Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:36

Qərb Ukrayna üçün təhlükəsizlik qarantiyaları hazırlayır


Prezident Zelenski G7 sammitinin iştirakçıları ilə
Prezident Zelenski G7 sammitinin iştirakçıları ilə

ABŞ və onun Avropa müttəfiqləri Ukrayna üçün təhlükəsizlik qarantiyaları üzərində işləyirlər, lakin belə qarantiyalar barədə razılaşma 2024-cü ildən tez əldə oluna bilməyəcək.

Bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadla yazır.

Bu mənbələrin məlumatına görə bu istiqamətdə Kiyevlə danışıqlara hələ ki, yalnız Vaşinqton və London başlayıblar. Yaxın həftələrdə Parisin də bu prosesə qoşulacağı xəbər verilir.

Mənbələr qəzetə deyiblər ki, Ukrayna üçün qarantiyaların işlənməsi çox ağır zəhmət tələb edən prosesdir.

Buna görə də sözü gedən qarantiyalar üçün tərəflərin öhdəliklərinin necə olacağına dair vahid mövqe hələ ki yoxdur.

Tramp seçilsə...

Qəzet yazır ki, müttəfiqlər “müharibənin qızğın çağında” Kiyevlə Ukraynanın gələcək hərbi ehtiyacları məsələsini müzakirə etməlidirlər.

The Wall Street Journal qəzetinin müsahibləri bildiriblər ki, Avropa ABŞ-da 2024-cü ildə Donald Trampın prezident seçiləcəyi təqdirdə onun Ukrayna üçün xərcləri azalda biləcəyindən narahatdır.

Bundan başqa Avropa məmurları əmin olmalıdırlar ki, Avropa İttifaqının müdafiə müəssisələri Qərbin hərbi ehtiyatlarının azaldılmaması şərtilə Ukraynaya lazımı silah-sursatı istehsal etmək iqtidarında olacaqlar.

Qəzetin yazdığına görə bu da nəzərə alınmalıdır ki, Avropa İttifaqı ölkələrinin heç də hamısının müdafiə sənayesinin gücü ABŞ-ın gücü ilə müqayisə oluna bilməz.

İsrail variantına bənzər qarantiyalar

Kiyev və Vaşinqton Ukrayna üçün təhlükəsizlik qarantiyaları üzərində avqustun əvvəllərindən işləyirlər. Sonradan London da bu prosesə qoşulub.

Ukrayna tərəfi ümid edir ki, qarantiyalara dair ilk razılaşmaları bu ilin sonunadək əldə etmək mümkün olacaq.

Ukrayna prezidenti Volodimir Zelenski özünün son müsahibələrindən birində deyib ki, Kiyev ABŞ-dan onun İsrailə verdiyi qarantiyalara bənzər qarantiyalar ala bilər.

İsrail NATO üzvü deyil və alyans üzvləri ona hücum təqdirində köməyə gəlmək öhdəliyinə malik deyillər.

Buna baxmayaraq İsrail Yaxın Şərqdə ABŞ-ın əsas partnyorudur və Vaşinqtondan müntəzəm hərbi yardımlar alır.

XS
SM
MD
LG