Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:21

Xaricə iş dalınca gedənlərin sayı artır


'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

'45 yaşından yuxarı adamlara iş yoxdur' (Video arxiv)

"Azərbaycanda iş tapa bilməyib, son çarə xaricdə işləmək istədim. Nəticədə pulumdan da oldum, vaxtım da getdi, hələ də işsizəm", – bu sözləri AzadlıqRadiosuna xaricdə iş vədlərinə inanıb aldadıldığını deyən Ceyhun Mirzəyev bildirib.

Şokolad fabrikində, avtomobil zavodunda iş imkanı…

Azərbaycanda rəsmi rəqəmlərə görə, işsizlərin sayı 307 min nəfərdir, yəni, işsizlik səviyyəsi 5.76 faizdir. Ancaq müstəqil iqtisadçılar bu rəqəmlərin daha çox olduğunu istisna etmirlər. 29-yaşlı Ceyhun Mirzəyev də işsiz Azərbaycan gənclərindən biridir. O, ali təhsil almasa da, usta yanında maşın təmirini öyrənib və uyğun işlərdə çalışıb. Lakin gəlirin azlığı, iş imkanlarının çətinliyindən təngə gələn Mirzəyev internetdə gördüyü "xaricdə iş" elanı ilə maraqlanıb. O deyir ki, bir müddət sonra bu marağı başına oyun açıb.

"500 dollar ilkin ödəniş şərti ilə iki aya xaricdə işləməyə göndəriləcəyi yazılmışdı. Facebook-da da bu şirkətin paylaşımlarına baxanda xaricdə işlə təmin edilmiş vətəndaşları və onların rəsmi sənədlərini gördüm. İnanmamaq qeyri-mümkün idi. Bir az da mənim kimi savadsız adamların gözünü boyamaq asandır. Borc-xərc 500 dolları tapıb, soyadını bilmirəm, amma adı Orxan olan birinə ödədim. Mənə Almaniya, Çexiya, Polşada yerləşən şokolad fabrikləri, Norveçdə balıq fabriki, Estoniyada, Amerikada avtomobil zavodu, Varşavada metlax ustası və ev təmiri ilə bağlı işlərdən birini seçmək şansı verildi. Mən də az-çox başım çıxan avtomobil işini istədim. Əlavə 245 manat da ödəniş etdim. Müqaviləyə əsasən, vizam 45 günə hazır olacaqdı. 45 gün oldu dörd ay, uzun müddət xəbər çıxmadı", – Mirzəyev bildirib.

Ceyhun Mirzəyevin sözlərinə görə, bu xəbərsizlik onun ürəyinə şübhə toxumu səpib. Orxan adlı həmin şəxs də onun ardıcıl zənglərini cavabsız qoyub, "Əhmədli" metrostansiyası yaxınlığında görüşdükləri evə isə dəfələrlə getsə də, üzünə qapı açan olmayıb.

"Kasıbın belindən vuran çox olar. Sonradan öyrəndim ki, mənim kimi güclə çörəkpulu qazanan beş-altı adamı aldadıb. Şikayət eləyiblər onlardan bəziləri. Hələ ki, cavab yoxdur. Amma ümidimi kəsməmişəm, çünki eyni formada camaatı aldadanların həbs edildiyini gördük televizorda xəbərlərdə…", – o söyləyib.

Ölkədən iş dalınca çıxıb əliboş qalanlar

Əli Əliyev xaricdə işə düzəltmə şirkətinin vasitəsilə 2021-ci ildə Polşaya üz tutub. 1000 dollara yaxın xərci çıxan Əliyev Varşavaya çatdıqdan sonra işləməyi nəzərdə tutulan müəssisənin rəhbərliyi telefon zənglərini açmayıb. Bir həftə sonra aldadıldığının fərqinə varan Əliyev son pulu ilə bilet alaraq Azərbaycana geri qayıtmağa məcbur qalıb.

"Aylıq 600 manat gəlir ilə beş nəfərlik ailəni saxlamağa çalışırdım. Bakıda yaxşı maaşlı iş olsa, neynirəm 45 yaşında xaricə getməyi. Amma yox idi, dörd il universitet oxuyub güc-bəla iş tapmışdım, 20 ildir də orada işləyirdim. Polşada aylıq 5 min manata qədər qazancı olan iş təklifi məni şirnikləşdirdi. Uşağımın universitet ödənişi üçün ayırdığım pulu verdim ki, qazanıb Bakıya göndərərəm. Rəsmi müqavilə də bağladıq. Getdim ki, Varşavada zavodda qaynaqçı işləyim. Bakıda olanda internet ilə danışdığım nömrə cavab vermədi Varşavadan zəngə. Bir həftə küçə-küçə gəzdim, nə elə zavod var, nə də Bəhruz adlı zavod rəhbəri. Kor-peşman qalan pulum ilə Bakıya gəldim. Sonradan bilmişəm ki, saxta imiş. Ona sevinirəm ki, Varşavadan məni Azərbaycan hökuməti saxta sənədə görə həbs etmədi", – o, AzadlıqRadiosuna söyləyib.

Müsahibimiz deyir ki, eyni adamın yalanına qurban olan 20 nəfər ilə birgə şikayət ediblər. Onlara deyilən son məlumata görə, istintaqın nəticəsinə uyğun olaraq verdikləri pulun qaytarılması nəzərdə tutulur. Lakin istintaqın nə vaxt başa çatacağı bəlli deyil.

Xaricdə iş adı ilə aldadılanların sayı az deyil

2020-ci ildən bugünə kimi hüquq-mühafizə orqanlarının və medianın məlumatına əsasən, xaricdə işədüzəltmə şirkətlərinin aldatdığı şəxslərin sayı 200-ə çatıb. İl keçdikcə zərərçəkənlərin sayının artdığı müşahidə olunur. Belə ki, 2020-ci ildə 40 nəfərin zərər çəkdiyi rəsmi şəkildə təsdiqlənib, 2021-ci ildə isə bu say 70 nəfərə yüksəlib.

AzadlıqRadiosu Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan xaricdə iş adı ilə zərərçəkmiş şəxslərin, eləcə də bununla bağlı məsuliyyətə cəlb edilənlərin ümumi sayını öyrənə bilməyib. Bu qurumların rəsmi saytlarında bununla bağlı statistika yoxdur. DİN sonuncu dəfə 2022-ci ilin noyabrında Bakı sakini Anar Rzayevin dörd nəfərin müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsədiyini açıqlayıb. 2021-ci ildə 35 nəfəri digər ölkələrdə iş ilə təmin edəcəyini deyərək 141 min manat mənimsəyən Ruslan Tağıyev barədə cinayət işi başladılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proses bitəndən sonra Tağıyevin aldığı cəza barədə ictimaiyyətə hər hansı informasiya açıqlanmayıb. İki il öncə eyni şəkildə 31 şəxsi aldadan Vüsal Məmmədov barədə cinayət işi açılıb. Lakin istintaqın nəticəsi barədə məlumat əlçatımlı deyil.

Qanun nə deyir

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) tələb edilir. Xüsusi razılıq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Xarici ölkədə işə düzəlməsi haqqında xarici işəgötürənlə imzalanmış müqavilə sözügedən nazirlik tərəfindən təsdiq edildikdən sonra vətəndaşlar həmin müqavilə əsasında xarici ölkəyə işləməyə göndərilə bilər.

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi qaydalarının pozulması ilə bağlı cəza ötən il sərtləşdirilib, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, müxtəlif ölkələrə iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları ƏƏSMN-ə təqdim etməyən şirkətlər 500- 1000 manat arası cərimə oluna bilər.

Xaricdə işə düzəltmə adı ilə insanları aldadan şəxslərə dələduzluq, mənimsəmə, rəsmi sənədi saxtalaşdırma maddələri ilə cinayət işi açıla bilər. Onlar 1000 manatdan 2000 manatadək cərimələnə, ictimai, islah işləri, 2 ilədək azadlığın məhdudlaşdırılması, yaxud 2 ilədək azadlıqdan məhrum etməyə məhkum oluna bilər. Ancaq cəzalandırma üçün minimum 500 manat məbləğində dələduzluq faktı olmalıdır. Ziyan bundan az olduqda şəxs yalnız inzibati məsuliyyətə cəlb olunur.

Cinayət işləri niyə açılmır

Hüquq müdafiəçisi İlkin Qasımlının sözlərinə görə, hüquq-mühafizə orqanları xaricdə işədüzəltmədə rast gəlinən dələduzluq faktları ilə bağlı cinayət işləri başlamaqda maraqlı deyil, təsadüfi hallarda başlanır. Bir çox hallarda cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilir və vətəndaşa mülki qaydada məhkəmələrə müraciət edilməsi məsləhət görülür.

"Bu da ona işarə verir ki, vətəndaşa 500 manatadək, eləcə də 500 manatdan artıq məbləğdə ziyan vurularkən əksər hallarda günahkar şəxs cinayət məsuliyyətindən kənarda qalır. Məbləğ nəzərə alınmadan cinayət işi açılmalıdır, hazırkı cəza isə artmalıdır. Azərbaycan hüquq müstəvisində həbs müddəti artırılan işlərdə cinayətlərin azaldığı müşahidə edilir. Boşluqlar da aradan qaldırılmalıdır. Məsələn, ƏƏSMN hansı müəssisəni qeydiyyata alıbsa, bu barədə bütün aidiyyəti qurumlar – Miqrasiya İdarəsi, DİN, Prokurorluq, Vergi Xidmətinə məlumat verməli, insanlar arasında maarifləndirmə işləri aparılmalıdır", – o söyləyib.

Zərərçəkənlər ilə yanaşı, xaricdə işləmək istəyənlər də artır

Bakının Yasamal rayonunda xüsusi icazə ilə fəaliyyət göstərən xaricdə işədüzəltmə şirkətindən AzadlıqRadiosuna bildirilib ki, hər ötən müddətdə Azərbaycan vətəndaşlarının digər ölkələrə iş dalınca getmək istəyi artıb: "2020-ci ildə 110, 2021-ci ildə 230 nəfər xaricə işləməyə gedib. Ölkədə iqtisadi-sosial durum pisdir, hökumət də bu adamların işsiz qalmaması üçün xaricə getməsində maraqlıdır. Əsasən Almaniya, Polşa, Çexiya, Niderland, Belarusda əməkdaşlıq etdiyimiz yerli və xarici şirkətlərə göndəririk. Müharibəyə qədər Rusiya ilə Ukraynaya da gedənlər var idi. Son altı ayda onların sayı kəskin azalıb", – deyən rəhbərlik bu ilin ilk beş ayında 130 nəfərin xaricdə işlə təmin olunduğunu vurğulayıb. Şirkətin beş illik fəaliyyət dövründə isə minlərlə gəncin xaricə gedib ölkəyə qayıtmadığı bildirilir.

Bu şirkətin əməkdaşlıq etdiyi, Almaniyada yerləşən, təsisçilərindən biri azərbaycanlı olan şirkətdən bildirilib ki, onlara iş üçün müraciət edən azərbaycanlıların sayı ilbəil artır. Şirkət təmsilçisi aldadılan insanların sayının da paralel artdığını qeyd edir: "Ən çox azərbaycanlılar və gürcüstanlılarla işləyirik. Azərbaycanlıların çoxu yoxsulluqdan buraya gəlib, işləyərək özlərini yaxşı saxlaya bilir. Amma xaricdə iş adı ilə ən çox aldadılanlar da elə azərbaycanlılardır. Neçəsi gəlib qapımızı döyür ki, kömək edək. Biz isə qanunsuz gələnləri himayə etmirik deyə, razılaşmırıq. Digər dövlətlər vətəndaşlarının qədrini daha çox bilir".

Xaricdə işədüzəlmə əslində necə qurulmalıdır

İşədüzəltmə üzrə mütəxəssis Abdulla Hüseynli AzadlıqRadiosuna digər ölkələrdəki işədüzəltmə proqramlarının Azərbaycandakı sistemdən fərqli olduğunu deyir. Məsələn, Türkiyədə bu iş özəl məşğulluq agentliklərinin səlahiyyətindədir, dövlət yalnız vətəndaşının məhkumluq və indiyə kimi aldığı cəzaların siyahısını təqdim edir. İnkişaf etmiş ölkələrdə iqtisadi duruma görə yox, sadəcə maraq üçün xaricə işədüzəltmə layihələri var: "Bizim ölkədə isə dövlətin nəzarətindədir. Dövlət kimə istəsə səlahiyyət verir ki, belə bir şirkət açsın. Kimi bəyənsə, icazə verir ölkədən xaricə getsin. Halbuki ali təhsilli şəxslər böyük şirkətlərə göndərilə bilər dövlət xətti ilə. Təhsilsiz, sadəcə qazanc üçün getmək istəyənlər isə özəl işədüzəltmə şirkətlərinin vasitəsi ilə iş tapa bilər. Vətəndaşın aldadılmamasından ötrü monitorinq xarakterli nəzarət həyata keçirilə bilər. Bizim vətəndaşlar üçün xaricdə təklif edilən iş və maaş da xüsusi araşdırılsa, yaxşı olar. Çünki praktikada miqrantların əmək istismarı halları da olub".

Bəlkə bir gün...

Ceyhun Mirzəyev yeni doğulan körpəsinin yaxşı böyüməsi üçün iş axtarışındadır. Deyir, pulunu geri alandan sonra bu dəfə yaxşı araşdırdığı şirkətə üz tutacaq və xaricdə işləməyə gedəcək.

"Uşaqpulunu da çox gördükləri bir ölkədə işləmək istəmirəm. Bəlkə, bir gün ölkə düzəlsə, qayıdarıq, düzəlməsə, elə getdiyim ölkədə də qalaram. Amma iş yerləri çoxalsa, heç kim yurd-yuvasından didərgin düşməz", – o söyləyir.

XS
SM
MD
LG