Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:36

'Dövlət valideynlik funksiyasını yerinə yetirmir'


Zibillikdən plastik qab yığan İlqarla qızı iki aydı qazancsız qalıb...
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Zibillikdən plastik qab yığan İlqarla qızı iki aydı qazancsız qalıb... (Arxiv. 2020)

Avqustun 28-də Prezident İlham Əliyev Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramını təsdiqləyib. Proqramın bir hissəsi uşaqların sosial müdafiəsinə yönəlib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci ildə cəmi üç küçə uşağı qeydə alınıb. 2021-ci ildə isə bu rəqəm 19 təqdim edilmişdi. Amma müstəqil ekspertlər belə uşaqların sayının daha çox olduğunu deyir.

"Maaşımın böyük hissəsi elə kirayəyə gedir"

Ölkədə Bakı şəhəri üzrə 1, 2, 3 nömrəli, habelə Gəncə, Şəki və Lənkəran şəhər uşaq evləri fəaliyyət göstərir, lakin oradakı uşaqların sayı açıqlanmır. 2023-cü ilin dövlət büdcəsindən uşaq evləri üçün 5.1 milyon manat vəsait ayrılıb.

Məzunların da bəziləri müxtəlif qayğılardan şikayətçidirlər. Uşaq evlərinin birinin məzunu Məmmədova (adının çəkilməsini istəmir) AzadlıqRadiosuna bildirib ki, 18 yaşı tamam olandan sonra dostlarının köməyi ilə kirayə evə köçüb: "İşləməyə başladım. Hazırda restoranların birində işləyirəm. Maaşımın böyük hissəsi elə kirayəyə gedir. Yeməyimi elə işdə yeyirəm. Müdir sağ olsun, iki dəfə yemək verir bizə. Əlbəttə ki, öz evim olsa, işim xeyli yüngülləşərdi".

Dövlətin gördüyü işlərdən...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, uşaq müəssisələrinə düşmək riski olan 3 min 234 uşaq müxtəlif şəhər və rayonlarda təşkil edilən günərzi qayğı mərkəzlərində xidmətlərə cəlb olunub: "879 uşaq ailələrinə qaytarılıb. Əlilliyi olan uşaqların digər ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili diqqətdə saxlanılıb. Bu kateqoriyadan olan 386 uşağın xarici ölkələrdə ixtisaslaşmış reabilitasiya kursu keçməsi təşkil edilib".

Vurğulanıb ki, valideyn himayəsindən məhrum, sosial xidmət və təhsil müəssisələrinin məzunlarının yaşayış problemlərinin həlli ilə bağlı ciddi tədbirlər görülüb: "Bu məqsədlə çoxmənzilli binalar inşa edilərək həmin kateqoriyadan olan 590 gəncin istifadəsinə verilib".

"Daha çox maşınyuma yerlərində işləyir, ya da..."

"Qadın üçün" təşəbbüs qrupunun təsisçisi Zümrüd Yağmur isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda uşaqların müdafiəsi ürəkaçan deyil: "İnternat, uşaq evlərində böyümüş uşaqların durumu, həqiqətən də, acınacaqlıdır. Uşaq evində böyüyən uşaqların 18 yaşı tamam olandan sonra sosial evlər, iş yerləri ilə təmin olunması ilə bağlı ciddi, ardıcıl dövlət proqramlarının həyata keçirilməsinə dair məlumatlar əldə edə bilmərik".

Ekspertin fikrincə, dövlət valideynlik funksiyasını yerinə yetirmir: "Bizim xırda araşdırmamız olub. Həmin araşdırmaya görə, küçədə yaşayan qızların bir çoxu seks işçiliyi ilə məşğul olmağa məcburdur, çünki onların başqa seçimi yoxdur. Oğlanlar isə daha çox maşınyuma yerlərində işləyir ya da "qul bazarı"nda dayanırlar".

Z.Yağmurun sözlərinə görə, uşaq evlərində və internatlarda uşaqlara münasibətin özü də ürək ağrıdandır: "Qəribə bir şəkildə uşaqlar orada işləyən müəllimlərin, tərbiyəçilərin insafına buraxılıb. Elə bir mexanizm qurulmalıdır ki, həmin işçilər ora öz xarakterini götürə bilməsin və uşaqla humanist davranmağa məcbur olsun".

XS
SM
MD
LG