Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:48

Yumurta bahalaşıb, deyilən səbəblər…


Yumurta
Yumurta

Artıq bir neçə gündür ki, yumurtanın qiymətində artım müşahidə olunur. Ayrı-ayrı vətəndaşların bildirməsinə görə, son 15 günə kimi marketlərdə 9-10 qəpiyə satılan yumurta indi 14 qəpiyə təklif edilir.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev də mediaya açıqlamasında yumurtanın qiymətinin qalxmasını təsdiqləyərək bunun cəmi 1-2 qəpik olduğunu söyləyib. O, bu qiymət dəyişməsinin mövsümi xarakter daşıdığını qeyd edib. Əlavə edib ki, yem və digər lazım olan məhsullar xaricdən idxal olunur.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov isə hesab edir ki, yumurtanın qiymətindəki dəyişikliklər onun istehsalında dayanıqlığın olmamasının göstəricisidir: «Bu, təkcə mövsümə, yem bazasına bağlı məsələ deyil. Neçə illərdir ki, yumurtanın qiymətində belə qalxıb-enmələr baş verir. Azərbaycanda yem son illər iki dəfə bahalaşıb, yumurtanın maya dəyərində yemin çəkisi 54 faiz təşkil edir».

V.Məhərrəmov əlavə edib ki, bahalaşma təkcə yemin idxalı ilə bağlı deyil: «Yumurtanın qiymətinin bahalaşması həm bu sahədəki problemlərlə, həm də ölkədəki ümumi bahalaşma ilə əlaqəlidir. Heç kimə sirr deyil ki, bu il minimum maaşların, minimum pensiyaların artırılması barədə fərmandan sonra ölkədə müəyyən bahalaşma müşahidə edilir. Üstəlik, nəzərə alınmalıdır ki, həmin artımlar sentyabr-oktyabr aylarında başlayır. Amma bahalaşma artıq başlayıb».

Ekspert hesab edir ki, quş əti və yumurta istehsalında gəlir dayanıqlı deyil. Onun fikrincə, görünür, bu sahədəki sahibkarlar qiyməti bahalaşdırmaqla xərclərini bağlamaq istəyirlər.

Ekspertdən hökumətə təkliflər

V.Məhərrəmova görə, ilk növbədə hökumət ölkədə yemçilik bazasını inkişaf etdirməlidir. O qeyd edir ki, buğdadan yem kimi istifadə etmək baha başa gəlir:


«Məhsuldarlıq yüksək deyil, məhsulun keyfiyyəti aşağıdır. Digər tərəfdən, ölkədə ərzaq mallarının ümumi bahalaşması baş verir və sahibkarlar qiyməti bahalaşdırmaqla xərclərini bağlamaq istəyirlər».

V.Məhərrəmovun fikrincə, hökumət qeyri-neft sektorunun, xüsusən aqrar sahənin inkişafına dəstək verməlidir. O hesab edir ki, bu sahədə sahibkarların güzəştli kreditlərdən yararlanması bəyanatlar səviyyəsindən əməli işə keçməlidir: «Dövlət dəstəyi ilk növbədə sahəni stimullaşdırmalı, məhsuldarlığı artırmalı, rəqabətqabiliyyətli məhsul əldə olunmasına imkan verməlidir. Bu dediklərim görünmür. Elə bundan irəli gələrək dövlət qurumları özləri araşdırmalıdırlar ki, onların göstərdiyi dəstək, maliyyə vəsaitləri hara xərclənir?».

V.Məhərrəmov deyir ki, Azərbaycanda biznesin iriçaplı məmurlara bağlı olması sirr deyil. Onun fikrincə, onların yerlərdəki menecerləri isə işi yaxşı bilmirlər.

Avropada yumurta qalmaqalı: Azərbaycana təsiri
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

XS
SM
MD
LG