik”, – deyən nazir 2023-cü il iyun seçkisinə qədər birrəqəmli inflyasiya proqnozlaşdırıb.

Mərkəzi bankın cümə günü açıqladığı sorğu isə 2022-ci ilin sonuna inflyasiyanı 29.75% həddində göstərir.

Hədəf inflyasiyadır

Nebati “Bloomberg”ə müsahibəsində indi əsas hədəfin inflyasiya olduğunu vurğulayıb. “Məzənnə məsələsini həll etdik. İndi prioritet inflyasiyadır”, – o söyləyib.

Prezident Ərdoğan aşağı faiz dərəcəsinin qiymətləri salacağına inanır. Dünya maliyyəçiləri isə bunun əksini düşünürlər.

Ötən ay Türkiyədə İstanbul bələdiyyəsinin ucuz çörək növbəsində duranların sayı artıb. Elektrik, təbii qaz və yanacağın qiymətləri yüksəlib.

BBC-nin İstanbul bürosunun 12 işçisi cümə günü tətilə çıxıb, çünki rəhbərliklə danışıqlarda razılıq əldə olunmayıb. Türkiyə Jurnalistlər Birliyinin məlumatına görə, BBC yerli əməkdaşlarına 20%-lik maaş artımı təklif edib, amma bu, lirə ilə ödənən maaşlarda itkini kompensasiya edə bilmir.

Son rəy sorğuları indi daha çox türkiyəlinin müxalif alyansa inamının artdığını göstərir.

Türkiyənin aşağı faiz dərəcəsi siyasəti

“The Washington Post” qəzeti Türkiyə prezidentinin aşağı uçot dərəcəsilə bağlı inadının ona siyası baxımdan ağır başa gələcəyini yazır.

Müəllif Deyvid Steynberq bir sıra ölkələrin yüksək inflyasiyaya qarşı uçot dərəcələrini qaldırdığını yazır. Bu zaman ev təsərrüfatları və bizneslərin borc pul götürməsi bahalanır və bu da inflyasiyanı nəzarətdə saxlayır.

Məqalədə deyilir ki, aşağı faiz dərəcələri siyasi səbəblərdən cəlbedici ola bilər. Bu zaman şirkətlər, ailələr daha çox işi ucuz görə bilirlər. Amma ABŞ-da faiz dərəcələrinin yüksək olduğu bir vaxtda inkişaf etməkdə olan iqtisadiyyatlar üçün nəticələr ağır ola bilər. Birləşmiş Ştatlar uçot dərəcələrini qaldıranda pul inkişaf etməkdə olan bazarlardan ABŞ-a axır. Bu zaman dollar digər valyutalara qarşı möhkəmlənir. Digər ölkələr də faiz dərəcələrini qaldıranda isə kapital axınını və valyutalarının zəifləməsini önləyirlər.

Türkiyənin faiz dərəcəsini salmaq qərarı isə əks effekt yaradır. Peşəkar investorlar və adi əmanətçilər lirəni sataraq xarici valyuta alırlar, bu zaman lirə sürətlə ucuzlaşır.

Ucuz valyuta idxalı bahalandırır. Bu zaman yoxsul vətəndaşlara zərbə dəyir, onlar gəlirlərinin böyük hissəsini mallara xərcləyirlər.

Müəllif Türkiyədə valyuta böhranının Ərdoğanın populyarlığına təsir göstərdiyini yazır. O, təkcə ötən ay lirənin kursunda 6.5 faizlik ucuzlaşmanın hakimiyyətdə olan AKP-nin seçici dəstəyini 7 faizə yaxın azaltdığını hesablayıb.

XS
SM
MD
LG