Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:46

Ukrayna Rusiyaya ağır dron zərbələri endirir


"Kavkaz" portundakı bərənin vurulması anı
"Kavkaz" portundakı bərənin vurulması anı

Rusiyanın Volqoqrad vilayətində dronların gecə hücumu nəticəsində Marinovka hərbi aerodromunda yanğın baş verib.

Vilayətin qubernatoru Andrey Boçarovun sözlərinə görə Marinovkaya hücum dəf edilib və dronların böyük əksəriyyəti vurulub.

Boçarov əlavə edib ki, dronun düşməsi nəticəsində “Müdafiə Nazirliyinin obyektində” yanğın başlayıb.

Daha sonra aerodromun yerləşdiyi Kalaçevsk rayonunun başçısı Roman Qorbatı bildirib ki, xilasedicilər dron qırıntılarının düşməsi nəticəsində baş vermiş yanğının özəyini söndürə biliblər.

Yerli sakinlər hadisələri əks etdirən foto və videoları sosial mediada paylaşıblar. “Ostorojno, novosti” və Astra teleqram kanalları bildirirlər ki, hərbi şəhərciyin sakinləri təxliyə olunublar.

NASA-nın yanğınlar xəritəsinə əsasən avqustun 22-ə keçən gecə Marinovka aerodromunun ərazisində bir neçə yanğın olub.

Hərbi hava bazasının avqustun 19-da çəkilmiş peyk fotolarında ərazidə iyirmiyədək hərbi təyyarə və səkkiz yük maşını görünür. Ehtimal olunur ki, bu yük maşınlarında Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi Şahed tipli dronlar ola bilərdi. Wikimapia-nın məlumatına görə dronlar aerodromun ərazisindəki raket anbarını da dağıda bilərdilər.

Bu arada “Kavkaz” portunda yanacaq sisternlərindən ibarət qatarı daşıyan bərəyə hücum edilib.

Krasnodar diyarı qərargahının məlumatına görə bərədə yanğın baş verib.

Bəzi teleqram kanallarında iddia olunduğuna görə bərə keçidinin olduğu yerdən havaya tüstü qalxıb.

SHOT teleqram kanalının məlumatına görə Ukraynanın Neptun raketi sahilə yan almış gəmini vurub. Bu xəbər hələ ki, müstəqil qaydada təsdiq edilməyib.

Az sonra verilən xəbərdə deyilir ki, “Kavkaz” portunda zərbəyə məruz qalan dəmir yolu bərəsi batıb.

Rostovdakı neft bazası 5-cü gündür ki, yanır

Ötən bazar günü Rostov vilayətindəki Proletarsk neft bazasında Ukrayna dronlarının zərbəsi nəticəsində başlanmış yanğın beşinci gündür ki, davam edir.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Xidmətinin xüsusi aviasiyası, xüsusi yanğınsöndürən qatarlar və 500-dən artıq xilasedici cəlb olunub.

Avqustun 22-də yanğın nəticəsində xəsarət alanların sayı 49-a çatıb. Onlardan vəziyyəti çox ağır olan 7 nəfərini FHX-nin Peterburqdakı xəstəxanasına aparıblar. İki nəfərin reanimasiyada olduğu xəbər verilir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə dron hücumu nəticəsində bazada əvvəlcə hər birində 5 min kubmetr dizel yanacağı olan 20 sistern od tutub.

Yanğından qalxan qara tüstü 25 kilometrlik məsafəyə yayılıb.

Avqustun 22-də TASS xəbər vermişdi ki, 6 sisterndəki yanğını söndürmək mümkün olub.

Bununla belə yerli hakimiyyət orqanları Proletarsk rayonu sakinlərinin evakuasiyasını planlaşdırmırlar. Onlar deyirlər ki, tüstü yaşayayış massivi tərəfə getmir.

XS
SM
MD
LG