Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:43

Sorğular Ərdoğanın müxalifətdən geri qaldığını göstərir


Recep Tayyip Ərdoğan və MHP sədri Devlet Bahceli zəlzələdən sonra Hatay vilayətinə baş çəkərkən
Recep Tayyip Ərdoğan və MHP sədri Devlet Bahceli zəlzələdən sonra Hatay vilayətinə baş çəkərkən

Yenicə keçirilmiş rəy sorğuları Türkiyə seçkilərində müxalifətin namizədi Kemal Kılıcdaroğlunun prezident Recep Tayyip Ərdoğandan 10 faiz irəlidə olduğunu göstərir.

Reuters yazır ki, sorğular habelə müxalifətin Milli Alyans adlı blokunun Erdoğanın hakim AK partiyası və onun müttəfiqlərindən azı 6 bənd irəlidə olduğunu nümayiş etdirib.

Kürdyönlü Xalq Demokratik Partiyasının (HDP) indilik səslərin azı 10 faizinə sahib olduğu görünür.

Şərhçilər bildirirlər ki, mayın 14-ə təyin edilmiş prezident və parlament seçkiləri Ərdoğanın 20 illik hakimiyyəti üçün ən böyük sınaq olacaq.

Onun partiyasının populyarlığı son illərdə bahalığa görə azalıb. Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən ziyan çəkmiş ənənəvi AKP tərəfdarlarının bir çoxu da mövqeyini dəyişməyi düşünür.

Qarşıdan gələn seçkilər Türkiyəyə təkcə kimin rəhbərlik edəcəyini deyil, həm də ölkənin necə idarə olunacağını, onun Ukrayna müharibəsində və Yaxın Şərqdə oynadığı rolu müəyyən etməlidir.

Teneo mərkəzinin siyasi risk üzrə həmsədri Volfanqo Pikkoli (Wolfango Piccoli) deyib ki, Milli Alyansın indiki üstünlüyünü qoruyub saxlaması üçün onun daha geniş milli cəbhədən çıxış etməsi zəruridir:

"Sadəcə olaraq hər şeyə görə Ərdoğanı ittiham etmək metodu Türkiyədə işləməyəcək. Ötən seçkilər Ərdoğanın fenomenal kampaniyaçı olduğunu nümayiş etdirib, amma son bəyanatları onun populyarlığının və ürəklərə yol tapmaq qabiliyyətinin azaldığını göstərir.”

Bütün rəy sorğuları üzrə müxalifət irəlidədir

Ötən şənbə günü Aksoy Araşdırma tərəfindən açıqlanmış və martın 8-də keçirilmiş rəy sorğusu martın 6-da müxalifətin vahid namizədi elan edilmiş Kemal Kılıcdaroğlunun 55,6 faiz dəstəyə malik olduğunu göstərib. Bu sorğuya görə Ərdoğanın dəstəyi 44,4 faizdir.

Sorğuda respondentlərin 44,1 faizi müxalifət blokuna, 10,3 faizi isə HDP-yə dəstək bildirib. AKP və onun müttəfiqi olan Milli Hərəkət Partiyasının (MHP) dəstəyi isə 38,2 faiz olub.

Alf Research şirkətinin martın 6-7-də keçirdiyi rəy sorğusu Kılıcdaroğluna 55,1 faiz, Ərdoğana isə 44,9 faiz dəstək nümayiş etdirib.

Bu rəy sorğusunda Kılıcdaroğlunun Respublika Xalq Partiyası (CHP) respondent səslərinin 31,8 faizini qazanıb. Ərdoğanın AKP partiyasının göstəricisi 31 faizdir.

Bu rəy sorğusuna görə əsas müxalifət bloku 43,5 faiz, HDP isə 11,3 faiz səsə malikdir. AKP və MHP-nin toplam göstəricisi 37,5 faiz olub.

Piar Research firmasının keçirdiyi rəy sorğusunun nəticələrinə görə Kılıcdaroğlu 57,1 faiz, Ərdoğan isə 42,9 faiz dəstəyə malikdir.

Respondentlərin 32,3 faizi CHP-yə, 30,8 faizi AKP-yə və 11,6 faizi HDP-yə üstünlük verdiyini bildirib.

Zəlzələ elektoratı bir elə tərpətməyib

ORC Research adlı mərkəzin keçirdiyi rəy sorğusunda Kılıcdaroğlu respondentlərin 56,8 faizinin dəstəyini qazanıb. Ərdoğanın göstəricisi isə 43,2 faiz olub.

Bu rəy sorğusu martın 4-6-da, Kılıcdaroğlu hələ vahid namizəd elan edilməzdən əvvəl keçirilmişdi.

Amma rəy sorğuları bunu da göstərib ki, dağıdıcı zəlzələ hakim AKP-nin populyarlığına bir elə təsir göstərməyib.

Metropoll şirkətinin rəy sorğusu adamların 34,4 faizinin zəlzələnin nəticələrinə görə AKP-ni, 26,9 faizinin isə inşaatçıları günahlandırdığını göstərib.

Respondentlərin 15,4 faizi zəlzələyə reaksiyaya görə bələdiyyələri tənqid edib. 12,9 faiz isə bu məsələdə “hamının” günahkar olduğunu deyib.

Vaşinqtonda mənzillənmiş Yaxın Şərq Demokratiya layihəsinin Türkiyə üzrə direktoru Merve Tahiroğlu deyib ki, müxalifət alyansındakı qüvvələr müxtəlifdir və alyans daxilində ayrı-ayrı fiqurlar Türkiyənin fərqli seqmentlərinin dəstəyinə malikdir.

O bildirib ki, son 20 ildə müxalifətin seçki qələbəsinə inam heç vaxt indiki qədər olmayıb.

XS
SM
MD
LG