Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:30

Ukraynanın bərpası neçəyə başa gələcək?


Kiyev regionunda dağıdılmış kənd
Kiyev regionunda dağıdılmış kənd

Nəsillərboyu duyulacaq dağıntılar

Rusiya-Ukrayna savaşı bir neçə gündən sonra 7-ci ayını tamamlayacaq. Çox böyük coğrafi ərazidə davam etdiyindən dağıntılara məruz qalan ərazilər də çox böyükdür. Üstəlik, Rusiya Ukraynada tək hərbi yox, həm də mülki infrastrukturu hədəf alır. Bütün bu amillər Ukraynada dağıntıların miqyasını genişləndirir. Ölkənin iqtisadiyyat naziri hələ müharibənin əvvəllərində açıqlamışdı ki, savaş başlayandan bəri ölkədə 200 min avtomobil, 10 milyon kvadratmetr yaşayış sahəsi, 8 min kilometr uzunluğunda avtomobil yolları, hava limanları, dəmiryolu xətləri dağıdılıb. Müharibə hələ də davam edir, amma artıq indidən Ukraynanın bərpa planları da işlənməyə başlanıb. Bu günlərdə Ukrayna hökuməti, Dünya Bankı və Avropa Komissiyası Ukraynanın bərpasına dair ortaq hesabat yayımlayıb.

Hesabatda buna diqqət çəkilir ki, Ukraynaya açılan savaşda təkcə maddi infrastruktur itkisindən söhbət getmir. Beynəlxalq qurumların fikrincə, 7 aydır sürən müharibə və dağıntılar Ukraynada mədəni mirasın qorunması, eləcə də iqtisadi inkişaf və yoxsulluğun azaldılması sahəsində son illər qazanılan uğurları da əldən çıxarır. Bu ilin 2-ci rübünə olan nəticələrə görə, Ukraynanın toplam daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb. Ekspertlərin fikrincə, müharibə və dağıntılar ucbatından ortaya çıxan çağırışlar hələ nəsillərboyu hiss ediləcək.

Hesablamalara görə, iyunun 1-dək olan dağıntılar gözə alınsa, Ukraynanın yenidən bərpasına, ən azı, 349 milyard dollar gərək olacaq. Bu vəsaitin 97 milyard dolları yaşayış sahələrinin, nəqliyyat və digər infrastrukturun bərpasına, 252 milyard dolları isə ticarət və istehsalatdakı fasilə ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılmasına sərf edilməlidir. Ancaq savaş sürdükcə bu xərclərin daha da artacağını gözardı etmək olmaz.

Hesabatda qeyd edilir ki, dağıntılara məruz qalan Ukraynanın bərpası bir neçə mərhələdə gerçəkləşdirilə bilər. Birinci mərhələdə məktəb və xəstəxanaların, eləcə də nəqliyyat infrastrukturunun bərpası, qış aylarında ortaya çıxacaq enerji tələbatının ödənilməsi nəzərdə tutulur. İlkin mərhələdəki bərpa tədbirlərinin dəyəri 105 milyard dollar olacaq. Bu baxımdan, Dünya Bankının rəsmisi bildirib ki, Ukraynada həyatın normala dönməsini təmin edə bilmək üçün beynəlxalq ictimaiyyətin maddi dəstəyi kəsilməməlidir.

Yoxsulluq 10 dəfə artacaq

Ukrayna hökuməti, Dünya Bankı və Avropa Komissiyasının hazırladığı hesabatda daha bir diqqətçəkən məqam yoxsulluqla bağlıdır. Hesabatda qeyd edilir ki, bu ilin sonunadək Ukraynada yoxsul sayı 10 dəfə artmış olacaq. Bu o deməkdir ki, hər beş ukraynalıdan birinin yoxsulluq ortamında yaşayacağı ehtimal edilir.

Yoxsulluğun belə kəskin artımı milyonlarla insanın dağıntılar ucbatından köç etməyə məcbur qalmasından, eləcə də artan qida qiymətlərindən qaynaqlanacaq. Hesabatda ayrıca vurğulanır ki, beynəlxalq ictimaiyyət Ukrayna dövlət büdcəsindəki kəsirin aradan qaldırılmasına yardım etməsə, yoxsulluq göstəricisi gözləniləndən də çox arta bilər. Ukraynalı iqtisadçılar bildiriblər ki, müharibə ucbatından çalışanların 40 faizə yaxını öz iş yerini itirib. Hələ də çalışmağa davam edənlərinsə tən yarısı gəlirlərinin azalmasıyla barışmalı olub.

Ukrayna insan kapitalını da itirir

Savaş ucbatından çox sayda insanın Ukraynanı tərk etməsi də gözardı edilməməlidir. BMT-nin ötən ay açıqladığı rəqəmlərə görə, müharibə başlayandan bəri 12 milyon şəxs öz yaşayış yerini tərk etməyə məcbur qalıb. BMT-nin miqrasiya qurumu bildirib ki, hazırda Avropa ölkələrində 7 milyon 278 min ukraynalı qaçqın var. Onların ən çox üz tutduğu ölkələrsə Polşa və Almaniyadır. Polşada Ukraynadan gələnlərin sayı 1 milyon 400 min, Almaniyada 1 milyon nəfərdir. Çexiyada 431 min, İtaliyada 160 min, Türkiyədə 145 min, İspaniyada 143 min, Böyük Britaniyada 122 min, Fransada 101 min ukraynalı qaçqın qeydə alınıb. Azərbaycana gələn ukraynalı qaçqınlar da var. Avqust ayına olan göstəriciyə görə, müharibədən sonra Azərbaycana gələn ukraynalı qaçqınları sayı 4 min 639 nəfərdir. Qafqaz ölkələri arasında Gürcüstanda bu rəqəm 26 minə, Ermənistandan isə cəmi 489-a bərabərdir.

Gələcəklə bağlı gözləntilər necədir?

Ukrayna Mərkəzi Bankı bugünlərdə yaydığı açıqlamada bildirib ki, münaqişə səngisə, gələn il yenidən ÜDM-də artım qeydə alına bilər. Bu ilin 2-ci rübündə ölkə iqtisadiyyatında 37 faizlik azalma qeydə alınsa da, avqust ayında bəzi müsbət tendensiyalar da baş verib. Bunun əsas səbəbi Ukrayna, Türkiyə və Rusiya arasındakı razılaşmaya əsasən, Ukrayna limanlarından taxıl tədarükünə şərait yaranmasıdır.

Ölkədə baş verənlər fermerlərin fəaliyyətinə də təsirsiz ötüşməyib. Son dövrlər Ukraynadan taxıl məhsullarının ixracı dayandığından anbarlar hələ də doludur. Bu səbəbdən fermerlər taxıl əkdikləri sahələrin həcmini ötən illə müqayisədə 25-35 faiz azaldırlar. Gözəçarpan daha bir tendensiya artıq bir çoxlarının bitki yağları istehsalında istifadə edilən bitkilərə yönəlməsidir. Ölkədə taxıl ixracının çətinləşməsi taxıl əkən fermerlərin gəlirini də azaldır. Eyni zamanda, ölkədə bazara yetəcək qədər taxıl ehtiyatları qalmaqdadır. Bu səbəbdən ukraynalı fermerlər günəbaxan və soya kimi bitkilərin əkinini genişlədirirlər.

XS
SM
MD
LG