Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»


Xədicə İsmayıl Ali Məhkəməni tərk edir
Xədicə İsmayıl Ali Məhkəməni tərk edir

-

«Nəzərə alın ki, bu, günlərin birində sizin də başınıza gələ bilər». Bunu araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl Ali Məhkəmədə şikayətinə baxan hakimlərə deyib. Söhbət Elman Həsənovun (Bayraqdar) iddiası əsasında Xədicə İsmayılın CM-nin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib, 2 min 500 manat cərimələnməsinə dair məhkəmə işindən gedir. Son Amnistiya Aktı bu işdə Xədicə İsmayıla da şamil olunsa da, o, ümumiyyətlə, hökmün ləğvini və bəraət verilməsini tələb edir.

İyunun 28-də keçirilən məhkəmə iclasında jurnalistin vəkili Yalçın İmanov MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, hazırda həbsdə olan general Elçin Quliyevin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsi Elçin Quliyevin məktubuna əsaslanaraq ittiham hökmü çıxarıb. Amma o məktubda yazılanları təsdiqləyən heç bir sübut yoxdur. Məktubda yazılıb ki, Xədicə İsmayıl birinci dəfə sənədi 2011-ci ilin oktyabrında yayıb və orada Elman Həsənovun adı açıq şəkildə göstərilib. İkinci dəfə 2014-cü ildə yayılanda isə, ad-soyad qaralanıb.

Hakim Xədicə İsmayıl barədə qərarı dəyişmədi (Video)

Hakim Xədicə İsmayıl barədə qərarı dəyişmədi
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

«O SƏNƏDDƏ AD-SOYAD GÖSTƏRİLMƏYİB»

«Halbuki, Xədicə İsmayıl cəmi bir dəfə o sənədi yayıb və onda da ad-soyad göstərilməyib. O, 2011-ci ildə heç bir sənəd yaymayıb və MTN-in məktubunda bu haqda yazılanlar da yalandır. Biz aşağı instansiya məhkəmələrində də bu işə baxılarkən MTN əməkdaşının dindirilməsi barədə vəsatət qaldırdıq, təəssüf ki, təmin olunmadı», - Yalçın İmanov bildirib.

Vəsatət təmin olunmayıb.

Xədicə İsmayılın digər vəkili Fariz Namazlı çıxışında Xədicə İsmayılın jurnalist fəaliyyətinə görə bu yolla cəzalandırıldığını bildirib və onun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib: «Sanki MTN, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi sənədləri hazırlayıb start vəziyyətdə dayanıblar. Məhkəmə də o sənədlərdən istifadə edib hökm çıxarıb. Xədicə İsmayıla bəraət verilməlidir, çünki o, Elman Həsənovun adı hallanan heç bir sənəd yaymayıb. Bu məhkəmə işi Xədicə İsmayılın jurnalist kimi susdurulmasına xidmət edən addım idi».

Yalçın İmanov, Xədicə İsmayıl və Fariz Namazlı
Yalçın İmanov, Xədicə İsmayıl və Fariz Namazlı

«BOŞ OTAĞA HÖKM OXUNDU»

Vəkil Yalçın İmanov deyir ki, Elman Həsənovun cinayətdə ittiham olunaraq MTN-lə əməkdaşlığa cəlb edilməsi barədə sənəd Facebook-da ilk dəfə Mustafa Kozlu adlı istifadəçi tərəfindən yayılıb: «Xədicə İsmayıl Mustafa Kozlu deyil. Əslində, sübut toplamaq məhkəmənin, iddiaçının işidir. Amma bu işdə müqəddəs üçlük – MTN, prokurorluq və məhkəmə birləşib, Elman Həsənovun əvəzinə iş görüb. Binəqədi rayon Məhkəməsi bu iş üzrə hökm çıxararkən Xədicə İsmayıl həbsdə idi. Həmin proses təcridxanada keçirilib və orada jurnalistlərin, ictimaiyyət nümayəndələrinin iştirakına imkan verilməyib. Bununla da məhkəmənin açıqlığı prinsipi pozulub. Bu iş Xədicə İsmayılın jurnalist fəaliyyətinə, ölkədə və kənarda səs-küy doğuran araşdırmalarına görə cəzalandırmaq məqsədi daşıyırdı».

Xədicə İsmayıl özü də çıxış edib və bildirib ki, bu iş üzrə hökmün elan edilməsi də qanunsuz olub: «Mən təcridxanada hakim Sədrəddin Hacıyevə dedim ki, nə vaxt məhkəmənin açıqlığı prinsipi təmin olunsa, onda son sözümü deyəcəyəm. Bunu deyib otaqdan çıxdım və qayıtmadım. Təcridxananın rəisi buna görə məni çağırdı, başqa adamlar gəldi, amma qayıtmadım. Sədrəddin müəllim də kiçik müşavirə otağında bir neçə saat gözləyəndən sonra çıxıb boş otağa hökm oxudu. Bu da qanun pozuntusu idi».

«SİZ - HAKİMLƏR BARƏDƏ DƏ MƏKTUB HAZIRLAYARLAR»

Xədicə İsmayıl qeyd edib ki, Elman Həsənovun adı göstərilən heç bir sənəd yaymayıb. 2011-ci ilin oktyabrında belə bir sənəd yayması barədə MTN-in məktubunda göstərilənlər də yalandır: «Eyni üsulla siz - hakimlər barədə də bir məktub hazırlayarlar ki, 2013-cü ildə hansısa vəzifəli şəxsləri təhqir etmisiniz, Sədrəddin Hacıyev də o məktub əsasında hökm çıxarar. Yəni istənilən adama bunu edə bilərlər. Elman Həsənov özü də məhkəmədə dedi ki, MTN-də ona məni məhkəməyə verməyi məsləhət görüblər. Yəni məhkəməyə müraciət məsələsini də MTN planlaşdırıb. Hesab edirəm ki, bu, sizin də başınıza gələ bilər və bu barədə düşünün».

Gülzar Rzayevanın sədrliyi ilə hakimlər kollegiyası kassasiya şikayətini təmin etməyib.

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət edəcəklər.

XS
SM
MD
LG