Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Fermer: «Zərdabın məmurları fəaliyyətimizə əngəl yaradır»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Fermerlik fəaliyyəti ilə məşğul olub büdcəyə töhfələr veririk. Ancaq dövlətin məmurları bizi incidir. Kənd təsərrüfatı torpaqlarından fermerlik sahəsinə aidiyyəti olmayan adamların adına müqavilə bağlayıb özləri istifadə edirlər».

«SAHƏMİN SƏRHƏDİNİ DƏYİŞİRLƏR»

Qəbələnin Laza kənd sakini Valeh Ağaşirinov danışır ki, uzun illərdir fermerliklə məşğul olur. Həm ailəsini dolandırır, həm yaxın qohumları olan bir neçə ailəyə himayədarlıq edir, həm də dövlətin büdcəsinə vergi ödəyir.

Qəbələ sakini olsa da, fəaliyyəti ilə əlaqədar qışı Zərdab rayonundakı qış yatağında, yayı Qubadakı yaylaqda keçirir. Zərdab ərazisində dövlət mülkiyyətində olan 70 hektar torpaqdan örüş sahəsi kimi uzunmüddətli istifadə etmək məqsədilə rayon icra hakimiyyəti ilə 2014-cü il mayın 2-də icarə müqaviləsi bağlayıb. Həmin torpaq sahəsinin üzərində mal-qoyun sürüsünü saxlamaqdan ötrü tikinti aparıb istifadə edir. Ümumi sahəsi 306 hektar olan örüş torpağından istifadə üçün ondan başqa digər iki nəfər fermer də müqavilə bağlayıb. İndi hər fermerə müqavilə əsasında ayrılmış torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi zərurəti yaranıb. Elə mübahisələr də bundan sonra ortaya çıxıb:

«Qışlaq sahəsinə görə Zərdab rayon İcra Hakimiyyəti başçısı ilə müqavilə bağlayan və torpaq sahəsi mənim sahəmlə sərhəd olan adam fermer deyil, Qəbələdə taksi sürücüsü kimi fəaliyyət göstərir. Sadəcə, icra hakimiyyətinin işçiləri onu fermer kimi təqdim edib, adına müqavilə bağlayıb dəllallıqla məşğul olurlar. Həmin icarəyə götürdüyü torpaqları ya başqa şəxslərə icarəyə verməklə, ya da özləri istifadə etməklə pul qazanırlar. İndi icarə müqaviləsi ilə istifadə etdiyim qışlaq örüş sahəmin sərhədini öz xeyirlərinə dəyişmək istəyirlər. Bu da sahəmin bir hissəsinin əldən çıxması, torpağın üstündəki müvəqqəti tikilinin sökülməsi deməkdir».

TAKSİ SÜRÜCÜSÜNÜN ADINA TORPAQ?

Fermer prezidentə, Prezident yanında Apellyasiya Şurasına, aqrar siyasət məsələləri şöbəsinə, kənd təsərrüfatı nazirinə, Əmlak Komitəsinə müraciət edib. O, faktın araşdırılmasını istəyib. Ancaq hələ ki, fermerin müraciəti cavabsız qalıb:

«Mən fəaliyyətinə əngəllər yaradılan bir fermer kimi kömək istəyirəm. Bu sahəni saxtakarlardan təmizləyib gerçəkdən sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanlara əngəllərin qarşısının alınmasını tələb edirəm. İstəyirəm araşdırsınlar, görək, fermerlik fəaliyyəti ilə bağlı torpaqlara görə müqavilə bağladıqları adamlar həqiqətənmi bu sahənin adamlarıdır? Taksi sürücüsünün adına yüz sotlarla torpağı niyə ayırırlar?».

«HEÇ BİR QANUNSUZLUQ YOXDUR»

Fermer Zərdabın icra hakimiyyətindən onunla bağlanmış müqavilənin şərtlərinə əməl olunmasını tələb edir. İcra hakimiyyəti isə ittihamlarla razılaşmır. Qurumdan «Qaynar xətt»ə bildiriblər ki, əgər fermerin narazılığı varsa, mütəxəssis dəvət oluna və yerində araşdırıla bilər:

«Torpağın üzərində tikdiyi tikili də qanunsuzdur. Ona bununla bağlı xəbərdarlıq olunub. Barəsində danışdığı vətəndaş da fermerlik fəaliyyəti ilə məşğul olur. Burada heç bir qanunsuzluq yoxdur».

Hüquqşünas Namizəd Səfərov deyir, tərəflər arasındakı müqavilənin şərtləri pozulubsa, narazı tərəf məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG