Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:44

Kürdəxanı təcridxanasından işgəncə iddiaları gəlir. Rəsmilər təkzib edir


Kürdəxanı təcridxanası
Kürdəxanı təcridxanası

Bu həftə sosial mediada ən çox müzakirə olunan mövzu korrupsiya araşdırmaları ilə tanınan AbzasMedia nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin saxlandığı təcridxanada işgəncələrlə bağlı məktubu idi. Ənənəvi mediada isə bu mövzuya az sayda müstəqil agentlik və vebsaytlar diqqət ayırdı.

Ü.Həsənli Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında bu ilin ilk altı ayı ərzində şahidi olduğu 58 işgəncə və qeyri-insani rəftar halı qeydə aldığını yazır.

Ü.Həsənli ötən ilin noyabrından qaçaqmalçılıq ittihamı ilə həbsdədir. Onun ardınca bir sıra həmkarları, eləcə də digər müstəqil orqanlarının əməkdaşları eyni ittihamla saxlanılıb. Amma jurnalistlər, yerli və beynəlxalq hüquq müdafiəçiləri ittihamları qurama sayır, media mənsublarının peşə fəaliyyətinə görə cəzalandırıldığını deyirlər.

Cəza növləri

AbzasMedia direktoru Kürdəxanı təcridxanasında bəzi məhbusların qandalla korpuslarda dəmir barmaqlıqlar olan arakəsmələrdən asıldığını, dubinka ilə döyüldüyünü, dustağı yerə yıxaraq üstünə çıxıb döyüldüyünü, tapdalandığını, saç-saqqalın qırxıldığını, söyüldüyünü, təhqir olunduğunu, hədələndiyini yazır: "Hansısa qaydanı pozduğuna görə, yaxud da cinayət törətməkdə şübhəli bilinərək saxlanılan məhbusları etiraz edib haqqını tələb etdiyinə görə axşam və ya səhər gətirib korpuslardakı "kars"lara salır, "reşotka" arakəsmələrə qandallayırlar".

Ü.Həsənli işgəncələrlə bağlı dəfələrlə Penitensiar Xidmətə, təcridxana rəhbərliyinə, Ombudsmana müraciət edildiyini, amma ciddi tədbir görülmədiyini vurğulayır. O yazır ki, bütün koridorlarda Ombudsmanın "916" qaynar xətti, Azərbaycan və ingilis dillərində "İşgəncəyə yox!" (No to torture!) şüarları vurulub. Amma məhbuslara işgəncələr də elə bu plakatların altında verilir. O, məhbuslara işgəncə verdiyini yazdığı məmurların adlarını da qeyd edir, onları "işgəncə kralları" adlandırır.

Ülvi Həsənli
Ülvi Həsənli

Ü.Həsənlinin işgəncə hesabatına Penitensiar Xidmət reaksiya verib. Qurumdan "Turan"a bildirilib ki, son altı ay ərzində 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərdən Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, eləcə də qaynar xəttinə hər hansı şikayət və müraciət daxil olmayıb: "Mütəmadi olaraq istintaq təcridxanasında saxlanılan şəxslərin vəkillər və ailə üzvləri ilə görüşləri olur. Həmin şəxslərin vəkillərindən və ailə üzvlərindən də Penitensiar Xidmətə işgəncə və ya qeyri insani rəftarla bağlı hər hansı müraciət daxil olmayıb".

Ombudsman Aparatından bu işgəncə iddialarına, hələlik, münasibət açıqlanmayıb.

Siyasi fəal Yadigar Sadıqlı sosial şəbəkə hesabında yazır ki, o da Kürdəxanıda olanda işgəncələr, döyülmələr haqqında eşidib, amma uzaqdan: "Belə kütləvi və şəffaf deyildi. Siyasi məhbusun kamerası qarşısında işgəncə kamerası təşkil etməzdilər, ən azından. Dustağın öz hüququnu tələb etdiyinə görə işgəncə görməsini eşitməmişdim. Yazıdan gestapo və NKVD qoxusu gəlir".

CPT-nin hesabatında nələr vardı

Ü.Həsənlinin məktubu iyulun 31-də yayılıb. İyulun 3-də isə Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi (CPT) rəsmi bəyanat yayaraq, Azərbaycanın onlarla əməkdaşlıq etmədiyini deyib, həm də ölkəyə 2022-ci ildə xüsusi səfərinin icmalını açıqlayıb.

Komitə qeyd edirdi ki, "hesabatlarında polis əməkdaşlarının yol verdiyi pis rəftar, hətta işgəncə hərəkətlərinə dair iddiaları detallı göstərib", ancaq Daxili İşlər Nazirliyi belə hallara son qoymaq üçün Komitənin çoxdan irəli sürdüyü tövsiyələri yerinə yetirməyib.

Rəsmi qurumlardan bircə XİN bu ictimai bəyanatın yayılmasından təəssüfünü bildirdi, 2022-ci ildəki xüsusi səfərlə bağlı hesabatın tam dərcini "əvvəllər presedenti olmayan qərar" adlandırdı, hüquqi baxımdan sual yaratdığını vurğuladı.

'Oğluma 'Bandotdel'in zirzəmisində işgəncə veriblər'
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

Bəs, həmin hesabatda nə deyilirdi?

CPT Bakıda baş çəkdiyi təcridxanalarda işgəncə, digər pis-rəftar iddialarına yer ayırmışdı. Əsasən cinayət şübhəlilərinin dilə gətirdiyi iddialar qeydə alınmışdı. Hesabatda deyilir ki, şübhəli saxlanılarkən ilkin dindirmələr zamanı əməliyyatçı polis zabitlərinin pis rəftarına məruz qalması iddiaları var. Bu zaman zorakılığın məqsədi isə şübhəliləri etirafa imza atdırmaq, informasiya verməyə, əlavə ittihamları boynuna götürməyə məcbur etməkdir. Pis rəftar/işgəncə növlərinə gəlincə, sillə, yumruq, təpik, adamların başlarına, bədənlərinin digər yerlərinə dəyənək, yaxud taxta çubuqla vurmaq kimi zorakılıq halları sadalanır, həm də bu zaman şübhəlilərin əliqandallı olduğu deyilir.

"Nümayəndə heyətinə ayaqların altına dəyənəklə vurulması (falaqqa) barədə də iddialar daxil olub. Bundan başqa, nümayəndə heyəti digər təhdid növləri (düz bağırsağa butulka salmaq, elektrik cərəyanı vermək), eləcə də şəxslərin qohumlarına qarşı təzyiqlər barədə də iddialar alıb", - hesabatda vurğulanırdı.

CPT Azərbaycanı bütün bu mənfi hallara son qoymaq üçün gerçək səylər göstərməyə çağırırdı.

Rəsmilərin təkzibinə baxmayaraq, işgəncə iddiaları az qala hər bir siyasi fəalın məhkəməsində eşidilir. Elə ABŞ Dövlət Departamenti də 2022-ci ilin dekabrında "bandotdel" kimi tanınan Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Əlimərdanovu sanksiya siyahısına salmışdı. DİN isə onun insan haqlarını pozması iddialarını təkzib edirdi.

CPT-nin hesabatında da "bandotdel"in, həmçinin DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının saxlananlara qarşı pis rəftarına dair iddialardan söz açılır.

MSK-nın gizli saxladığı sənədlər: Prezident seçkisi əslində neçəyə başa gəldi?
Gözlə

No media source currently available

0:00 0:07:51 0:00

AŞPA seçkiyə dəvət olunmayıb, ATƏT DTİHB isə...

Azərbaycanın Avropa Şurasının digər qurumu AŞPA ilə də münasibətlərindəki gərginlik qalır. Qurum fevral prezident seçkilərində olduğu kimi, 1 sentyabr növbədənkənar parlament seçkilərinə izləməyə də dəvət olunmayıb. Azərbaycan nümayəndə heyətinin mandatı yanvarda dondurulduqdan sonra Bakı bu qurumla əməkdaşlığı dayandırdığını bildirib. Parlament seçkisini izləməyən AŞPA onun legitimliyini qəbul edəcəkmi? Azərbaycan hakimiyyəti ilə hər hansı danışıqlar aparılırmı? AzadlıqRadiosunun bu suallarına AŞPA-dan hələlik, cavab gəlməyib.

Bu həftə ATƏT DTİHB-nin müşahidə missiyası parlament seçkiləri ilə bağlı fəaliyyətə başladığını elan edib. Burada diqqətçəkən məqam missiyanın aralıq hesabat hazırlamayacağı barədə açıqlaması oldu. Missiyanın ilkin rəyi sentyabrın 2-də ictimaiyyətə açıqlanacaq. İndiyədək ölkədə keçirilən seçkilərlə bağlı ATƏT DTİHB aralıq, ilkin və yekun hesabatlar hazırlayıb.

Frank Şvabe
Frank Şvabe

Adətən yerli müşahidəçilər, müxalif qüvvələr ATƏT-in hesabatlarını daha sərt olmadığını əsas gətirərək tənqid edirlər. Ancaq AŞPA-nın Almaniyadan deputatı Frank Şvabe bu ilin fevralında AzadlıqRadiosuna deyirdi ki, ATƏT həmişə diplomatik dildən istifadə edir: "Avropa Şurası da belədir, qaydalarımız var. Biz aydın şəkildə "azad və ədalətli, demokratik olmayan" ifadəsini işlətmirik. Biz durumu təsvir edirik".

Elə bu ilin fevralında prezident seçkisindən sonra ATƏT DTİHB-nin seçki müşahidə missiyasına rəhbərlik edən İoğan Mörfi də seçkidə bir-birinə oxşar imzalar, qruplar şəklində səsvermədə iştirak, qutuların lazımi şəkildə möhürlənməməsi kimi halların müşahidə olunduğunu söyləyib: "Bundan başqa, bir sıra hallarda qutularda bülletenlərin sayı səs vermiş adamların sayından çox olub".

ATƏT-in budəfəki seçki dəyərləndirməsi əvvəlkilərdən fərqlənəcəkmi, bunu düz bir aydan sonra biləcəyik.

Gələn həftə, avqustun 9-da isə parlament seçkilərində təşviqat başlayır. Mərkəzi Seçki Komissiyasının rəsmisi 50-dən çox media subyektinin namizədlərin ödənişli əsaslarla təşviqat üçün müraciət etdiyini deyib. AzadlıqRadiosu təşviqat qiymətlərin namizədlər üçün münasib olub-olmadığını, dövlət hesabına təşviqat imkanlarını öyrənəcək.

AzadlıqRadiosu həmçinin seçki debatlarına başlayıb. Sosial şəbəkə hesablarımızda yayımlanan debatlarda ölkədə seçki mühiti ilə bağlı müxalifət və hökumətyönlü siyasətçi, təhlilçilərin fikirlərini izləyə bilərsiniz.

XS
SM
MD
LG