Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:47

Aİ-də mərmi istehsalı və Ukraynaya çatdırılması vədlərə heç uyğun gəlmir


Martda Avropanın 155 millimetrlik mərmi istehsalı ilə bağlı illik gücünün 1 milyon ədədə çatdırıldığı bildirilirdi.
Martda Avropanın 155 millimetrlik mərmi istehsalı ilə bağlı illik gücünün 1 milyon ədədə çatdırıldığı bildirilirdi.

Avropa İttifaqının 155 millimetrlik artilleriya mərmiləri istehsal etmək qabiliyyəti, bəlkə də, qurum rəsmilərinin göstərdiyinin yarısından da azdır. Bu da Ukraynanı silahla təchiz etməklə bağlı blokun vədlərinə təsir göstərə bilər.

AzadlıqRadiosu Ukrayna xidmətinin araşdırma qrupu olan "Sxemı"nın və daha bir neçə Avropa media qurumunun aylarla apardığı araşdırmalar Ukraynanın Rusiya hücumundan qarşı özünü qorumasında nəhəng rol oynayan mərmi istehsalı ilə bağlı maraqlı nəticələr əldə edilib.

İstehsal qabiliyyəti məsələsindən başqa, Aİ ölkələri və Ukraynada mərmi istehsalçıları, alıcıları, hökumət rəsmiləri, siyasi müşavirlər və müdafiə ekspertləri ilə müsahibələr Aİ-nın Ukraynaya söz verdiyinin təxminən yarısı qədər mərmi verdiyini və bu işdə ciddi ləngimələrin olduğunu göstərir.

Martda Avropa Komissiyası gördüyü tədbirlər sayəsində Avropanın 155 millimetrlik mərmi istehsalı ilə bağlı illik qabiliyyətinin 1 milyon ədədə çatdırıldığını bildirmişdi.

Üç ay keçmiş, iyunda Avropa daxili bazar komissarı Tyerri Breton demişdi ki, Aİ istehsalçıları bu ilin sonunadək 155 millimetrlik mərmi istehsalı imkanlarını ildə 1.7 milyona çatdıracaq və bundan sonra da bu imkanları artırmağa davam edəcəklər. Ancaq Avropa silah sənayesinə yaxın yüksəkvəzifəli bir mənbə hazırkı imkanların bu deyilən səviyyənin 1/3-ni qədər olduğunu söyləyir.

"Özümüzü indiki istehsal qabiliyyətimizin üç mislinə malik olduğumuza inandırmaq və buna əsasən qərarlar qəbul etmək çox pis fikirdir. Sonra da qəfildən zavodlardan heç nə gəlmədiyi, Ukrayna və NATO ittifaqını təmin edə bilmədiyi üzə çıxır", - həmin mənbə deyib. "Sxemı"nın hesabatında istinad edilən bəzi digər şəxslər kimi, bu mənbə də anonimlik şərti ilə danışıb.

Ukrayna hərbçisi cəbhə xəttinə yaxın mövqedə 155 mm-lik artilleriya mərmilərini atəşə hazırlayır.
Ukrayna hərbçisi cəbhə xəttinə yaxın mövqedə 155 mm-lik artilleriya mərmilərini atəşə hazırlayır.

İldə 580 min

Bu açıqlama jurnalistlərin iyunda danışdığı, bu sahəni təmsil edən daha iki mənbənin dediklərinə uyğun gəlir. Biri Aİ-yə üzv ölkədə, digəri isə Ukraynada yüksəkvəzifəli rəsmi şəxs olan bu mənbələr Avropanın illik mərmi istehsalı qabiliyyətinin yarım milyondan artıq olduğunu deyirlər.

"Aİ rəsmilərinin 155 millimetrlik mərmi istehsalı qabiliyyətini bu ilin sonunadək çatdıracağını açıqladığı səviyyə məntiqli deyil. Avropada istehsalın artımı geri qalır. İndiki toplam istehsal qabiliyyəti təxminən ildə 580 min mərmidir", - Slovakiyadan olan, artilleriya sənayesini təmsil edən, məsələdən məlumatlı mənbə belə deyib.

Anna Mironyuk və Valeria Yehoşinanın sözügedən hesabata dayanaraq qələmə aldığı yazıda deyilir ki, bu ilin əvvəllərində Avropa sənayesinin istehsal imkanlarının yarım milyondan bir qədər çox olduğunu göstərən daha iki sənəd var.

Estoniya Müdafiə Nazirliyinin ötən il dekabrda dərc etdiyi hesabatda deyilir ki, Aİ-nın istehsal imkanları ildə 600 min mərmidir. Bu, Almaniya silah istehsalçısı "Rheinmetall"ın 2024-cü ilin yanvarına aid hesablamalarına uyğun gəlir. Jurnalistlərin əldə etdiyi bu daxili sənəddə deyilir ki, Qərbi Avropa silah istehsalçılarının hamısı birlikdə ilin əvvəlindən bəri təxminən 550 min mərmi hazırlaya bilər.

Avropa Komissiyası jurnalist konsorsiumunun suallarına cavab olaraq bildirib ki, onun Avropanın mərmi istehsalı qabiliyyəti ilə bağlı hesablamaları faktlara dayanır və o bu sənayenin gücləndirilməsinə yatırılan indiki investisiyaları da nəzərə alır.

Silah şirkətləri deyir ki, problem dünyada barıt və partlayıcı maddə çatışmazlığında, eləcə də mərmi sənayesini maliyyələşdirmək üçün pulun azlığında və hökumətlərin uzunmüddətli kontraktlar imzalamaq istəməməsindədir.

Silah istehsalçısı "Nammo"nun Finlandiyadakı zavodunda mərmilər
Silah istehsalçısı "Nammo"nun Finlandiyadakı zavodunda mərmilər

"Bütün azad dünya bu ehtiyacı qarşılaya bilməz!"

"Sxemı" və tərəfdaşlarının söhbətləşdiyi yüksəkvəzifəli hökumət və sənaye mənbələri Ukraynaya mərmi göndərilməsi ilə bağlı ləngimələrin Aİ bürokratiyasından qaynaqlandığını söyləyir. Onların fikrincə, Aİ-nın öz istehsal qabiliyyətini düzgün hesablamaması da təchizatın ləngimə səbəblərindən biridir.

Ukrayna özü bəlli miqdarda mərmi alır və bu ilin ikinci yarısında 155 millimetrlik mərmilərin kütləvi istehsalına başlamağı planlaşdırır. Di gəl, strateji sənaye naziri Oleksandr Kamışin deyir ki, Ukraynanın səyləri heç vaxt yetməz. "Biz heç vaxt indi Silahlı Qüvvələrimizin ehtiyac duyduğu qədər sursat istehsal edə bilməyəcəyik", - o, "Sxemı"ya belə deyib.

Ukrayna Müdafiə naziri Rustem Umerova görə, indiki ehtiyac ayda 200 min mərmidir. Bu, Aİ ilə ABŞ-nin birgə qarşılaya biləcəyindən çoxdur.

"Bütün azad dünya bu ehtiyacı qarşılaya bilməz, axı bizim 1500 kilometrlik aktiv cəbhə xəttimiz var. İkinci Dünya savaşından sonra belə bir şey olmayıb", - Kamışinin sözləridir.

Noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri də gələsi yardımlar və silah təchizatı ilə bağlı Kiyevin təlaşını artırır.

Keçmiş müdafiə naziri Oleksey Reznikov deyir ki, NATO standartlı artilleriya cəbhə xəttində oyun qaydalarını dəyişdirib. Artilleriyası SSRİ-dən miras qalan Ukrayna ilk iri 155 millimetrlik top və mərmi dəstini 2022-ci ilin yazında alıb. Ancaq bu da bir göz qırpımında baş verməyib.

Hücumdan öncə - Rusiya ordusu sərhədə toplaşarkən Kiyev və tərəfdaşları ölkəni müdafiə etmək üçün sovet kalibrli mərmilər axtarırdı. Ukraynanın əlində təxminən min ədəd 122 millimetrlik və 152 millimetrlik artilleriya silahı və yalnız bir 155 millimetrlik NATO standartıma uyğun haubitsa vardı ki, o da ölkənin özündə istehsal edilmiş və yeganə sınaq nümunəsi olan "Boqdana" idi.

Reznikovun "Sxemı"ya dediyinə görə, bunu bilən ABŞ Ukraynaya Əfqanıstan üçün aldığı və Aİ ərazisində saxladığı sovet silahlarını təklif edib.

"Biz amerikalılarla danışıb onların Əfqanıstandakı əməliyyatlar üçün toplayıb Avropada saxladıqları bütün silah anbarlarına tam çıxış əldə etdik", - Reznikovun sözləridir.

Keçmiş hərbi nazir deyir ki, bu silahlar Ukraynaya çox kömək etsə də, bu, çox uzun sürməyib.

"Bizə daha geniş üfüq gərək"

Müxtəlif qaynaqlardan əldə edilən sənəd və açıqlamalar göstərir ki, Avropa rəsmilərinin dəyərləndirmələrinin gerçəkləşməsindən ötrü oradakı silah sənayesinin illik imkanları azı iki-üç dəfə gücləndirilməlidir.

Avropa silah sənayesini təmsil edən çox sayda mənbə bildirir ki, hökumətlər istehsalın genişləndirilməsini maliyyələşdirməyəndə və ya qoyulan xərci kompensasiya etməyəndə şirkətlər iri investisiyalar qoya bilmir; bunun üçün onlara uzunmüddətli kontraktlar lazımdır.

"Bu çətindir, axı biz cihazlara və daha çox işçi cəlb etməyə milyardlarla, yaxud yüz milyonlarla [dollarlıq] investisiyalar yatırırıq. Bizə daha geniş üfüq gərək", - silah sənayesini təmsil edən bir mənbə "The Investigative Desk"ə belə deyib.

XS
SM
MD
LG