Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:42

Ukrayna niyə Xersonu hələki geri ala bilmir?


Ukrayna qüvvələri Dnepr çayı üzərindəki Antonov körpüsünü yarasız hala salıb
Ukrayna qüvvələri Dnepr çayı üzərindəki Antonov körpüsünü yarasız hala salıb

Ukrayna bu yay Rusiya ordusunun Xerson vilayətindən qovulmasına yönəlik hazırlıq kampaniyasına başlayıb

Ukrayna bu yay Rusiya ordusunun Xerson vilayətindən qovulmasına yönəlik hazırlıq kampaniyasına başlayıb.

Ukrayna Silahlı Qüvvələri son həftələrdə düşmənin komanda mərkəzlərini və silah-sursat anbarlarını məhv edib, təchizat xətlərini kəsib, strateji körpüləri dağıdıb, üstəlik işğalçılara qulluq edən yerlilərə qarşı əməliyyatlar keçirib. Onlardan bəziləri avtomobil partlayışlarında öldürülüb.

The New York Times yazır ki, bütün bunlara baxmayaraq Xerson vilayəti üzərinə hücuma hazırlaşan Ukrayna əsgərləri hələ də səngərlərdə oturublar.

Buna səbəb odur ki, təchizat xətlərinin qırılması Rusiya ordusunun artilleriyadakı üstünlüyünü poza bilməyib. Rusiya qüvvələrinin hələ də kifayət qədər ağır texnikası və artilleriya sursatı var.

Qəzetin yazdığına görə, məhz bu səbəbdən Ukrayna ordusunun indi əks-hücuma keçməsi çox sayda canlı qüvvənin qurban verilməsi ilə nəticələnə bilərdi. Ola bilsin ki, bunu etmək heç mümkün olmasın.

Bunu Nikolayev vilayətində “Ada” ləqəbli 33 yaşlı ukraynalı leytenant deyir. Onun başçılıq etdiyi hərbi dəstə Xerson yaxınlığındakı Rusiya mövqelərindən bir neçə kilometr aralıdır:

“Şübhəsiz ki, bizim hücuma keçməyimiz lazımdır. Mən həqiqətən də inanıram ki, bu tezliklə baş verəcək. Amma bizə bunun üçün ağır silahlarda kəmiyyət üstünlüyü lazımdır. Təəssüf ki, bu məsələdə problemlərimiz var”.

Səmada üstünlük olmasa...

Qəzet yazır ki, Ukrayna qarpız və pomidoru bol olan qaratorpaq Xerson vilayətinin itirilməsini ağır yaşayır. Bu vilayət demək olar ki, bütünlüklə müharibənin ilk həftələrində itirilib.

Rusiya qüvvələri bura ilhaq olunmuş Krımdakı hərbi bazalardan hücuma keçiblər. O vaxtdan bəri Ukrayna hakimiyyəti Xersonun qaytarılmasını planlaşdırır, lakin bunu etmək elə də sadə məsələ deyil.

The New York Times yazır ki, Rusiya hələki qoşun və sursat sayında üstünlüyünü saxlaya bilir. Üstəlik son həftələrdə Moksva bu əraziyə Donbas cəbhəsindən əlavə qüvvələr çəkib gətirib.

Məqalədə deyilir ki, Ukrayna ordusu Rusiya qüvvələrini hətta kəndlərdən çıxara bilsə də, Xersonun özündəki döyüşlər son dərəcə ağır olacaq.

Amma Ukraynanın vaxtı da çox deyil. Kreml sentyabrın ortalarında bu ərazidə qondarma referendum keçirib vilayəti öz ərazisi elan etməyi planlaşdırır.

Məhz buna görə də ekspertlərin fikrincə prezident Volodimir Zelenski və onun generalları yaxın vaxtlarda böyük hücuma başlamalı olacaqlar.

St. Andrew’s Universitetinin strateji tədqiqatlar professoru Filipp O’Brayen bu barədə qəzetə bunları deyib:

“Ukraynalıların üzləşdikləri real məhdudiyyətlər bundan ibarətdir ki, döyüş şəraitində irəliləmək çox ağırdır. Əgər səmaya tam nəzarət yoxdursa, deməli öz qoşunlarının qarşısındakı ərazini təmizləmək imkanı da yoxdur. Belədə irəli gedən dəstələr darmadağın edilə bilər”.

Rusiya Xersondan özü çıxarmı?

Bununla belə O’Brayen və başqa ekspertlər qeyd edirlər ki, Xersondakı Rusiya qoşunlarının vəziyyəti ağırdır. Ukrayna qüvvələrinin bu regionda artıq bir neçə həftədir ki, hücum əməliyyatları keçirməməsinə baxmayaraq, onların uzaqdan artilleriya kampaniyası ilk töhfələrini verir.

Bu kampaniya regiondakı Rusiya qoşunlarının silah, texnika və canlı qüvvə ilə təchizatını yavaşıdıb.

Ukraynalılar ABŞ-ın HIMARS raketləri ilə Rusiya əsgərlərini Dnepr çayının sol sahilindəki təchizat xətləri ilə birləşdirən üç körpünü dağıdıblar.

İndi sual bundan ibarətdir ki, Ukrayna bu təzyiqi saxlaya biləcəkmi? Əgər bunu etmək mümkün olsa, Kreml öz qüvvələrinə Xersondan sol sahilə çıxmaq əmrini verməyə məcbur ola bilər.

Lakin Ukrayna Silahlı Qüvvələrinin iki vəzifəli nümayəndəsi Rusiya komandanlığının bu niyyətdə olduğunu görmədiyini deyir.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Ben Barri qeyd edir ki, Rusiya Xerson vilayətinə əlavə qüvvələr və çox sayda hərbi texnika göndərib.

Bu isə o deməkdir ki, Rusiya qoşunları təchizat xətləri tam qırılandan sonra da bir müddət döyüşə biləcəklər. Bundan başqa rusiyalılar körpülər olmadan da silah ehtiyatını artıra bilərlər:

“Qalan qüvvələrdən təcrid olunmaq perspektivi Rusiyanın Xersondakı qoşunlarının əhval-ruhiyyəsini azaldacaq. Amma digər tərəfdən Rusiyanın çox sayda hərbi ponton körpüləri, bərələri və çay gəmiləri var”.

Həftələr yox, aylar lazım gələcək

CNA institutunda Rusiya araşdırmaları üzrə direktor Maykl Kofmen isə inanır ki, Ukrayna qüvvələrinin təzyiqi uzun müddətdə Xersondakı Rusiya ordusunun ağır vəziyyətini dözülməz edə bilər.

Onun fikrincə buna həftələr yox, aylar lazım gələcək. Belə təzyiq Ukrayna qüvvələrini başqa kampaniyaların aparılması üçün lazımi resurslardan məhrum edə bilər:

“Rusiya hərbçilərinin Xersonda ələ keçirdikləri mövqelər ən azı müdafiə imkanı verir. Lakin Xersonun körpülər və dəmir yolları ilə əlaqəsinin kəsilməsi bura sursatın gətirilməsini çətinləşdirə bilər. Bu isə öz növbəsində rusiyalıları şəhər ətrafındakı mövqelərə çəkilməyə məcbur edərdi”.

Leytenant “Ada” deyir ki, Xerson vilayətinin hüdudlarındakı səngərlərdən baxanda Rusiya ordusunun buradan qovulması asan görünmür.

O bildirir ki, Rusiya qüvvələrinin atəşləri hər gün çox sayda Ukrayna döyüşçüsünü tələf və ya şikəst edir.

100 kilometrlik Xerson cəbhəsi boyunca bir vaxtlar firavan Ukrayna kəndləri xarabalığa çevrilib və tərk edilib.

Ukrayna komandirləri və analitikləri deyirlər ki, istənilən hücum əməliyyatı üçün indikindən daha çox əsgərə və texnikaya ehtiyac var.

Hazırda hər iki ordu eyni vaxtda bir neçə cəbhədə döyüşməli olur.

XS
SM
MD
LG