Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:48

Mehman Əliyevə təcridxanada yeni qadağalar qoyulub


Mehman Əliyev barmaqlıqlar arxasında. İllüstrasiya. Gündüz Ağayev
Mehman Əliyev barmaqlıqlar arxasında. İllüstrasiya. Gündüz Ağayev

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin telefon danışıqlarına və ailə üzvləri ilə görüş hüququna məhdudiyyət qoyulub. Bu haqda AzadlıqRadiosu-na Mehman Əliyevin vəkili Fariz Namazlı məlumat verib.

Sentyabrın 7-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşən vəkilin sözlərinə görə, məhdudiyyət Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktorunun müavini Qurban Mehrəliyevin 30 avqust 2017-ci il tarixli qərarı əsasında tətbiq olunub.

Buna da bax:​ Mehman Əliyevin şikayətinə baxılacaq tarix açıqlandı

Fariz Namazlı
Fariz Namazlı

“Mehman Əliyev mütəşəkkil dəstənin üzvü deyil ki...”

Fariz Namazlı Mehman Əliyevin telefon danışığı və görüş hüququnun məhdudlaşdırılmasını qanunsuz və əsassız sayır. Vəkil məhdudiyyət qərarının surətini almaq üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə müraciət edəcək.

“Mehman Əliyev vergi cinayətində ittiham olunur. Onun telefon zəngləri və görüş hüququnun məhdudlaşdırılmasının hüquqi və məntiqi əsası yoxdur. Başa düşmək olmur ki, niyə məhdudlaşdırıblar. Mehman Əliyev qatı cinayətkar, mütəşəkkil dəstənin üzvü deyil ki, bu cür məhdudlaşdırma ilə onun digər qrup üzvləri ilə əlaqəyə girməsinin qarşısı alınsın. Bu baxımdan, qərar tam əsassız və qanunsuzdur”, - Fariz Namazlı belə deyir.

Buna da bax: Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'

Xatırlatma

Mehman Əliyev avqustun 24-də dindirməyə çağrılıb və şübhəli şəxs qismində tutulub. Avqustun 25-də isə Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 7-nə qədər həbs-qətimkan tədbiri seçilib.

M,Əliyevə Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Buna da bax:​ İctimai xadimlər prezidentdən Mehman Əliyevin azadlığını istədilər

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları, hələ də istintaqa çağırılmaqdadırlar.

XS
SM
MD
LG