Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Türkmənistanda müstəqil jurnalist olmağın bədəli: təqib, həbs, işgəncə, ölüm


Soltan Açilova
Soltan Açilova

Soltan Açilova təxminən 20 il öncə peşəsini dəyişərək Türkmənistanda müstəqil jurnalist olmağa qərar verəndə yeni işinin "fərqli" olacağını bilirdi. Amma Aşqabadda yaşayan iqtisadçı bu peşənin onun həyatını alt-üst edəcəyini, onu təqibə, fiziki hücumlara və ölüm təhdidlərinə məruz qoyacağını ağlına gətirmirdi.

"Jurnalist işləməyə başlayandan dövlət təhlükəsizlik agentləri məni izləyiblər. Ailəmi də təqib edirlər, telefon söhbətlərimi nəzarətdə saxlayırlar. Evimizin işığı, suyu dəfələrlə kəsilib. Hakim orqanlar qohumlarımı təhdid edib ki, mənimlə danışmasınlar, yoxsa işlərini itirərlər", – 74 yaşlı Açilova AzadlıqRadiosuna danışır.

Türkmənistan adətən Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) reytinqlərində mətbuat azadlığına görə ən pis yerlərdən birini tutur.

Bu Orta Asiya ölkəsində müstəqil media orqanı yoxdur, jurnalistika rejimin tərifinə bərabər tutulur, - RSF bildirir. Hökumət narazılara amansız divan tutur – tənqidçilər qısnamaya məruz qalır, döyülür, işgəncə görür, həbsə atılır, hətta öldürülür. Bir çoxları mühacirətə getməyə məcbur olub. Bu barədə AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah yazır.

Avropada yerləşən "Xronika Turkmenistana" vebsaytının müxbiri və AzadlıqRadiosunun keçmiş reportyoru Açilova Türkmənistanda qalan, avtoritar hökuməti açıq tənqid edən sonuncu müstəqil jurnalistdir. Bəziləri isə xarici media orqanları üçün gizlicə işləyir.

Hudayberdı Allaşov
Hudayberdı Allaşov

Davamlı həbslərdən sonra ölüm

AzadlıqRadiosunun keçmiş müxbiri, 35 yaşlı Hudayberdı Allaşovun ölümü Türkmənistanda jurnalistlərin peşə fəaliyyətinə görə necə cəzalandırılmasını bir daha gündəmə gətirib. Hakimiyyət Allaşovu "məzaracan" təqib edəcəyini deyirdi.

Allaşov 2016-cı ildə AzadlıqRadiosu üçün üç ay işləyib, ərzaq çatışmazlığı, pambıq yığımında icbari əmək, Daşoğuz vilayətində dövlət qulluqçularının əmək haqlarının yubadılması mövzularından yazıb.

Jurnalist anası Kurbantaç Arazmedova ilə 2016-cı ilin dekabrında həbs olunaraq nasvayı (çeynənən tütün) saxlamaqda ittiham olunub. Bu, ölkədə yasaqlansa da, cinayət məsuliyyəti yoxdur. Qurama ittihamla hakimiyyətin Allaşovu jurnalist fəaliyyətinə görə cəzalandırmaq niyyəti güddüyü hesab olunub.

Mənbələrin radioya dediyinə görə, Allaşov Köneürgenç polis bölməsində işgəncəyə məruz qalıb, ona elektroşok verilib. Polis onun arvadı Eyeş Arazquliyevanı və iki övladını da dindirib. Arazquliyeva həyat yoldaşı və qayınanasının həbsi ilə bağlı informasiya yaydığına görə polis tərəfindən döyülüb. Bunu hüquq-mühafizə orqanlarına yaxın mənbələr deyib.

Qərb diplomatları və beynəlxalq insan haqları qruplarının genişmiqyaslı pisləməsindən sonra jurnalist və anasına 3 il şərti cəza kəsilib, onlar buraxılıblar.

Allaşov təhlükəsizlik səbəbindən AzadlıqRadiosu ilə işləməyi dayandırıb, amma hökumətin ona qarşı təqib kampaniyası dayanmayıb.

H.Allaşov 2019-cu ilin oktyabrında yenidən qısa müddətə həbs edilib, dindirilmə zamanı bir neçə saat döyülüb. Anası oğlunun həbsi stressindən xəstələnib, iki gün sonra ürəktutmadan xəstəxanada keçinib.

Allaşovun sözlərinə görə, 2019-cu ilin noyabrında polisdə dindirilmə zamanı ona "məzara yola salanacan" ondan əl çəkməyəcəklərini deyiblər.

2022-ci ilin mayında Allaşov və arvadını şəhər icra hakimiyyəti işçilərindən ibarət qrup bərk döyüb, o, xəsarət alıb. Allaşova, onun ailə üzvlərinə qarşı heç vaxt aşkar rəsmi ittiham irəli sürülməyib.

O, 2023-cü ilin dekabrında yenidən saxlanıb. Bu dəfə polis ona deyib ki, uzun müddətə həbs olunacaq. Ancaq insan haqları qrupları və diplomatların hərəkətə keçməsindən sonra ona 15 günlük həbs kəsilib.

Jurnalistin səhhəti pisləşib və o, avqustun 13-də vəfat edib.

Allaşovu tanıyanlar onun ölümünə hökumətin 8 illik amansız təqibi zamanı məruz qaldığı fiziki və zehni stressin səbəb olduğunu deyirlər.

Oğulsapar Muradova
Oğulsapar Muradova

Digər müstəqil jurnalistlərin yaşadıqları

Allaşovdan 18 il öncə isə AzadlıqRadiosunun Aşqabaddakı müxbiri Oğulsapar Muradova Qaraqum səhrasındakı sərt rejimli Ovadan-Depe həbsxanasında vəfat edib. Ona işgəncə verilməsi, boğulması iddiaları olub, bədənində pis rəftarın izləri qalıb.

58 yaşlı Muradova qanunsuz silah saxlamaqda təqsirli bilinərək 7 il həbsə məhkum edilib. Polis onun maşınında güllə aşkarlandığını demişdi. İnsan haqları qrupları isə Muradovanın peşə fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

İyunda müstəqil jurnalist Nurgeldı Halıkov 4 illik həbsdən azadlığa çıxıb. O, COVID-19 pandemiyası vaxtı Türkmənistana səfər edən Ümumdünya Səhiyyə Təşkilatı nümayəndə heyətinin fotosunu paylaşdığına görə cəzalandırılıb.

COVID-19 Türkmənistan üçün həssas mövzu sayılırdı, ölkə bircə dənə də yoluxmanın olmadığını deyirdi.

Nurgeldı Halıkov
Nurgeldı Halıkov

Avropada yerləşən "Turkmennews" müstəqil xəbər vebsaytının Aşqabad müxbiri Halıkov maliyyə fırıldağında təqsirli bilinib. Ancaq tərəfdarları ittihamı rədd edərək jurnalistə qarşı oyun qurulduğunu bildirib.

Təzyiqlərin miqyası

Türkmənistan hökuməti müstəqil jurnalistlərin bu ölkədə yaşayıb işləməsini mümkünsüz etmək üçün onların həyatının hər bir aspektini hədəfə alır, - Açilova belə deyir.

"Mən reportajlarım üçün informasiya toplamaq niyyəti ilə adamlarla əlaqə yaratmağa çalışanda məni izləyən təhlükəsizlik agentləri həmin adamlarla kontakta girərək onları qısnayır, mənə danışmamağı əmr edirlər", – jurnalist danışır.

"Çox az sayda adam səslərinin eşidilməsini istəyir və mənə elektrik, su, torpaq məsələləri barədə danışırlar. Amma Türkmənistanda adamların çoxu mediaya danışmağa çox qorxurlar", – Açilova deyir.

O inanır ki, adamları susmağa ölkədəki qorxu mühiti vadar edir.

Açilova dəfələrlə küçədə döyülüb, dindirilib, polis onu təhdid edib, aeroportda soyunduraraq üstündə axtarış aparıb, xaricdə beynəlxalq konfransa getməsinin qarşısını alıb.

Peşəsi jurnalistin sosial həyatına da təsir göstərib. Məmurların "nəticələr" barədə xəbərdarlığından sonra bir çox dostu, qohumu, qonşusu onunla əlaqəni kəsib,

"Mən həyətə düşüb skamyada oturanda qonşular bir-bir çıxıb gedirlər. Bilirlər ki, hökumət məni sevmir. Onlar problem istəmirlər", – Açilova söyləyir.

Jurnalist azad medianın, informasiyanın yoxluğunun gənclərə təsirindən narahatdır. Axı, hökumət sosial mediaya, messencerlərə, müstəqil xəbər saytlarına çıxışı da bloklayıb.

"Türkmənistanda gənclərin çoxunun beyinlərini hökumət ideologiyası yuyur; onlar başqa baxış bilmirlər. Söz azadlığı, insan haqları onlar üçün bir mifdir", – deyən Açilova çətinliklərə baxmayaraq, sağ olduğu müddətdə reportajlarını davam etdirəcəyini deyir. O inanır ki, işi ilə bir fərq yaradacaq.

XS
SM
MD
LG