Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:32

Vergilər Nazirliyi Cahangir Hacıyevdən 1 milyon 752 min manat tələb edir


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Vergilər Nazirliyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev haqqındakı hökmdən narazı qalıb. Çünki Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin keçmiş bankirə qarşı 1 milyon 752 min manatlıq mülki iddiası təmin olunmayıb. Ona görə C.Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 18 nəfər haqqında hökmdən nazirlik də apellyasiya şikayəti verib.

Təqsirləndirilən 21 nəfərdən isə ancaq həbsdə olan iki nəfər – C.Hacıyev və D.Xəlilov, şərti cəza alanlardan da Sərxan Rəsulov hökmdən narazı qalaraq, apellyasiya məhkəməsinə üz tutub. Noyabrın 4-də onların şikayətlərinə baxılıb.

Vergilər Nazirliyinin əməkdaşı Qoşqar Bədirxanov deyir ki, mülki iddianın təmin olunmasını tələb edirlər. Bu vergi tələbi «Aztorq» MMC-nin fəaliyyətiylə bağlıdır. İddia olunur ki, şirkətə faktiki C.Hacıyev və D.Xəlilov rəhbərlik edib. Bu şirkət 2011-2014-cü illərdə 1 milyon 752 min manat vergi ödəməkdən yayınıb. Ona görə də indi nazirlik həmin məbləği onlardan tələb edir.

Onların vəkilləri isə bu tələblə razılaşmır. Noyabrın 2-də məhkəmədə də deyiblər ki, nəinki Vergilər Nazirliyinin iddiası, ümumiyyətlə, Beynəlxalq Bank işi üzrə sentyabrda çıxarılan hökm qanunsuz və əsassızdır.

«Beynəlxalq Bankın problemlərinin həlli məqsədilə 2015-ci ildə prezidentin sərəncamıyla «Aqrarkredit» QSC yaradıldı. Bu qurumun rəhbəri Məmməd Musayev hələ 2017-ci ildə deyib ki, problemli kreditlərin təxminən 3.2 milyard manatı qaytarılıb. 9600-dən çox problemli aktiv qəbul edilib. Bəs o aktivlərin taleyi necə oldu? Axı, götürülən kreditlərə yaradılan müəssisələr banka, «Aqrarkredit»ə qaytarılıb. Təkcə Qazaxıstandakı üç neft yatağı ilə bütün kreditləri bağlamaq olardı», – vəkil Fəxrəddin Mehdiyev belə deyir.

Digər müdafiəçilər də Beynəlxalq Bank işi üzrə istər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, istərsə də Bakı Ağır Cinayətlər Məhkəməsində gerçək araşdırma aparılmamasından, həqiqətin üzə çıxması üçün verilən vəsatətlərin heç birinin təmin olunmamasından gileyləniblər.

C.Hacıyev və D.Xəlilov deyib ki, onlar da danışmaq istəyirlər, amma çıxışa hazırlaşmaq üçün onlara vaxt lazımdır.

Beynəlxalq Bank işi üzrə məhkəmə noyabrın 25-nə saxlanılıb.

Xatırlatma

Beynəlxalq Bankın keçmiş rəhbəri, bundan öncə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyev sentyabrın 5-də əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib.

2015-ci il dekabrın 4-dən həbsdə olan C.Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəmişdi. D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG