Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

Zelenski: Şimali Koreya Rusiyaya silah və əsgər göndərir


Kiyevin iddiasına görə, Rusiya Ukraynaya Şimali Koreya istehsalı olan raketlər atır
Kiyevin iddiasına görə, Rusiya Ukraynaya Şimali Koreya istehsalı olan raketlər atır

Ukrayna prezidenti Volodimir Zelenski iddia edir ki, rəsmi Pxenyan Rusiyanın Ukraynada təcavüzkar müharibəsini dəstəkləmək üçün əsgər və silah göndərib. Bu, rəsmi Kreml ilə Şimali Koreya arasında müttəfiqliyin getdikcə güclənməsinin əlamətidir.

Ukrayna mediasının məlumatına görə, okytabrın 3-də Rusiyanın işğal etdiyi şərqi Donetskə Ukraynanın endirdiyi raket zərbəsi nəticəsində altı Şimali koreyalı hərbçi öldürülüb.

Müstəqil mənbələr iddiaları təsdiq etməsə də, oktyabrın 13-də sosial şəbəkələrin birindəki ənənəvi axşam paylaşımında ilk dəfə olaraq Zelenski səsləndirdiyi iddiaları təkrarlayıb.

“Məsələ təkcə silahların tədarükündən getmir. Əslində, Şimali Koreyadan işğalçı hərbi qüvvələri dəstəkləmək üçün insanlar göndərilir", - o deyib.

Zelenski iddialarını təsdiqləyəcək hər hansı bir sübut səsləndirməyib. Lakin Ukraynada 32 aydır davam edən tammiqyaslı hərbi müdaxilə zamanı rəsmi Moskva ilə İran və Şimali Koreya kimi ölkələr arasında getdikcə bərkiyən münasibətlər fonunda sonuncunun münaqişədə rolunun barədə mülahizələr genişlənir.

Vaşınqtondakı hərbiyönümlü beyin mərkəzlərindən biri Rusiyaya bir müddət əvvəl Şimali Koreyadan bir neçə min hərbçinin gətirildiyini və yaxın zamanda Ukraynada davam edən müharibədə istifadə ediləcəkləri barədə məlumat yayıb.

Ta müharibə başlayandan...

Moskva 2022-ci ilin fevralında tammiqyaslı hərbi müdaxiləyə başlayandan Şimali Koreyanın Rusiyanı silah və sürsatla təmin etməsi barədə məlumatlar var.

Cənubi Koreya kəşfiyyatı iddia edir ki, rəsmi Pxenyan Rusiyaya yaxın mənzilli raket və artilleriya mərmiləri tədarük edir. Kreml həmin iddialı rədd etsə də, Ukrayna prezidentinin söylədiklərinə heç bir münasibət bildirməyib.

Zelenski deyib ki, cərəyan edən hadisələr Rusiyaya “təzyiqi artırmaq və daha böyük müharibənin qarşısını almaq üçün” Ukraynanın Qərb tərəfdaşlarından “daha böyük dəstəyə” ehtiyac olduğunu göstərir.

“Ukraynanın uzaq-mənzilli hədəfləri vurmaq imkanları və silahlı qüvvələrimiz üçün daha qəti dəstək barədə danışanda, söhbət təkcə hərbi avadanlığın siyahısından getmir. Həmçinin işğalçıya təyziqin artırılmasından gedir,” - Zelenski deyib.

Rəsmi Kiyevin tərəfdaşlarından davamlı hərbi dəstək almaq üçün Zelenski ötən həftə Böyük Britaniya, Almaniya, Fransa və İtaliyaya səyahət edib.

Bayden Almaniyaya gedəcək

Ukrayna və Yaxın Şərqdəki vəziyyət bu həftənin sonu Almaniyada bu ölkənin liderləri ilə görüşəcək ABŞ prezidenti Co Baydenin (Joe Biden) gündəmində duran vacib məsələlərdən biri olacaq.

Berlindəki hökümət mənbələri söyləyir ki, ABŞ-da tüğyan edən Milton qasırğasına görə Almaniyaya səfərini təxirə salan Bayden oktyabrın 18-də bu ölkəyə bir günlük səfər edəcək.

Bayden 10-12 oktyabrda Ukraynanı dəstəkləyən 50-dən çox müttəfiqi ilə rəsmi Kiyevə bundan sonrakı dəstəyi müzakirə etmək üçün Ramştayn qrupu kimi tanınan Ukraynanın Müdafiəsi kontakt qrupun nümayəndələri ilə görüş keçirməli idi.

Rusiya iddia edir ki, oktyabrın 13-də Pokrovsk şəhərinin cənubunda və Selıdove şəhərinin astanasında yerləşən Mixaylivka şəhərini ələ keçirə bilib. Bir neçə həftədir hərbi qüvvələr bu istiqamətdə irəliləyir.

Rəsmi Moskva 60 minlik əhalisi olan mədən şəhəri Pokrovsku hələ sonuncu hücuma keçməmişdən əvvəl ələ keçirmək istəyir.

Rusiya tərəfi açıqlayıb ki, bombardman və hücumlara görə 8 min uşaq daxil olmaqla Ukrayna ilə sərhəd bölgəsində yaşayan 30 min 415 nəfəri təxliyə edib.

Rusiya ombudsmanı Tatyana Moskalkova yerli KİV-lərə açıqlayıb ki, təxliyə edilənlər ölkəboyu yaradılan minədək müvəqqəti sığınacaqlara yerləşdirilib.

XS
SM
MD
LG