Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:50

Ukrayna Rusiya qüvvələrinə yeni zərbələr endirdiyini deyir


Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı

Ukrayna Silahlı Qüvvələri dekabrın 31-də Xerson vilayəti, Çulakovka kəndi yaxınlığındakı Rusiya ordu birləşməsinə zərbələr endirib.

Bunun nəticəsində 500 rusiyalı hərbçinin həlak olduğu və yaralandığı bildirilir.

Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 3-də verib:

“Ukrayna müdafiə qüvvələri birləşmələrinin dekabrın 31-də Xerson vilayətinin Çulakovka yaşayış məntəqəsi rayonunda düşmənin canlı qüvvəsi və hərbi texnikasını vurması təsdiqlənib. Düşmən ölü və yaralı olaraq 500 nəfər itki verib”.

Məlumatda təfərrüatlar verilmir. AzadlıqRadiosu bildirir ki, Ukrayna tərəfinin məlumatını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Sözü gedən məlumatdakı hərbi əməliyyatı Rusiya tərəfi də hələki şərh etməyib.

Xersonda

Baş Qərargahdan habelə yanvarın 1-də bildiriblər ki, Rusiya qüvvələrinin Xerson vilayəti, Fyodorovka kəndindəki şəxsi heyətinə zərbələr endirilib, lakin “düşmənin itkiləri” hələ dəqiqləşdirirlir.

Bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi dekabrın 31-də Donetsk vilayəti, Makiyivka qəsəbəsindəki müvəqqəti kazarmaya raket zərbələri endirilməsi nəticəsində 63 rusiyalı hərbçinin həlak olduğunu təsdiqləmişdi.

Ukrayna ordusunun kommunikasiyalar idarəsi bu zərbə ilə 400 hərbçinin öldüyünü və daha 300 hərbçinin yaralandığını bildirmişdi.

Luhansk və Zaporojyedə

Sosial media şəbəkələrində yayılan başqa bir məlumata görə Ukrayna qüvvələri Luhansk vilayətinin Svatovo şəhərindəki Rusiya silah anbarına zərbələr endirib.

Qeyd olunur ki, bu əməliyyatı Ukrayna quru qoşunlarının 92-ci xüsusi briqadası həyata keçirib.

Bu da bildirilir ki, Ukrayna hərbçiləri son iki həftə ərzində bu anbara silah daşıyan “Ural” yük maşınlarını izləyirdilər.

Başqa bir xəbərdə deyilir ki, Ukrayna ordusu Zaporojye vilayətinin işğal olunmuş hissəsində yerləşən Tokmak şəhərindəki xəstəxanaya zərbə endirib.

Rusiya rəsmiləri yanvarın 3-də Tokmak xəstəxanasının raket zərbəsinə məruz qaldığını təsdiq ediblər.

Rusiyanın RIA agentliyi zərbə yerində HIMARS yaylım atəşli reaktiv raketlərinin qırıntılarının tapıldığını yazır.

Bəzi Ukrayna mediaları isə bu xəstəxanada Rusiya hərbçilərinin yerləşdirildiyini bildirirlər.

Zalujnı: Ukrayna işğal olunmuş ərazilərin 40 faizini azad edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı bəyan edib ki, 2022-ci ilin sonuna olan vəziyyətə görə Ukrayna qüvvələri Rusiya tərəfindən işğal olunmuş ərazilərin 40 faizini azad edə bilib.

O əlavə edib ki, Xerson vilayətinin sağ sahil hissəsinin azad olunması ilə belə ərazilərin ümumi sahəsi 40 min kvadrat kilometrə çatıb.

Ukrayna bu ərazilərin 28 faizini Krım və Donbasın bir hissəsi də daxil hələ 2014-cü ildə itirmişdi.

Rusiya separatçı “xalq respublikalarını” məhz bu ərazilərdə yaradıb.

Zalujnı bunu da bildirib ki, Rusiya qoşunları Ukraynaya müdaxilə edəndən bəri 100 min hərbçi itiriblər.

Rusiya Müdafiə Nazirliyi sentyabrda 6 minədək hərbçinin itirildiyini rəsmən bəyan etmişdi.

Lakin BBC-nin Rus xidməti və Mediazona 10 mindən çox Rusiya hərbçisinin öldürüldüyünü dəqiqləşdiriblər.

Pentaqon noyabr ayında müharibədə iki tərəfin birlikdə 200 min nəfər itki verdiyini bildirmişdi.

Bu rəqəmə yaralanaraq sıradan çıxan hərbçilər də daxildir.

4 min kilometrlik cəbhə xətti

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə Ukrayna hakimiyyət orqanları ötən il döyüşlər gedən ərazilərdən 600 minədək sakini təxliyə edib.

CurrentTime telekanalı xəbər verir ki, hazırda quruda olan cəbhə xəttinin uzunluğu 4 min kilometrdir və fəal döyüş əməliyyatları bunun 1500 kilometri boyunca aparılır.

Ukrayna baş komandanının sözlərinə görə Ukrayna istehkamçıları 1300 hektar əraizini minalardan təmizləyiblər və 41 min partlayıcı predmeti zərərsizləşdiriblər.

Zalujnı ayrıca olaraq vurğulayıb ki, Ukrayna ordusunun şəxsi heyətinin təlimləri Avropanın 17 ölkəsində keçirilir.

O qeyd edib ki, bu təlimlər nəticəsində 2022-ci il ərzində 20 min hərbçi döyüş hazırlığı keçib.

XS
SM
MD
LG