Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Türkmənistanda rus dilinə tələb hələ də qalır


Türkmənistanın bir çox bölgələrində rus dilində tədris yüksək qiymətləndirilir.
Türkmənistanın bir çox bölgələrində rus dilində tədris yüksək qiymətləndirilir.

30 ildən çoxdur aparılan "türkmənləşdirmə" fonunda Türkmənistanda rus dili sanki arxa plana keçib. Ancaq rus dili siyasi elita və uşaqları, eləcə də televiziya izləyiciləri üçün hələ də ikinci dil kimi qalmaqdadır.

AzadlıqRadiosunun "Dünya türkmənləri" həftəlik proqramı bu ay hazırladığı silsilə verilişlərdə rus dilinin Türkmənistanda istifadəsinin indiki və tarixi trendlərinə nəzər salıb. Üzə çıxan odur ki, 15 postsovet respublikası içərisində ən avtoritar və təcrid olunmuş Türkmənistanda rus dilinin populyarlığı azalır, amma hələ tam sıradan çıxmayıb. AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) bu haqda yazır.

Sərdar Berdiməhəmmədov 2022-ci il iyunun 10-da, atası Qurbanqulu Berdiməhəmmədovu dövlət başçısı postunda əvəzləyəndən üç ay sonra ilk xarici səfərini Rusiyaya edib. Səfər zamanı rusiyalı həmkarı Vladimir Putin ona ölkənin rus dili və mədəniyyətinə göstərdiyi qayğıya görə təşəkkür edib.

Rus dilində təhsil

Aşqabadda Aleksandr Puşkin adına rus-türkmən dili məktəbi rus kurikulumundan istifadə edir, yerli siyasi elitanın uşaqları üçün populyar məktəbdir.

2020-ci il dərs ilinin başlandığıcında isə Rusiya mətbuatı həyəcan təbili çalırdı ki, Türkmənistanda rus dilində təhsilin sonu gələ bilər.

AzadlıqRadiosunun türkmən xidmətinin o zaman yazdığına görə, hüquq-mühafizə orqanlarının işçilərinə uşaqlarını türkmən dili məktəblərinə göndərmək göstərişi verilmişdi.

Paytaxtda rus dili təlimatlı məktəblərdə isə rus dili dərslərinin kəskin azaldığını xəbər verilirdi.

Ancaq Türkmənistan hökuməti vəziyyəti izah etmədi, ölkədə rus dilində təhsilin bitməsinə dair hər hansı rəsmi göstəriş yayılmadı.

O zaman Rusiyada kremlyönlü media Türkmənistanın rus dili olmadan orta əsrlərə yuvarlanacağını yazırdılar.

Bir çox valideynlər rus dilini övladlarının daha yaxşı təhsil alması və, nəhayət, xaricdə iş tapması üçün bir fürsət kimi görürlər.
Bir çox valideynlər rus dilini övladlarının daha yaxşı təhsil alması və, nəhayət, xaricdə iş tapması üçün bir fürsət kimi görürlər.

Türkmən dilinin təbliği nə ilə sonuclandı

Müstəqilliyin ilk illərində Türkmənistan hökuməti intensiv şəkildə türkmən dilini təbliğ edib, rus dilində radio, televiziya yayımları azaldılıb. On minlər, yüz minlərlə etnik rus isə ölkəni tərk edib. Hazırda paytaxt Aşqabadda, eləcə də qərbi Türkmənbaşı və Balkanabad şəhərlərində rusdilli icmalar yaşayır.

Türkmənbaşıda "Kənar bazar" deyilən yerdə yalnız rusca danışırlar, - AzadlıqRadiosunun Balkan vilayətindəki müxbiri xəbər verir.

Hazırda 100 mindən az əhalisi olan Türkmənbaşı 1869-cu ildə Rusiya imperiya qüvvələri tərəfindən zəbt olunmuşdu.

Hazırda bu şəhərdə, eləcə də Balkanabadda rus dilinin işlənməsi həm də onların əhalisinin kosmopolitanlığı ilə izah olunur. Bu şəhərlərdə azərbaycanlılar, ermənilər, slovak azlığı da yaşayır.

Ancaq ruscaya tələbin böyük olmasına baxmayaraq, müəllim sayı məhduddur, bu da ruscanın, əsasən, xarici dil kimi öyrədilməsi ilə bağlıdır. Balkan vilayətində dərslik çatışmazlığının əsas problem olduğu xəbər verilir.

İkili vətəndaşlığın ləğvi və...

Türkmənistan hazırda Orta Asiya ölkələri içində etnik baxımdan ən homogen ölkədir. 2003-cü ildə ikili vətəndaşlıq haqqında ikitərəfli razılaşmanın ləğvi ilə rusdillilərin bu ölkədən daha bir axını yaşanıb. Onlar iki ölkə arasında qəfil seçim arasında qalıblar.

Amma 2022-ci ildə Berdiməhəmmədovun Rusiyaya səfərindən sonra Türkmənistanda ikili vətəndaşlığı olanlara yenidən pasport verməyə başladılar. Bununla da 2003-cü ildən sonra Rusiya vətəndaşlığı almış türkmənistanlılar öz ölkələrinin pasportu üçün müraciət etməyə başladılar.

Xaricdə rus dili və mədəniyyətinin təbliği ilə məşğul olan "Rossotrudniçestvo" agentliyi ötən il bildirib ki, Türkmənistan əhalisinin 40 faizi rusca danışır, yaxud bu dili anlayır, bu isə digər Orta Asiya ölkələrindən azdır. Agentliyin iddiasına görə, türkmənistanlıların 12 faizi ruscanı ana dili sayır.

İstanbulda iş tapmaq üçün küçədə gözləyən türkmən miqrantlar
İstanbulda iş tapmaq üçün küçədə gözləyən türkmən miqrantlar

Miqrasiya

Bu statistikanın haradan alındığı bəlli deyil. Türkmənistanın ən son siyahıyaalmasında etnik, yaxud dil azlığı qrupları barədə rəqəmlər yer almayıb.

Son illər Orta Asiyada müşahidə olunan trend Türkmənistandan da yan keçməyib, Türkiyəyə miqrasiya güclüdür.

2022-ci ilin sentyabrında 230 minədək türkmənin Türkiyədə oturum icazəsi, yaxud iş vizası olub.

Bu isə rəsmən 7 milyon əhalisi olduğu bildirilən ölkə üçün böyük rəqəmdir. Təhlilçilər bu rəqəmi şişirdilmiş sayır, hökumətin ölkədən iqtisadi problemlər, təməl azadlıqların boğulması səbəbindən kütləvi miqrasiyanı gözardı etdiyini söyləyirlər.

Türkiyə Aşqabadın xahişi ilə türkmənlər üçün vizasız səyahəti dayandırandan sonra rəqəmlər dəyişir. Ötən il Türkiyədə rəsmi yaşayan türkmənlərin sayı 200 mindən də düşüb.

XS
SM
MD
LG