Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:01

‘Ukrayna əldən getsə, hamımız gedəcəyik’. ‘M-1 tanklarını görməyəcəksiz’


Ukrayna ordusunun Kiyev regionunda ələ keçirdiyi T-72 tankı
Ukrayna ordusunun Kiyev regionunda ələ keçirdiyi T-72 tankı

Çexiya aprelin 5-də Ukraynaya T-72 tankları və BVP-1 piyada döyüş maşınları göndərib. Metsola Avropanın yardımı bu yolla artırmalı olduğunu vurğulayıb

Ukraynadakı müharibə Avropa Parlamentinin demokratiyanın güclü müdafiəçisi kimi cəsarət və liderlik göstərməsi üçün sınaqdır. Bunu qanunverici orqanın prezidenti Roberta Metsola AzadlıqRadiosu-nun Gürcüstan xidmətinə deyib.

Metsola geniş müsahibəsində Avropa ittifaqını Ukrayna üçün daha çox iş görməyə çağırıb.

“Ukrayna sağ qalmalıdır”

“Biz seçim etməliyik. Ya Ukraynanı xilas etməliyik, ya ona arxamızı çevirməliyik. Arxamızı çevirmək o deməkdir ki, bizə demokratik lider, dünyada azadlığı dəstəkləyən qlobal siyasi güc kimi baxan ölkədən üz çeviririk”, – Metsola söyləyib.

Maltalı siyasətçi Metsola Ukraynanın yalnız əlavə hərbi avadanlığa deyil, həm də əsgərlərinin işlətməyi bacardığı silahlara ehtiyacı olduğunu vurğulayıb. Çexiya aprelin 5-də Ukraynaya T-72 tankları və BVP-1 piyada döyüş maşınları göndərib. Metsola Avropanın yardımı bu yolla artırmalı olduğunu vurğulayıb.

Aİ-nin indiyədək göstərdiyi 1.2 milyard avroluq maliyyə yardımının misli görünməyib, amma prezident deyir ki, “Ukrayna sağ qalmalıdır. Biz kömək etməliyik, Ukraynanın bu müharibəni udmasını təmin etməliyik, çünki əks halda bütün Avropa əldən gedəcək”.

“Rusiyalılar onların arxasına keçə bilərlər”

Rusiya Ukraynada strateji hədəflərini dəyişdiyini, əməliyyatların şərqi Donbas regiona cəmləşəcəyini elan edib. Kiyev və Çerniqov ətrafındakı qüvvələrin isə geri çəkildiyi xəbər verilir. Bəs, Ukrayna Rusiyanın Donbasda yeni hücumuna necə hazırlaşa bilər? AzadlıqRadiosu ABŞ Dəniz piyadalarının istefada olan polkovniki, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin aparıcı müşaviri Mark Kankianla bu haqda söhbət edib.

Kankianın fikrincə, rusiyalılar indi etdiklərini əslində üç həftə öncədən etməli, yəni, qüvvələrini daha çox uğur qazandıqlarını ərazilərə cəmləməliydilər. “İndi bu cənubda, Mariupol ətrafında baş verir, onlar həmçinin şimaldan və şərqdə Donbas regionundan gəlirlər”, – o deyir.

“Rusiyanın hücumunun hədəflərindən biri Donbasdakı uğurları artırmaq, həmin əraziləri ələ keçirməkdir. Ona görə də qüvvələri oraya səfərbər etməkləri təəccüblü deyil. Bu, ukraynalıları üçün bir az təhlükəlidir, çünki rusiyalılar onların arxasına keçə bilərlər”, – Kankian söyləyir.

M-1 yox, T-72

Ekspert Qərbin Ukraynanı silahlandırmağa davam edəcəyini söyləyir.

“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun təyyarə və tanklarının bir faizini əldə etməkdən danışırdı. Ancaq onların işlətmədiyi avadanlıq üçün təlim proqramları, saxlama proqramları... illər olmasa da, aylar çəkər. Buna görə də ABŞ istehsalı M-1 tanklarını Ukraynada görməyəcəksiniz.

Amma digər tərəfdən onlara T-72 tankları göndərmək daha məntiqlidir. Məncə, Polşanın MiG-29 təyyarələri də bir gün Ukraynada görünəcək. ABŞ bu transferə hazırlaşmadığına mətbuat konfransında eyham vurdu. Onlar bunu sakitcə edirlər, T-72-lərlə etdikləri kimi, onların haradan gəldiyini açıqlamadılar... sadəcə Ukraynada peyda oldular”, – Kankian deyib.

Əsas məsələ sursat təchizatıdır

Bəs, yeni növ silahlar Ukraynaya növbəti həftələrdə döyüşdə üstünlük qazandırmazdımı? Təhlilçi döyüşdə əsas məsələnin sursat təchizatında olduğunu deyir.

“Qərbin təkcə tank və təyyarə əleyhinə silahlar deyil, artilleriya mərmiləri, güllələr, gündəlik təchizat göndərməsi dəhşətli şəkildə vacibdir, çünki ukraynalıların döyüşü davam etdirməsinə imkan verir... Tanklar və təyyarə kimi böyük avadanlıq diqqət çəkir, onları da göndərmək lazımdır, amma ən vacibi sursat axınını təmin etməkdir.

Nəzərə alın ki, rusiyalılara bu təchizat gəlmir. Onlar mərmiləri, sursatı ölkənin digər yerlərindən gətirməlidirlər, elə böyük sürətlə də istehsal etmirlər. Ona görə də onların təchizatı tükənəndə ukraynalılarda davamı gəlir”, – Kankian vurğulayıb.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb. Qərb Rusiyaya sərt maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG