Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:45

'Bizdə işsiz kimi qeydiyyata düşmək özü bir işdir'


1 May - fəhlənin güzəranı...
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

1 May - fəhlənin güzəranı...

Prezident İlham Əliyev noyabrın 23-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıdakı V konfransının iştirakçılarına bildirib ki, Azərbaycanda işsizlik və yoxsulluq azalıb, sosial ödənişlərdə dəfələrlə artımlar edilib: "Təkcə son dörd ildə qəbul edilən dörd sosial islahat paketi ilə əhalimizin 40 faizi əhatə olunub. Minimum əməkhaqqı 2.7 dəfə, əməkhaqqı fondu 2.6 dəfə, median əməkhaqqı 2.1 dəfə, minimum pensiya 2.5 dəfə, orta aylıq pensiya isə iki dəfə artıb".

Amma Azərbaycanda son 10 ildə ünvanlı dövlət sosial yardım alanların sayı təqribən iki dəfə azalıb. Məsələn, 2014-cü il sentyabrın 1-də ölkədə 119 min 502 ailə ünvanlı dövlət sosial yardımı alıb. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 min 59 ailə, yəni 7.1 faiz azdır. 2023-cü il noyabrın statistikasına görə isə, cəmi 65 min ailə ünvanlı sosial yardım alır.

Rəsmi məlumatlara görə, hazırda ölkədə yoxsulluq və işsizlik səviyyəsi 5 faiz civarındadır.

Əslində son beş-10 ildə rəsmi olaraq ciddi şəkildə dəyişməyən bu rəqəmlərə də müstəqil iqtisadçılar şübhə ilə yanaşır.

M.İbrahimqızı
M.İbrahimqızı

"Yoxsulluq 50 faizə yaxın idi"

Hərçənd, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, Azərbaycanda son illər ərzində sosial vəziyyət xeyli yaxşılaşıb: "Bu dövr bizim üçün lakmus kağızıdır. 2003-cü ildə BMT və Dünya Bankının dəstəyi ilə Azərbaycanda yoxsulluğun azalması ilə bağlı Dövlət Proqramı hazırlanmışdı. 2005-ci ildə onun icrası başlanıb. Həmin dövrdə yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi. Bu, çox böyük rəqəmdir. Amma indi Azərbaycanda yoxsulluq 5-6 faiz arasıdır".

Deputatın sözlərinə görə 2003-cü ildən ölkədə kütləvi yeni iş yerləri açılmağa başlayıb: "Təkcə Bakı-Tbilisi-Ceyhan layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu çəkiləndə, digər layihələr icra olunanda 10 minlərlə iş yerləri açıldı. Sonra da bu proses davam etdi. 2005-ci ildə cənab prezident regionların sosial-iqtisadi inkişafı ilə bağlı beş illik böyük proqram qəbul etdi. Bu, regionlarımızın bütün infrastrukturunu dəyişən bir proqram idi. Hazırda da Qarabağda bərpa-quruculuq tədbirlər həyata keçirilir. Orada da çoxlu insan işlə təmin edilib".

N.Cəfərli
N.Cəfərli

"Bu 20 ildə qiymət artımlarını da nəzərə almaq lazımdır"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, son 20 ildə ciddi artımlar var: "Amma bu 20 ildə qiymət artımlarını, inflyasiyanı da nəzərə almaq lazımdır. İnsanların minimum təqaüd və minimum əməkhaqqısı artıb, amma inflyasiyanı nəzərə alsaq, bu, real artıma çevrilibmi, bu məsələdə ciddi suallar yaranır".

İqtisadçının qənaətinə görə, ölkədə işsizlik və yoxsulluqla bağlı statistik göstəricilər bir çox hallarda reallığı əks etdirmir: "Çünki Azərbaycanda daha qəliz qeydiyyat sistemi mövcuddur. Bir çox ölkələrdə bu avtomatlaşdırılır... Bizdə isə işsiz kimi qeydiyyata düşmək özü də bir işdir. Gərək gedəsən, ərizə yazasan, sübut edəsən və işsizlik müavinətini almaq üçün çaba göstərəsən".

Muzdla işləyənlər 1.7 milyondur, əməkqabiliyyətli 6 milyon

N.Cəfərli Azərbaycanda rəsmi iş yerlərinin sayının azlığına diqqət çəkir: "Bizdə muzdla çalışanların sayı cəmi 1.7 milyondur. Amma ölkədə əməkqabiliyyətli insanların sayı 6 milyona yaxındır. Təbii ki, o demək deyil ki, yerdə qalanların hamısı işsizdir. Burada fərdi sahibkarlar də, qeyri-rəsmi iş yerləri də var. Qeyri-rəsmi iş yerlərin sayı həddindən artıq çoxdur. Buna görə də Azərbaycanda real işsizlik rəqəmlərini ölçmək də mümkün deyil".

İqtisadçı sosial müavinət alanların sayının azalmasının səbəblərdən birini də hökumətin həmin şəxsləri sosial işlərə cəlb etməsində görür: "İnsanlar az maaşla həmin işlərə cəlb olundu və bununla da sosial müavinət almaq hüququndan məhrum edildi".

XS
SM
MD
LG