Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:46

Kiyev Amnesty-nin hesabatına qəzəbli reaksiya verir


Kiyev vilayətində dağılmış binalar
Kiyev vilayətində dağılmış binalar

Kallamar deyir ki, müdafiə mövqeyində olmaq “Ukrayna ordusunu beynəlxalq humanitar hüquqa sayqı göstərməkdən azad etmir”

“Amnesty International” insan haqları təşkilatı Ukrayna qüvvələrini yaşayış binalarında, məktəb və xəstəxanalarda yerləşməklə dinc sakinlərə təhlükə yaratmaqda suçlayıb. Qurumun dünən – avqustun 4-də açıqladığı hesabata Kiyev sərt reaksiya verib.

Amnesty-nin Baş katibi Aqnes Kalamar deyir ki, qurumun tədqiqatçıları “Ukrayna qüvvələrinin məskunlaşmış ərazilərdə yerləşməklə dinc sakinlərə risk yaratdığını, qanunları pozduğunu” sənədləşdiriblər.

Kreml və Rusiya mediası bu hesabatı geniş işıqlandırıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə ötən gecə çıxışında deyib ki, bu, “məsuliyyəti təcavüzkardan qurbana yönəltməkdir”.

“Rusiyanın zərbələri, hətta nəzəri belə, hər hansı şəraitdə əsaslandırıla bilməz. Dövlətimizə qarşı təcavüz səbəbsiz, işğalçı, açıq terrorçudur”, – o vurğulayıb.

“Saxta bərabərlik”, “təhrif”

Xarici işlər naziri Dmitro Kuleba avqustun 4-də deyib ki, insan haqları qrupu Rusiyanın işğalçı qüvvələri ilə öz vətənini müdafiə edən ukraynalıların hərəkətləri arasında “saxta bərabərlik” qurur. Müdafiə naziri Oleksey Reznikov hesabatı ukraynalıların öz ölkələrini müdafiə hüququnu sual altına almağı hədəfləyən “təhrif” adlandırıb.

Kallamar isə deyir ki, müdafiə mövqeyində olmaq “Ukrayna ordusunu beynəlxalq humanitar hüquqa sayqı göstərməkdən azad etmir”.

O, avqustun 4-də axşama doğru tvitində yazıb ki, Ukrayna və Rusiyanın “sosial media kütləsi və trolları” “Amnesty International” təşkilatına hücum edir.

“Buna müharibə propaqandası, dezinformasiyası deyirlər. Bu bizim qərəzsizliyimizə təsir göstərməyəcək, faktları dəyişdirməyəcək”, – o vurğulayıb.

19 şəhər və kənddə

Hesabatda deyilir ki, ölkənin üç vilayətində 19 şəhər və kənddə Ukrayna qüvvələrinin məskunlaşmış ərazilərdən zərbələr endirməsinə, dinc sakinlərin yaşadığı binalarda yerləşməsinə dəlillər var. Datanın aprel-iyul aylarında yığıldığı bildirilir.

Qurumun tədqiqatçıları Rusiyanın Donbas, Xarkov və Nikolayevə zərbələrinin şahidləri, hücumlardan sağ çıxanlarla danışıb. Onların sözlərinə görə, zərbələr vaxtı Ukrayna ordusu onların evlərinin yaxınlığından fəaliyyət göstərib, əraziləri Rusiya qüvvələrinin cavab atəşinə məruz qoyub.

“Amnesty International saysız ərazilərdə belə davranışın şahidi olub”, – hesabatda deyilir.

Qurum həmçinin Ukrayna qüvvələrinin beş yerdə xəstəxanalardan hərbi bazalar kimi istifadə olunduğunu aşkarlayıb, bunu “beynəlxalq humanitar hüququn aşkar pozuntusu” adlandırır. Qanuna görə, münaqişə tərəfləri sıx məskunlaşmış ərazilərə yaxın hərbi hədəflər yerləşdirməkdən maksimum yayınmalıdır.

Rusiyanın “dezinformasiya kampaniyasında iştirak”

Ancaq hesabatda o da vurğulanır ki, “Ukrayna ordusunun məskunlaşmış ərazilərdə hərbi hədəflər yerləşdirməsi praktikası heç bir halda Rusiyanın pərakəndə hücumlarını əsaslandırmır”.

Prezidentin müşaviri Mixaylo Podolyak Twitter-də Amnesty-ni Moskvanın Ukrayna silahlı qüvvələrini gözdən salmağı hədəfləyən dezinformasiya kampaniyasında iştirakda suçlayıb.

Rusiya mülki ərazilərə hücumları adətən Ukrayna qüvvələrinin orada mövqe qurması ilə izah edir.

“Həmişə bu haqda danışırıq, Ukrayna silahlı qüvvələrinin mülki əhalisinə istifadə taktikasını ‘insan çəpəri’ adlandırırıq”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram-da yazıb.

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya Qərbin sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG