Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:40

Ukrayna Donetskdə cəbhə xəttinin ‘saxlandığını’ deyir


Soledarın ötən ili avqustunda və bu ilin yanvarında çəkilmiş peyk təsvirləri
Soledarın ötən ili avqustunda və bu ilin yanvarında çəkilmiş peyk təsvirləri

Ötən gecə Ukraynanın şərqi Donetsk vilayətindəki Soledar duz mədənləri şəhərinə Rusiya qüvvələrinin hücumu davam edir. Rusiya artıq bu şəhəri tutduğunu iddia edir.

Rusiya qüvvələri şəhəri artilleriya, raket atəşinə tutublar. Soledar strateji Baxmut şəhərindən şimal-şərqdə yerləşir və onun tutulması Baxmutun zəif mövqeyə düşməsi deməkdir.

Şəhər tamamilə dağıdılıb

“Maxar Technologies” şirkəti yanvarın 11-də Soledarın peyk təsvirlərini yayıb. Fotolarda həftələrdir gedən intensiv döyüşlərin şəhərdə böyük dağıntılar törətdiyi görünür.

Ukrayna Prezidenti Volodimir Zelenski gündəlik videomüraciətində deyib ki, “işğalçıların Soledarı tamamilə dağıtmasına baxmayaraq”, “Donetskdə müdafiə xətti saxlanır”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının ayrıca bəyanatında da döyüşlərin davam etdiyi vurğulanır. Bəyanatda deyilir ki, Donetsk vilayətini tamamilə nəzarətə almaqdan ötrü Rusiya ordusu həm yaxınlıqdakı Baxmuta hücum edir, həm də Soledara gedən təchizat xətlərini kəsməyə çalışır.

Kremlə yaxın biznesmen, “Vaqner” muzdlu döyüşçü qrupunun başçısı Yevgeni Priqojin daha öncə şəhərin tutulduğunu bildirib.

AzadlıqRadiosu isə bu iddiaları təsdiqlədə bilməyib.

Zaporojye atəşə tutulub

Ötən gecə Rusiya ordusunun cənubdakı Zaporojye şəhərini də atəşə tutduğu xəbər verilir. Şəhər şurasının rəsmisi Anatoli Kurtevin dediyinə görə, gecə saat 3-dən sonra qısamüddətli atəş infrastruktura ziyan vursa da, itki olmayıb.

Rusiya oktyabrdan Ukraynada elektrik şəbəkəsini, digər mülki infrastrukturu hədəfə alır, ölkə boyunca elektrik, su, istilik təchizatı pozulur.

Yanvarın 11-də Moskva Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı müharibənin komandanı, general Sergey Surovikini isə ona müavin təyin edib. Surovikin cəmi üç ay öncə komandan təyin olunmuşdu.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun yanvarın 11-də yaydığı dəyərləndirmədə deyilir ki, Rusiya “sursat qıtlığı”ndan əziyyət çəkir, bu isə “Rusiya qüvvələrinin davamlı hücum əməliyyatlarını əngəlləyir”.

XS
SM
MD
LG