Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:51

Nişanlı gəncin ölümü: ‘Güllə oğlumun arxasından girib mədəsindən çıxmışdı’


Zənyar Əbubəkri və nişanlısı
Zənyar Əbubəkri və nişanlısı

Bir il bundan öncə Zənyar Əbubəkri və nişanlısı dostları və ailələrinin qatıldığı mərasimdə nişanlanıblar. Sosial mediada 20-yaşlı oğlanın həyəcanla nişanlısının əlindən tutduğu video yayılmışdı. Videoda qızın tanınmaması üçün üzü iri ürək işarəsi ilə örtülmüşdü.

Ancaq bu evlilik baş tutmayıb. Əbubəkri ötən ilin payızında dini hakimiyyətə qarşı etirazlar zamanı həyatını itirib.

Oktyabrın 27-də öldürülən Əbubəkri də daxil olmaqla hökumət qüvvələrinin öldürdüyü 500 etirazçının aqibəti müəmmalıdır.

Anasının gözləri qarşısında ölümcül yaralardan ölən gəncin məzardaşı üzərində yazı yazılmasına da icazə verilmir.

“Kaş Məhsanın yerində mən olaydım”

İranın Qərbi Azərbaycan əyalətində yerləşən, kürd əhalinin çoxluq təşkil etdiyi Mahabad şəhərindən olan Əbubəkrinin ailəsinə yaxın mənbə AzadlıqRadiosunun “Radio Fərda” fars xidmətinə gəncin etirazlara qoşulmasının detallarını danışıb.

Ordudan yeni qayıdan Əbubəkri evlilik həyatına hazırlaşırmış. Ancaq sentyabrda 22-yaşlı Məhsa Əmininin əxlaq polisinin nəzarətində ikən ölməsi bölgəni və ölkəni lərzəyə gətirdi.

Regionun digər sakinləri kimi o da etirazlara qoşulmaq istəsə də, ailəsi buna razı olmur. Ancaq Əmininin ölümünün 40-cı günü məzarlıqda aksiyada etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma Əbubəkrini çox kədərləndirir.

"Bir insanın yas mərasiminin belə keçməsi ayıb deyilmi? Kaş Məhsanın yerində mən olaydım”, – ailəsi onun bu sözləri dediyini xatırlayır.

Zənyar Əbubəkrinin məzarı
Zənyar Əbubəkrinin məzarı

“Əziz oğlumun yerə yıxıldığını öz gözlərimlə gördüm”

Həmin axşam təhlükəsizlik qüvvələrinin Mahabadda bir etirazçını öldürməsi Əbubəkrinin etirazlara qoşulmaq istəyini daha da gücləndirib. Anası Niştiman Qaderpur nəhayət onu və 15-yaşlı qardaşını qorumaq üçün onları müşayiət etməyə razılaşıb.

Şəhər mərkəzinə çatanda Əbubəkri qəfildən qarnından aldığı yaradan yerə yıxılıb.

"Güllə oğlumun arxasından girib mədəsindən çıxmışdı. Əziz oğlumun yerə yıxıldığını, ağrıdan tərpənə bilmədiyini öz gözlərimlə gördüm. Həmin an onun yanında idim”, – deyə Qaderpur iyulun 19-da “Instagram”da yazıb.

Mənbə digər etirazçıların Əbubəkri və anasını təhlükəsiz yerə çəkdiyini, gəncin dərhal xəstəxanaya aparıldığını deyir. Onu təcili əməliyyat etsələr də, gəncin həyatını xilas etmək mümkün olmayıb. Xəstəxana əməkdaşları ailədən təhlükəsizlik qüvvələri gəlmədən xəstəxananı tərk etməsini istəyiblər.

Oktyabrın 27-də Mahabadda Əbubəkri də daxil olmaqla azı 5 nəfər qətlə yetirilib. Onlarla insan yaralanıb. Eyni gündə Kürdistan əyalətində azı iki başqa etirazçı öldürülüb.

Ölüm səbəbi sonradan dəyişdirilib

İranın şimal-qərbində yerləşən Kürdistan bölgəsi hakimiyyətə qarşı aylarla davam edən etiraz dalğasının episentri idi. İslam respublikası uzun zamandan bəri ölkədəki etnik azlıqları, o cümlədən kürdləri ayrıseçkiliyə məruz qoymaqda ittiham olunur. Kürdlər İranın 88 milyon nəfərlik əhalisinin təqribən 10%-ni təşkil edir.

“Radio Fərda” Əbubəkrinin ölüm səbəbinin normal sənədləşdirilmədiyini üzə çıxarıb. Ölüm şəhadətnaməsinin radionun əldə etdiyi nüsxəsində ölüm səbəbi kimi “sərt, yaxud iti əşyalarla toqquşma” göstərilib. Ancaq sonradan sənəddə ölüm səbəbi dəyişdirilib, “arteriyanın güllədən yırtılması” ilə əvəz edilib.

Əbubəkrinin ailəsinə yaxın mənbə deyir ki, Mahabaddakı və İranın digər yerlərindəki məmurlar hələ də etirazçılara atəş açmağa görə məsuliyyəti böyunlarına almayıblar. "Hələ də deyirlər ki, güllənin haradan atıldığını tapmağa çalışırıq”, – o söyləyir.

Əbubəkrinin məzarı üzərinə onun kürd köklərini bildirən sətirlər həkk edilib: "Əziz anam, mən öz torpağımın şəhid kürd fədaisiyəm. Mən öz torpağımın qanına bələnmiş göyərçiniyəm”.

Ancaq təhlükəsizlik əməkdaşlarının tələbi ilə bu yazıdakı “şəhid” sözü silinib.

XS
SM
MD
LG