Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:53

Türkmənistanda aborta qadağanın yaratdığı risklər


Türkmənistanda reproduktivlik yaşındakı qadınların cəmi 47 faizinin müasir kontraseptlərə çıxışı var.
Türkmənistanda reproduktivlik yaşındakı qadınların cəmi 47 faizinin müasir kontraseptlərə çıxışı var.

Türkmənistanda tibbi mənbələr rəsmilərin qadınların aborta çıxışını məhdudlaşdırmağa davam etdiyini deyirlər. Belə ki, abort edən həkimlər təhdid olunur, arzuolunmaz hamiləlikdən qurtulmaq istəyən qadınlara konsultasiyadan imtina edilir.

AzadlıqRadiosuna anonimlik şərti ilə danışan səhiyyə işçiləri deyirlər ki, həkimlərə abortun onların lisenziyasının alınması ilə nəticələnəcəyi barədə xəbərdarlıq olunub, hətta prosedur qanun çərçivəsində aparılıbsa belə. AzadlıqRadiosunun jurnalisti Farangiz Nacibullah radionun türkmən xidməti ilə birlikdə bu barədə yazı hazırlayıb.

"Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanlarının xəbərdarlığından sonra həkimlər abort barədə soruşmağa gələnləri dərhal qapıdan qovurlar. Onlara heç həkimlə görüş verilmir", – Aşqabaddan bir həkim avqustun 20-də deyib.

Tibb işçilərinin dediyinə görə, həkimlərə o halda hamiləliyi sonlandırmağa icazə verilir ki, bətndəki dölün həyat əlaməti olmasın. Rəsmi orqanlar həkimlərə xəstələrə abort həbləri yazmasını da sərt nəzarətə alıb.

Ancaq abort qadağasının qadınları təhlükəli variantlara əl atmağa vadar etdiyi, bununla da həyatlarını riskə atdığı bildirilir. Bəzi həkimlərin böyük məbləğ qarşılığında abort etdiyi də söylənilir.

Mənbələr AzadlıqRadiosuna təqiblərdən qorxduqları üçün anonimlik şərti ilə danışıblar.

AzadlıqRadiosu iddiaları təsdiqlədə bilməyib. Türkmənistan rəsmiləri şərh üçün müraciətlərə cavab verməyiblər.

Qanun nə deyir

Türkmənistanda 2022-ci ildə qəbul olunmuş qanun ilk beş həftədə tibbi səbəb olmadan hamiləliyi sonlandırmağa icazə verir. Bundan əvvəl arzuolunmaz hamiləlik sağlıq səbəbi olmadan 12 həftə ərzində sonlandırıla bilərdi.

Fəallar cinsi, reproduktiv sağlamlıq xidmətlərinə və ailə planlaması da daxil olmaqla məlumatlara çıxışın yaxşılaşdırılmasına çağırırlar.
Fəallar cinsi, reproduktiv sağlamlıq xidmətlərinə və ailə planlaması da daxil olmaqla məlumatlara çıxışın yaxşılaşdırılmasına çağırırlar.

İctimai Səhiyyənin Mühafizəsi qanununda isə deyilir ki, "sosial" və "tibbi" səbəblərdən 22 həftəliyə qədər hamiləliyin sonlandırılmasına icazə verilə bilər. Ancaq bu səbəblər barədə tibbi məşvərət komissiyaları nəticəyə gəlməlidir. Qanunda bu səbəblərin mahiyyəti, yaxud komissiyanın tərkibi barədə izahat verilmir.

Bir türkmən həkimin AzadlıqRadiosuna dediyinə görə, reallıqda rəsmi orqanlar qanunun verdiyi müstəsna halları nəzərə almır.

Qanun tibbi işçilərinin narazılığına səbəb olub, onların fikrincə, beş həftə çox azdır, çünki qadınların çoxu bu müddət ərzində heç hamilə qaldığını bilmir.

2015-ci ilin mayında qəbul edilən qanun yeddi il sonra ictimaiyyətə açıqlanıb. Hakim orqanlar isə abortu məhdudlaşdırmaq qərarını izah etməyiblər.

Təhlükəli metodlar

Məhdudiyyətlər qanunsuz abortlar, rüşvət, qadınlar arasında arzuolunmaz hamiləliyi sonlandırmaq üçün təhlükəli metodlardan istifadədə sıçrayışa səbəb olub.

AzadlıqRadiosunun mənbələri deyirlər ki, Aşqabadda bəzi ginekoloqlar gizli abort üçün 500-1000 dollar istəyirlər. Bu isə ölkədə orta aylıq maaşdan yuxarıdır.

Balkan vilayətində Türkmənbaşı və Balkanabad şəhərlərində rüşvətin məbləği hamiləliyin müddətindən asılı olaraq dəyişir.

"İlk iki aylıqda həkimlər min 430 dollar istəyirlər. Üç ay və daha böyük hamiləliyin sonlandırılması isə 14 min 300 dollara başa gələ bilər", – Balkan vilayətindən bir həkim deyib.

Gizli abortların çoxu xəstəxanalarda gerçəkləşdirilsə də, xəstələr post-abort qayğısından məhrum qalır, ağırlaşma halında hüquqlarını müdafiə edə bilmirlər.

Rüşvət verə bilməyənlər isə təhlükəli metodlara əl atırlar. Bunu Aşqabaddan bir mama deyir.

"Bəzi qadınlar hamiləliyə son qoymaq üçün manqan məhlulu ilə bir neçə saatlıq duş qəbul edirlər. Bu isə həddən artıq təhlükəlidir. Bəzən hamilə qadınlar menstruasiya yaradan dərmanları yüksək dozada qəbul ediblər", – həkim deyib.

Qanun yalnız dövlət tibb müəssisələrində aborta icazə verir.
Qanun yalnız dövlət tibb müəssisələrində aborta icazə verir.

"Zərbə kasıblara dəyir"

ABŞ-də mənzillənən, Türkmənistanda proqressiv təşəbbüsləri dəstəkləyən "Progress Foundation" bildirir ki, məhdud resurslu və savadsız qadınlar ən çox əziyyət çəkənlərdir.

Fəalları və ekspertləri bir araya gətirən fond Türkmənistanda təhlükəsiz abortlara və postabort xidmətlərinə adekvat çıxışın təmin olunmasına çağırıb.

Türkmənistanda reproduktivlik yaşındakı qadınların cəmi 47 faizinin müasir kontraseptlərə çıxışı var, - fond bildirir.

QHT həmçinin ölkədə səhiyyə işçiləri arasında qadınların cinsi və reproduktiv sağlamlığı, hüquqları üzrə təlimin olmamasından narahatlığını bildirib.

Qanunvericilik yalnız dövlət tibb ocaqlarında aborta icazə verir. Amma 2022-ci ilin rəsmi statistikasına görə, ölkədə cəmi 95 reproduktiv sağlamlıq mərkəzi və abort edən 76 lisenziyalı ginekoloq olub. Reproduktiv yaşda qadınların sayı isə 1.6 milyona yaxındır.

Ölkənin cinayət məcəlləsinə görə, dövlət müəssisələrindən kənarda, hüquqi əsas olmadan abort edən həkimlərə 2 ilədək icbari iş cəzası kəsilə bilər. Abort üçün lisenziyanın olmaması isə 2 ilədək həbslə cəzalandırılır.

XS
SM
MD
LG