Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:25

Rusiyadakı Türkiyə vətəndaşı çox narahatdır


Moskvalılar Türkiyə bayrağını yandırırlar
Moskvalılar Türkiyə bayrağını yandırırlar

Türkiyə qırıcısının Rusiyaya aid bombardmançı Su-24-ü vurması ən çox Türkiyə vətəndaşlarını nigaran qoyub. Rusiyadakı Türkiyə vətəndaşlarını.

AzadlıqRadiosunun müxbiri Tom Balmforth yazır ki, Rusiya boyunca tikinti meydanlarında onlarca türk miqrasiya polisi tərəfindən saxlanıb, türk fabrikləri Rusiya vergi orqanlarının qəfil yoxlamalarına məruz qalıb. Moskvadakı türklər polisin gözünə dəyməmək üçün metro stansiyalarından yan keçirlər.

Lakin bundan qorxulusu Rusiyadakı 90 minlik türk icmasının köç təhlükəsidir. Təyyarənin vurulmasının ardınca Moskvanın Türkiyəyə qarşı sanksiyalarının ən böyük insani zərbəsi bu adamlara dəyib.

Türkiyə səfirliyinin pəncərəsi
Türkiyə səfirliyinin pəncərəsi

Su-24 vurulandan 4 gün sonra, noyabrın 28-də, prezident Vladimir Putin Rusiyanın “milli təhlükəsizliyinin və vətəndaşlarının mühafizəsi” barədə fərmana imza atıb.

Bu fərman Rusiya və Türkiyə arasında mövcud olan vizasız gediş-gəliş qaydasının üzərindən dərhal xətt çəkir. İki ölkə arasında çarter reyslərinə də son qoyulur. Bunların ardınca iki ölkə arasında uzun müddət üçün nəzərdə tutulmuş layihələr dayandırılır. İnnən belə türklərin Rusiya şirkətlərində işləməsi qeyri-mümkün olacaq.

Məqalədə deyilir ki, Putinin sanksiyaları çox güman ki, Türkiyə şirkətlərinə tikinti texnikası satan Rusiya zavodunda çalışan 34 yaşlı Umutun da ümidlərinə son qoyub.

Heç rusların özləri də bilmirlər

O artıq 10 ildir ki, Moskvanı özünə vətən bilir, xanımı Anna və 1 yaşlı oğlu Roman isə Rusiya vətəndaşlarıdırlar.

“Yoldaşım qorxur, o bilmir ki, sonumuz nə olacaq, - deyir Umut, - O düşünürdü ki, biz həmişə burda olacağıq və Roman da burda böyüyəcək. Amma mən burda daha heç bir gələcək görmürəm. Biz ya altı aya, ya da uzaqbaşı bir ilə burdan getmək barədə düşünməliyik”.

Əslində isə, onların hələ nə qədər Moskvada qalacağı Putin sanksiyalarının necə icra ediləcəyindən asılı olacaq.

Təyyarənin necə vurulduğu barədə iki ölkənin rəhbərliyi arasında mübahisələr də hələlik səngimək bilmir.

Türkiyə vətəndaşlarının rusiyalı həyat yoldaşları Rusiya prezidenti Vladimir Putinin dəstəyini qazanmaq üçün internetə petisiya buraxıblar.

Rusiya baş nazirinin müavini Igor Shuvalov noyabrın 30-da deyib ki, bu ilin sonlarınadək imzalanacaq kontraktlar sanksiyalardan təsirlənməyəcək. Umut ümid edir ki, şirkəti ona hələ bir il də güzəştə getsin.

Rusiyanın tanınmış insan haqları müdafiəçisi Svetlana Gannushkina deyir ki, sanksiyalar çox yayğın təfsir edilib, lakin Rusiyadakı Türkiyə vətəndaşlarının vəziyyəti nikbinlik doğurmur.

Tom Balmforth yazır ki, Rusiya və Türkiyə arasında vizasız gediş-gəliş hələ gələn il, yanvarın 1-dək qüvvədə olsa da, Rusiya sərhədçiləri artıq indidən Türkiyə vətəndaşlarının ölkəyə gəlməsinə imkan vermirlər.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Rusiyadakı Türkiyə vətəndaşlarının ailələri ilə birlikdə sayı təxminən 200 mindir.

Türklərin rus arvadları

Türkiyə vətəndaşlarının rusiyalı həyat yoldaşları Rusiya prezidenti Vladimir Putinin dəstəyini qazanmaq üçün internetə petisiya buraxıblar.

Petisiyada arvadları rus olan türklər üçün yaşayış və iş güzəştlərinin verilməsi rica olunur.

Bu petisiyanı indiyədək 4 min nəfər imzlayıb.

1990-cı illərdə Rusiya özünün tikinti bumu zəmanəsinə daxil olanda bundan ən çox Türkiyə vətəndaşları faydalanmışdılar. Türkiyə tikinti işi üzrə regionda ən çox inkişaf etmiş ölkələrdən biridir.

O vaxtdan bəri Türkiyə inşaatçıları Rusiyada dərin kök atıblar. Türkiyənin Renaissance Construction şirkəti hazırda Moskvanın ən hündür göydələnlərindən birini – Rusiya Maliyyə Mərkəzini tikir.

Belə tikintilər üçün avadanlığın satışı ilə məşğul olan Umut indi demək olar, işsiz qalıb.

Bütün şüurlu ömrünü Rusiyada yaşamış Umut getmək barədə düşünmək belə istəmir.

“Əgər Türkiyəyə getsəm, orada nə edəcəyəm? Türkiyədə mənim burada gördüyüm işi təhsilli mühəndislər görür. Mənə bu işi Moskvada ona görə veriblər ki, bura vaxtında gəlmişəm, - deyir o, - Nə bilim, olsa-olsa burda kafe açmaq ağlıma gəlir”.

İki diktatorun arasında

Lakin dərd təkcə iş dərdi deyil. Ruslar arasında antitürk hissiyatı kəskinləşib. Rusiyanın kütləvi informasiya vasitələri onsuz da gərgin vəziyyəti bir az da qızışdırırlar. Rusiya mediası antimaydan təbliğatından yorulmuş auditoriyaya indi də antitürk verilişləri sırıyır.

Rusiyadakı türklər bu iki kişinin barışmasını gözləyirlər
Rusiyadakı türklər bu iki kişinin barışmasını gözləyirlər

Saratov mediası yazır ki, “Türk Təndiri” adlı restoranlar şəbəkəsi bütün filiallarına giriş lövhələrindəki “Türk” sözünün üstünü örtməyi tapşırıb.

Yazıları birtəhər gizlətmək oar, bəs canlı insanlar, türklər necə gizlənsinlər.

29 yaşlı Can polislə üzləşməmək üçün metro stansiyalarından yan keçir. Onun bir dostu isə türkiyəli olduğunu deyəndən sonra onu taksidən bayıra tullayıblar.

Rusiyadakı Türkiyə vətəndaşları qorxu səngərində gizlənib iki prezident – Putin və Erdoğan arasında söz müharibəsinin başa çatmasını gözləyirlər. Onlar hələ də ümid edirlər ki, bu iki inadkar lider barışa bilər.

Amma Umut yenə də ümidsizdir.

“Onların xasiyyətləri də oxşardır, özləri də. Hər ikisi diktatordur”, - deyir Umut.

XS
SM
MD
LG