Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:30

XİN-in Konsulluq İdarəsinin rəisi də saxlanıb


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov haqqında da həbs-qətimkan tədbiri seçilib. İyulun 10-da Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayev bu barədə qərar çıxarıb.

F.Bağırov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi haqda təqdimat təmin olunub.

Azərbaycanın Türkiyədə səfiri olmuş F.Bağırova qarşı CM-nin 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

+++

Xarici İşlər Nazirliyində (XİN) yeni saxlanılanlar var. Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

"Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İlqar Əliyev iyulun 7-də tutulub. İyulun 9-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır", - mənbə belə deyib.

Onların hər ikisinə qarşı CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir: "Onlara verilən ittiham, əsasən, rüşvətlə viza düzəldilməsiylə bağlıdır".

Səbail Rayon Məhkəməsindən də İ.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsini AzadlıqRadiosuna təsdiqləyiblər.

Xatırlatma

Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb. İyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu.

Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

F.Molla-zadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.

XİN əməkdaşlarının özləri və ya vəkillərinin bu ittihamlara münasibəti məlum deyil. Lakin DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.

Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Həbs olunanlar DTX-nın istintaq təcridxanasında saxlanılır.

Xarici işlər naziri Elmar Məmmədyarov unikal.org-a açıqlamasında DTX-nın keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin həbsinə təəssüfləndiyini bildirib. Amma bununla belə, baş verənləri şərh etmək istəməyib: "Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur".

XS
SM
MD
LG