Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:41

Rusiya Yakutiyanın müharibəyə hər həftə 500 nəfər göndərməsini istəyir


 Aleksandr Avdonin
Aleksandr Avdonin

Rusiyanın müdafiə rəsmisi şimal-şərqi Sibirdəki etnik Yakutiya vilayətinin Ukraynadakı müharibəyə hər həftə 500 nəfər göndərməsini istəyib.

Bu haqda AzadlıqRadiosunun "Siberia.Realities" portalı yazır.

Yakutiyanın hərbi komissarı Aleksandr Avdonin sentyabrda yerli rəsmilərlə qapalı görüşdə deyib ki, bu region müharibəyə əsgər yığımına görə axırıncı yerdədir.

Avdoninin sözlərinə görə, Yakutiya əsgər toplanışı planını cəmi 30 faiz yerinə yetirib ki, bu isə Rusiyanın Uzaq Şərq regionları arasında ən aşağı göstəricidir. Məlumatı "Azad Yakutiya Fondu" insan haqları qrupu iclasın səs yazısına əsasən yayıb.

Hər rayondan 15 nəfər

Hərbi komissar məmurları ilin sonunadək hər həftə hər rayondan 15 sakini müharibəyə göndərməyə çağırıb. Rusiyanın ən yoxsul regionlarından olan Yakutiyanın 36 rayonu var. Bu isə Ukraynaya hər həftə 540 kişinin göndərilməsi deməkdir.

Türkdilli xalq olan yakutlar Yakutiyada ən böyük etnik qrupdur, onlardan sonra ruslar gəlir.

Kreml Ukraynaya qarşı 2022-ci ildə başladığı təcavüzü müxtəlif bəhanələrlə əsaslandırıb, onlardan biri də Ukraynanın şərqində rusdilli əhalini qorumaqdır.

İnsan haqları qrupları Rusiyadakı etnik azlıqların ölkə əhalisinə nisbətinə görə müharibənin yükünü daha çox çəkdiyini deyirlər. Rusiyanın etnik vilayətləri ən yoxsullardan sayılır və Ukraynada döyüşmək qarşılığında təklif olunan yüksək maaşlar onlar üçün cəlbedici ola bilər.

"Səngərlərdə hər gün ölürlər"

Avdonin Ukraynanın şərqində xeyli sayda rusiyalının öldüyünü gizlətməyib, ancaq onu da deyib ki, əsgər toplanışını gücləndirməsələr, o və yerli məmurlar bunun nəticələri ilə üzləşə bilərlər. Onun sözlərinə görə, regionlarda əsgər toplanışına Müdafiə Nazirliyi və keçmiş prezident, hazırda Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nəzarət edir.

"İşləyəcəyik, çox işləyəcəyik, adam göndərəcəyik. Çünki heç nə bitməyib. Görünür, bəziləri deyirlər ki, Ukraynanın əkshücumları dayanıb, cəbhədə işlər asanlaşıb. Amma lənətə gəlmiş heç nə asan deyil. Səngərlərdə hər gün ölürlər", – Azad Yakutiya Fondu Avdonindən belə bir sitat gətirir.

Yakutiya Ukrayna cəbhəsindən təxminən 5 min kilometr məsafədə yerləşir. Bu, Böyük Britaniya ilə Ukraynadakı cəbhə arasındakı məsafədən iki dəfədən də çoxdur.

XS
SM
MD
LG