Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:35

AzadlıqRadiosu ukraynalı deputatın Dubaydakı mülkiyyətini üzə çıxardı


Kasay ailəsi Dubayda lüks yaşayış komplekslərində 2022-2023-cü illərdə aldıqları dörd mənzilə sahibdir.
Kasay ailəsi Dubayda lüks yaşayış komplekslərində 2022-2023-cü illərdə aldıqları dörd mənzilə sahibdir.

AzadlıqRadiosunun araşdırması Dubayda Ukrayna prezident Volodımır Zelenskinin "Xalqın xidmətçisi" partiyasından ölkə parlamentinə (Ali Rada) seçilən deputatın ailə üzvlərinə məxsus dəyəri 1 milyon dolları aşan daşınmaz əmlakı üzə çıxarıb. Bu məbləğ onların rəsmi gəlirlərindən xeyli çoxdur.

Daha öncə AzadlıqRadiosu Dubayda indiki və keçmiş yüksəkvəzifəli 10 Ukrayna rəsmisinin ailə üzvlərinə məxsus gizli əmlakları üzə çıxarmışdı.

Son bilgilər Ukrayna parlamenti Müdafiə komitəsinin üzvü olan Gennadi Kasayın qızı və qardaşı oğlu ilə bağlıdır.

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) müxtəlif dövlət reyestrlərindən sızan məlumatlardan götürülən bu bilgini AzadlıqRadiosu Ukrayna xidmətinin "Sxemı" araşdırma qrupunun OCCRP ilə əməkdaşlıq edən jurnalistləri - Anna Mironyuk, Kiril Osvyanıy əldə edərək dəqiqləşdirib.

Reyestrlərdəki bu qeydlərə görə…

Kasay ailəsi 2022-2023-cü illər arasında dəbdəbəli yaşayış komplekslərində dörd mənzil alıb.

2022-ci ilin aprelində o zaman hələ 22 yaşı olan Polina Kasay "Dubai Gate 2" yaşayış kompleksində 310 min dollara iki yataq otağı olan bir mənzil alıb.

Gennadi Kasay və qızı Polina
Gennadi Kasay və qızı Polina

Eyni ayda 25 yaşlı Oleksandr Kasay "Studio One" yaşayış kompleksində dəyəri 202 min 500 dollar olan mənzil alıb. Ardınca o, daha iki mənzilə sahib olub: 2022-ci ilin avqustunda aldığı mənzilin qiyməti 330 min dollara yaxın, ötən ilin fevralında aldığının isə qiyməti 240 min dollardır.

Bir frilans xidmətlər saytındakı profil bilgilərinə görə, P.Kasay 2019-cu ildə kontent meneceri kimi hər layihə üçün 6 dollardan 40 dollaradək qazanırmış. Facebook səhifəsində isə onun indi "FRIDA Ukraine" Ukrayna-İsrail könüllü tibbi missiyanın baş kontent meneceri olduğu göstərilib.

Sualı eşidincə, dəstəyi asıb

"Sxemı" şəxsi gəlirlərin reyestrindəki bilgilərə çıxışı olan qaynaqlardan P.Kasayın son 3.5 il boyunca qazancının 70 min dollara yaxın olduğunu öyrənib.

Jurnalistlərin açıqlama üçün əlaqə saxladığı P.Kasay Dubaydakı daşınmaz əmlakla bağlı sualı eşidincə, dəstəyi asıb.

Deputat G.Kasayın rəsmi gəlir bəyannaməsinə görə, o və həyat yoldaşı son üç il ərzində 60 min dollara yaxın pul qazanıblar. Bu qazancın çoxu deputatın maaşından ibarətdir.

Oleksandr Kasay
Oleksandr Kasay

Kasayın qardaşı oğlu Oleksandr jurnalistlərin bu pulların mənbəyinə dair açıqlama xahişinə cavab verməyib.

O.Kasay iki Ukrayna şirkətində biznes maraqları olan keçmiş peşəkar həndbolçudur. O, "MS AVIA-GRADE" adlı Ukrayna şirkəti səhmlərinin 7 faizinin və zərərlə işləyən "Borscht" adlı marketinq şirkətinin 10 faizinin sahibidir. Bunların heç biri ona belə bahalı daşınmaz əmlak almağa yetərli gəlir gətirə bilməzdi.

Ancaq Oleksandrın Türkiyədə "Vector Avia" adlı şirkətdə də biznes maraqları var. Maraqlıdır ki, onun sahibi olduğu bu şirkət Ukrayna Müdafiə Nazirliyindən hərbi geyimlər üçün 27 milyon dollarlıq kontrakt əldə edib.

Bu məsələ ilə bağlı cinayət araşdırması aparan Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) görə, "Vector Avia"nın Ukraynaya göndərdiyi uniformaların keyfiyyəti qeyri-adekvat olub və onlar nazirliyə Türkiyə gömrük bəyannamələrində göstərildiyindən üç dəfə baha başa gəlib.

Hüquq-mühafizə orqanları bununla bağlı Müdafiə Nazirliyinin iki əməkdaşı barəsində şübhə bildirişi verərək onların 27 milyon dollarlıq dövlət vəsaitini mənimsəməkdən ötrü bir-biri və "Vector Avia" ilə sövdələşdiyini açıqlayıb. Ancaq bununla bağlı deputatın qardaşı oğlu deyil, "Vector Avia" sahiblərindən başqa biri suçlanıb.

O.Kasay ittihamların irəli sürülməsindən öncə şirkəti tərk edib.

Ali Radanın iqtisadi təhlükəsizlik üzrə müvəqqəti istintaq komissiyası Müdafiə Nazirliyi tərəfindən Türkiyə hərbi geyimlərinin alınmasını araşdırıb.
Ali Radanın iqtisadi təhlükəsizlik üzrə müvəqqəti istintaq komissiyası Müdafiə Nazirliyi tərəfindən Türkiyə hərbi geyimlərinin alınmasını araşdırıb.

"Sxemı" SBU-ya üz tutaraq niyə "Vector Avia" sahibi olan iki nəfərdən yalnız birinə - Ukrayna vətəndaşı Roman Pletnevə qarşı ittiham irəli sürüldüyünü açıqlamasını xahiş edib.

Ancaq SBU bu sualı cavabsız qoyub

Pletnev 2022-ci ildə Ukraynanı tərk edərək Türkiyəyə gedib. Göründüyünə görə, onun keçmiş biznes tərəfdaşı, deputatın qardaşı oğlu O.Kasay da Ukraynanı tərk edib.

"Sxemı"nın sərhəd-keçid məlumatlarına çıxışı olan qaynaqlardan əldə etdiyi bilgiyə görə, Ukraynanı 2023-cü ildə tərk edən Oleksandr o vaxtdan bəri ölkəyə qayıtmayıb. Bəzi istisnalarla, Rusiyanın tammiqyaslı hücumu ilə bağlı yaşı 18-60 arasında olan ukraynalı kişilərin ölkədən çıxması qadağandır.

G.Kasayın özü jurnalistlərin suallarına cavabında qızı və qardaşı oğlunun yetkinlik yaşına çatmış, maliyyə baxımından müstəqil olduğunu və ayrı yaşadığını deyib.

O, Dubayda daşınmaz əmlaka xərclənən 1 milyon dolların haradan gəldiyini izah edə bilməyib. Kasay eyni zamanda qardaşı oğluna məxsus şirkətinin hərbi təchizat kontraktı ilə hər hansı bağlılığını da inkar edib.

XS
SM
MD
LG