Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:06

‘Cəsəd yoxdursa, ödəniş də yoxdur’. Vaqner ölümləri ailələrdən gizlədir


Krasnodarda Vaqner döyüşçülərinin məzarlığı
Krasnodarda Vaqner döyüşçülərinin məzarlığı

İlk dəfə 2022-ci ilin noyabrında Vitali Votanovski ilə əlaqə saxlayıb Vaqner muzdlu döyüşçü şirkətinin tərkibində Ukraynada vuruşan şəxsi tapmasını istəyiblər.

22-yaşlı Andrey Karginin xalası “Telegram”da ona mesaj göndərərək bacısı oğlunun başına nə gəldiyini öyrənmək istədiyini deyib. Bütün sənədləri dolduran qadına yaxınının öləcəyi halda ona xəbər veriləcəyi bildirilib. Ancaq Vaqner-dən heç kim onunla əlaqə saxlamayıb. Qadın çarəsizlikdən tanınmış yerli bloger və ictimai fəal Votanovski ilə əlaqə saxlayıb. Şimali Qafqazda yaşayan Votanovski Moskvanın bir ildən bəri Ukraynada apardığı müharibədə ölənlərin real sayını araşdırmaqla məşğuldur.

Artıq fevralın sonunda Votanovski Ukraynada öldürülən Vaqner döyüşçülərinin dəfn edildiyi xüsusi məzarlıqda Karginin qəbrini tapmışdı. Vaqner nə onun xalası ilə əlaqə saxlayıb, nə onun ölümü haqda xəbər verib, nə də qadından dəfndə iştirak etmək istəyib-istəmədiyini soruşub. Ona çatan yeganə xəbər Votanovskinin çəkdiyi foto olub.

O zamandan bəri Vaqner qrupunun tərkibində Ukraynada vuruşan yaxınlarının taleyindən xəbər tutmaq istəyən çox sayda ailə Votanovskiyə müraciət edir.

Qara-sarı əklillər...

AzadlıqRadiosunun regional “Kavkaz.Realii” xidmətinə danışan Votanovski Ukraynada öldürülənlərin qəbirlərini axtarmağa başladığından bəri Rusiyanın cənubunda, Stavropol və Volqoqrad kimi şəhərlərdə, hətta Belarus və Qazaxıstanda yaşayan ailələrin yaxınlarını tapdığını deyir. Əksər hallarda ailələrə məlumat verilmədiyi üzə çıxır. Ailələr yaxınlarının həyatda olmadığını Votanovskinin “Teleqram” kanalındakı fotolarından öyrənirlər.

"Yalnız bir halda arvadına döyüşçünün ölməsi haqda xəbər verilmişdi… Qalanı heç bilmirdi. …Sonuncu səfərimdə üzərində qeyri-standart qara-sarı əklillər olan çox sayda qəbir tapdım – çox adam yaxınlarının taleyi haqda belə xəbər tutdu”, – Votanovski deyir.

O qara-sarı əklillər Ukraynada öldürülən Vaqner döyüşçülərinin qəbirlərinin rəmzinə çevrilib. Vaqner qrupu, xüsusən də son aylarda Ukraynanın şərqindəki Baxmut və Soledar şəhərləri ətrafındakı döyüşlərdə böyük itkilər verib.

Votanovski ilk bu cür Vaqner məzarlığını dekabrda Krasnodar regionunda yerləşən Bakinskaya kəndində aşkar edib.

Beş milyon rubl ailələrə çatırmı

Vaqner qrupu məhbuslara Ukraynada vuruşmaq qarşılığında cəzalarının yumşaldılması ilə yanaşı öləcəkləri halda ailələrinə beş milyon rubl (71 min dollar) da vəd edib.

Ukraynada ölən Vaqner döyüşçülərinin ölüm xəbərinin ailələrinə verilməməsinin bilərəkdən atılan addım olduğu haqda spekulyasiyalar var.

"Əlbəttə, Vaqner üçün onların hamısını bir yerdə basdırmaq mürəkkəb logistika işləri ilə məşğul olmaqdan və bütün o cəsədləri Rusiyanın hər yerinə və hətta qonşu ölkələrə göndərməkdən daha asandır. Ancaq bu həm də onların həm ölənlərə, həm də onların ailələrinə əsl münasibətini nümayiş etdirir”, – Votanovski deyir.

Ailələrə xəbər verilməməsinin dəqiq səbəbi bilinmir.

Səbəblər

AzadlıqRadiosu ekspertlər, fəallar, keçmiş Vaqner muzdluları və öldürülən döyüşçülərin ailə üzvlərindən müsahibə alıb. Onların bəziləri bunun təşkilatçılığın zəif olması, son aylarda döyüş meydanında artan itkilər fonunda yaranan maliyyə xərcləri, müharibənin doğurduğu digər praktik səbəblərlə bağlı olduğunu güman edir.

Rusiyanın həbsxana sistemi üzərində fokuslanan Gulagu.net insan haqları təşkilatının təsisçisi Vladimir Oseçkin deyir ki, ailələrə xəbər verilməməsi və pul ödənilməməsinin əsas səbəbi, xüsusən də həbsxanalardan toplanmış döyüşçülərin dəyərsiz sayılmasıdır.

O, təşkilatının araşdırmasına istinadən Vaqner döyüşçülərinin çox zaman pul məsələsində aldadıldığını bildirir. Oseçkin əlavə edir ki, kommunikasiyanın olmaması və söz verilən pulların ödənməməsi “Priqojinə həbsxanadan istənilən adamı götürüb ölümə göndərmək haqqı və imkanı verildiyi” sistemin bir hissəsidir.

AzadlıqRadiosu Votanovski ilə əlaqə saxlayan yeddi ailənin üzvləri ilə danışıb. Onlar Rusiya hökumətinin təqibindən ehtiyatlanaraq kimliklərinin göstərilməməsini xahiş ediblər.

Ərinin dəfnində iştiraka icazə verilməyib

Ölən döyüşçülərdən birinin həyat yoldaşı Priqojinin vəd etdiyi pulun ona gəlib çatmadığını deyir. Ərinin döyüşə getməsindən əvvəl bütün sənədlərin imzalanmasına rəğmən onun kompensasiya almaq cəhdlərinə məhəl qoyulmayıb. O, ərinin öldüyünü Votanovskinin kanalından öyrəndiyini söyləyir.

Əri Vaqnerin tərkibində vuruşarkən ölən başqa bir qadın bildirir ki, ona ərinin dəfnində iştiraka icazə verilməyib və qəbri başqa vaxt ziyarət edə biləcəyi deyilib.

Qohumu həbsxanadan Vaqnerə yazılan və Ukraynada ölən bir qadın Müdafiə Nazirliyi və islah koloniyasına məktub yazdığını, ancaq cavab almadığını danışır.

ABŞ hökumətinin hesablamalarına görə, Ukraynaya 50 min Vaqner döyüşçüsü göndərilib və onların 30 mini ölüb və ya yaralanıb.

“Həddindən çox cəsəd var”

Ukraynada Vaqner komandiri olan, sonradan Norveçə qaçaraq siyasi sığınacaq istəyən Andrey Medvedev AzadlıqRadiosuna deyib ki, ölən döyüşçülərin ailələrinə ödənişlərin göndərilməsi ilə bağlı çətinliklər əsasən şirkətin böyük itkilərlə üzləşməsi və ailələrin hər birinə vəd edilən pulun köçürülməsinin real olmamasıdır.

"[Döyüşçülərdən] topun qarşısına qoyulan ət kimi istifadə olunub. Həddindən çox cəsəd var və sadəcə, yetərincə pul yoxdur”, – Medvedev söyləyir.

Keçmiş muzdlu deyir ki, bütün bunlara baxmayaraq, Vaqner Rusiya daxilində nüfuzuna xələl gəlməsindən çəkindiyi üçün bəzi ailələrə məlumat verir.

Ancaq o həm də Vaqnerin get-gedə artan itkiləri fonunda vəd edilən pulu ala bilməyən ailələrin sayının da artacağını deyir.

Medvedev hələ Vaqnerin tərkibində olarkən ölən əsgərlərin yerindəcə basdırılaraq komandir tərəfindən itkin düşmüş kimi qeydə alındığı hallara şahid olduğunu bildirir.

Onun sözlərinə görə, bir dəfə bir döyüşçü dostu Ukrayna mövqeyi yaxınlığında öldürülüb və komandir onun ailəsinin kompensasiya almayacağını deyib. Çünki cəsədi Rusiyaya göndərmək mümkün olmayacaqdı.

"Cəsəd yoxdursa, ödəniş də yoxdur. …Mən başda olmaqla bir qrup [döyüşçü] gedib onu gətirdik ki, evə göndərilə bilsin”, – Medvedev xatırlayır.

XS
SM
MD
LG