Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Türkmənistan Rusiyada təhsil alan tələbələri vətənə qaytarmaq istəyir


Türkmənistan Dövlət Universitetinin tələbələri
Türkmənistan Dövlət Universitetinin tələbələri

Moskvada törədilmiş terror aktının ardınca Aşqabad Rusiya universitetlərində təhsil alan Türkmənistan vətəndaşlarının məzun olduqdan dərhal sonra ölkəyə qaytarılması məsələsini müzakirə edir.

Türkmənistanın regionlarından birində polis və təhlükəsizliyə yaxın şəxslər AzadlıqRadiosuna deyiblər ki, onlara türkmən tələbələrin Rusiyadan qaytarılmasına dair sərəncam daxil olub.

Rusiyada nə qədər türkmən tələbənin təhsil alması məlum deyil, lakin bu sayın minlərlə olduğu təxmin edilir.

Hökumət habelə rəsmilərə tələbələr və müəllimlərlə görüşlər təşkil etməyi və onlara dini radikalizmin mümkün təhlükələrinin çatdırılmasını tapşırıb.

Bu da bildirilir ki, polisə göndərilmiş sərəncamlarda Moskvadakı konsert zalına hücum edənlərin arxasında Qərbin dayandığı iddia olunur.

Ksenofobiya xofu

Moskvada Crocus City Hall konsert zalına silahlı hücumun ardınca Rusiya məhkəməsi 8 nəfərə qarşı ittihamlar irəli sürüb. Onların arasında hücumun bilavasitə icraçıları olan 4 etnik tacik də var.

İttiham olunanların qalanları da Mərkəzi Asiyaya bağlı şəxslərdir.

Rusiyada həbslər bu ölkədə əməkçi miqrantlara qarşı ksenofobiya hücumlarının arta biləcəyindən narahatlıq doğurur.

Hazırda Mərkəzi Asiyadan olan yüz minlərlə əməkçi miqrant dolanışıq üçün Rusiyadadır. Rusiyada maaşlar əhəmiyyətli dərəcədə yüksəkdir. Əksər Mərkəzi Asiya ölkələrində əhali yaşayış üçün qohumlarının Rusiyadan göndərdikləri pullara güvənir.

Bundan əvvəl Qırğızıstan öz vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edən bəyanat verib.

“Namazı evdə qılın, orucu dayandırın...”

Bu da xəbər verilir ki, Türkmənistanın daha üç şəhərində - Çeleken, Balkanabat və Türkmənbaşıda təhlükəsizlik xidmətləri məscidlərə gedən kişi və qadınları kütləvi sorğu-sual edirlər.

Bu da qeyd olunur ki, saxlananların əksəriyyəti saqqallı kişilər və hicablı qadınlardır.

Bir çox türkmənlər AzadlıqRadiosuna bildiriblər ki, sorğu-sual üçün saxlananlara namazı evdə qılmaq “tövsiyə olunur”.

Onlara habelə islamçı qruplaşmalarla mümkün əlaqələri barədə suallar verilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının dindarlara Ramazan orucunu dayandırmağı “məsləhət” gördükləri xəbər verilir.

Türkmənbaşı şəhərində canamaz, hicab, Quran kimi dini ləvazimat və geyim satan mağazaları bağlayıblar.

Dünyanın qazla ən zəngin ölkələrindən biri olan Türkmənistan həm də dünyanın ən repressiv və yoxsul yerlərindən biridir.

XS
SM
MD
LG