Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:32

"Elə bil Bakıda Şimal qütbünə düşmüşəm"


heating
heating

►Sakinlər “Azəristiliktəchizat”ı, qurum isə sakinləri təqsirli bilir

Havalar soyumağa başlayır. Bakı sakini Orxan Adıgözəli artıq indidən dərd alıb, “soyuq evdə oturmaqdan xəstələnmişəm”, deyir.

Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 21 ünvanında yaşayan Orxan Adığözəlin sözlərinə görə, bir-iki ildir evlərinə istilik sistemi çəkilsə də, mənzilləri “isti ev” anlayışından uzaqdır:

“3 həftə reabilitasiya mərkəzində müalicə aldığım zaman soyuqla bağlı problem yaşamadım. Çünki orda mərkəzləşdirilmiş istilik sistemi var idi, amma evə gəlib sanki şimal qütbünə düşmüşəm. Ev buzxanadır. Guya istilik sistemi var, amma kiçik şamın istiliyini xatırladır”.

Buna da bax: Gömrükdən malı asan keçirmək mümkün olacaq? - Yenilik

“İlk vaxtlar istiydi”

Orxan Adığözəl evə istiliyin normal verilməməsi ilə bağlı “Azəristiliktəchizat”ın qaynar xəttinə iki dəfə zəng edib, ancaq hələ ki, bir cavab almayıb:

“Bina sakinləri öz hesablarına bütün boruları dəyişdilər, təzə vaxtı yaxşıydı, getdikcə zəiflədi”.

Paytaxtın Müşfiqabad qəsəbəsində yaşayan Təranə Əliyeva da istilik sisteminin evi yetərincə isitmədiyindən şikayətçidir:

“Binamıza “otopleniya” gələndə sevinmişdik, amma görürük ki, əlavə soba yandırmağa məcbur qalırıq. İndi yoldaşım “otopleniyanı” ümumidən ayırıb kombi qoymaq istəyir. Bizim bir-iki qonşumuz da belə edib”.

Buna da bax: Rusiyadan pulsuz dönən azərbaycanlılar...

“Boruların içi ərp bağlayıb”

“Azəristiliktəchizat” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rafiq Əliyev deyir ki, belə şikayətlər eşidirlər, amma bu şikayətlər qurumun fəaliyyətindən, qazanxananın işindən qaynaqlanmır. Onun sözlərinə görə, səbəb daha çox boruların keyfiyyətinə bağlıdır:

“Sovet dövründə tikilmiş binalardı, ayrı-ayrı bloklarda boru dəyişməyib, sovetdən qalmadı, içi ərp bağlayır. Bu da istiliyin keçirilmə təchizatına təsir edir”.

Rafiq Əliyev deyir ki, mənzilində istilikdən şikayətçi olan sakinlərin evinə mütəxəssis göndərməyə hazırdılar:

“Heç bir ödəniş lazım deyil, texniki dəstək verək, mütəxəssis getsin, araşdırıb izah etsin ki, istilik niyə zəifdir”.

Müsahibimiz onu da əlavə edir ki, bəzi mənzillərdə eyvanın otağa qatılması və radiatorun eyvan hissədə quraşdırılması istiliyin dövriyyəsinə təsir edir. Mənzildə ana borudan radiatora gedən boru nə qədər “üçbucaq” dönürsə, bu, təzyiqə, suyun temperaturuna təsir edir”.

Buna da bax: Amerika və Azərbaycan kəşfiyyatçıları rastlaşanda...

“Borcun sakinlərə təsiri olmayacaq”

“Azəristiliktəchizat” sözçüsünün dediyinə görə, havalar soyuduqca, qazanxanalarda suyun temperaturu havaya görə tənzimlənir. Rafiq Əliyev əmin edir ki, sakinlər qış aylarında mənzildə üşüməyəcəklər və istiliyin verilməsində hər hansı kəsilmə, fasilə olmayacaq.

O, “Azərqaz”a olan borcun da istiliyin verilməsində hər hansı fasilə yaratmayacağına əmin edir:

“Bu, iki dövlət qurumu arasındakı məsələdir, aralarında danışıqlar getdi, Nazirlər Kabineti məşğul oldu. Artıq bu məsələnin vətəndaşa dəxli, təsiri olmayacaq. Biz aidiyyatlı nazirliklərlə birgə öz təkliflərimizi vermişik, hökumətdə baxılır”.

Bu il yaşayış binalarına istiliyin vaxtında – noyabrın 15-də verilməməsi “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu ilə izah olunurdu.

XS
SM
MD
LG