Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:36

'Vüsal Ələkbərov işi': 'Məbləği MTN idarə rəisinin otağında dedilər'


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Bir neçə il əvvəl fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra həbs olunanlardan biri də işadamı Arzu Kazımov idi.

Bir müddət əvvəl həbsdən buraxılmış Arzu Kazımovun adı MTN işində də keçir. Aprelin 14-də o, MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi olmuş, polkovnik Vüsal Ələkbərovun məhkəməsində dindirilib.

Arzu Kazımovun qardaşı Nizami Kazımov və qaynı Hüseyn Səfərov bu işdə zərərçəkənlər sırasındadır. Vüsal Ələkbərov onları qanunsuz həbs edib, milyonlarla pul alandan sonra azadlığa buraxmaqda ittiham olunur.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

“DEDİM, O QƏDƏR PULUMUZ YOXDUR”

"Mənə MTN-dən zəng elədilər, dedilər ki, Vüsal Ələkbərov MTN-ə çağırır. Mən MTN-ə gəlməyəcəyimi bildirdim. Bir qədər sonra həmin müstəntiq yenə zəng vurdu, dedi ki, Vüsal Ələkbərovla əlaqə saxlayım. Zəng elədim. Həmin gün Vüsalla MTN-nin arxa hissəsində görüşdük, qardaşım və qaynım haqda danışdı. Onların həbsdən çıxmasından ötrü hər birinə görə 2 milyon manat tələb elədi. Dedim ki, o qədər pulumuz yoxdur. Bundan sonra Vüsal bir söz demədi və getdi", – Arzu Kazımov ifadəsində belə deyib.

İşadamı bildirib ki, qohumları buraxılmadığından bir müddət sonra keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb. Keçmiş nazir deyib ki, hər ikisinin işi araşdırılacaq, lazımı köməklik göstəriləcək.

Bundan sonra MTN-nin İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevlə görüşüb: "Xidməti otağında qardaşımın və qaynımın həbsdən azad edilməsi üçün tələb olunan məbləğin verilməli olduğunu dedi. Vüsal Ələkbərov da orada idi".

Buna da bax: Vüsal Ələkbərov işi: MTN polkovniki hakimlərə arxasını çevirdi

Arzu Kazımov deyir ki, qohumları o vaxt ödənilən pullara görə bu gün də kredit ödəyirlər.

Amma Vüsal Ələkbərov bildirib ki, yalandı, adları çəkilən adamların həbsdən buraxılması üçün o, pul istəməyib: "O pul zərərçəkənlərə ödəniləsi pul olub. Zərərçəkmişlərə vurulan ziyan ödəniləndən sonra hər ikisi sərbəst buraxılıb".

“BİZİM GÜCÜMÜZƏ İNDİ RAHAT YAŞAYIRSIZ”

Bu zaman Arzu Kazımovla Vüsal Ələkbərov arasında mübahisə yaranıb:

– Görüşümüzdə Vüsal Ələkbərova dedim ki, ikisinin həbsdən azad olunması üçün 500-600 min düzəltməyə bəlkə gücümüz çatar. Bizim iki milyon dollara gücümüz çatmır.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Sərhəd Qoşunlarının 'Texnikabank'da...

– Şahid həbsxana həyatı yaşayıb, əziyyət görmüş adamdır. Fikirləşirdim ki, burada düzünü danışar. Həmin vaxt Mövlam müəllim ona deyib ki, zərərçəkmişlərə dəymiş ziyanı ödəyin, həm Nizami Kazımovun, həm də Hüseyn Səfərovun cəza məsələsinə baxıla bilər.

– Hamıya məlumdur ki, MTN-də nə işlər görürdüz, nə edirdiz...

– Biz MTN-də şərəfli iş görmüşük. Bizim gücümüzə bu gün rahat yaşayırsız. Biz heç kimə hədə-qorxu gəlməmişik, şər-böhtan atırlar. Şər-böhtana görə burada oturmuşuq. Mənim Arzu Kazımovla, ümumiyyətlə, görüşüm olmayıb, onu Mövlam müəllimin xidməti otağında görmüşəm. Mövlam müəllim də deyib ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilməlidir. Bundan sonra Nizami Kazımov və Hüseyn Səfərovun həbs qətimkan tədbiri dəyişdirilə bilər.

Buna da bax: 'Vüsal Ələkbərov işi': Zərərçəkənlər daha bir generalın həbsini istəyir

Məhkəmədə həmçinin keçmiş MTN-nin İstintaq İdarəsində, hazırda da DTX-da müstəntiq işləyən Rövşən Hüseynov şahid kimi dindirilib. O, "Texnikabank”ın rəhbəri olmuş Etibar Əliyev və digərlərinin işi üzrə istintaqı aparanlar arasında olub. O deyib ki, zərərçəkən iş adamı Akif Qurbanovu saxlamasını, onun MTN-ə çağırılmasını xatırlamır.

Məhkəmə aprelin 28-də davam edəcək.

XATIRLATMA

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Qürurunuz olsun, pulumuzu qaytarın!'

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasət adamının, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

XS
SM
MD
LG