Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

Media çex rəsmiləri ‘zəhərləmək istəyən’ rusiyalının kimliyini açıqlayıb (VIDEO)


Andrei Konchakov Praqadakı Rusiya Elm və Mədəniyyəti Mərkəzində çıxış edərkən
Andrei Konchakov Praqadakı Rusiya Elm və Mədəniyyəti Mərkəzində çıxış edərkən

Çexiya mediası iki ay əvvəl ölkəyə çemodanında risin zəhəri ilə gəldiyi iddia olunan məxfi Rusiya diplomatının adını açıqlayıb.

Media xəbərlərində habelə deyilirdi ki, bu şəxs Moskvanı öz qərar və hərəkətləri ilə qəzəbləndirmiş üç Praqa rəsmisini zəhərləməliymiş.

Mayın 10-da Çexiya ictimai televiziyasının 168 Saat verilişi adı çəkilməyən təhlükəsizlik rəsmilərinə istinadən bildirib ki, söhbət 2 ay bundan əvvəl Praqanın Vaclav Havel hava limanında yerə enən və aeroportdan birbaşa Rusiya səfirlyinə aparılan Andrei Konchakov-dan gedir.

“Dezinfeksiya” və şirniyyat

34 yaşlı Konchakov Çexiyanın Seznam Zpravy xəbər saytına müsahibəsində iddiaları rədd edib və deyib ki, onun çemodanında “dezinfeksiya” vasitəsi və şirniyyat olub.

O təfərrüatlı danışmaqdan imtina edib.

Bəzi məlumatlara görə Rusiyanın Praqadakı səfirliyi Moskvanın “zəhərləmə casusluğunun” mərkəzlərindən biri kimi fəaliyyət göstərir.

Bundan əvvəl Britaniya 2018-ci ildə Moskvanı keçmiş rusiyalı casus Sergei Skripalı İngiltərədə zəhərləmək cəhdində ittiham edib.

Kremlin sözçüsü Dmitry Peskov yeni qalmaqalı “uydurma” adlandırıb və deyib ki, bu, anti-Rusiya kampaniyasının növbəti səhifəsidir.

Çexiya mediasında yayılan xəbərlərdə iddia edilir ki, Çexiya kəşfiyyatı Konchakov-u Rusiya casusu olmaqda şübhəli bilir.

Risin zəhəri ilə bağlı iddiaları ilk dəfə Çexiyanın həftəlik Respekt jurnalı aprelin 26-da dərc etmişdi.

Çemodan yoxlanmamalı idi

Jurnal iddia edirdi ki, planlaşdırılan zəhələmənin hədəfləri Praqa meri Zdenek Hrib, habelə Çexiya paytaxtının daha iki rayonunun başçıları olan Ondrej Kolar Pavel Novotny-dır.

Hrib Rusiya səfirliyinin qarşısındakı meydana Rusiya müxalifətinin liderlərindən Boris Nemtsovun adının verilməsi qərarını dəstəkələmişdi.

Kolar isə Praqanın 6-cı rayonunda sovet marşalı Ivan Konevə II Dünya Müharibəsindən sonra qoyulmuş abidənin demontaj edilməsinin təşəbbüsçülərindən biridir.

Rusiya bu hərəkəti 1993-cu il tarixli Rusiya-Çexiya dostluq müqaviləsinin pozulması kimi pisləmişdi.

168 Saat proqramının verdiyi məlumata görə Konchakov Praqaya martın 14-də, başqa medialar bu səfər barədə xəbər verməzdən xeyli əvvəl gəlib.

Onun baqajında risin zəhərinin olması iddia edilirdi. Amma diplomatiк protokola görə Konchakovun yükü yoxlanmamalı idi.

Seznam Zpravy xəbər portalının məlumatına görə Konchakov-u hava limanında qarşılayıb səfirliyə gətirən Alexandr A. adlı şəxs də Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentidir.

Qaranlıq bioqrafiya

Konchakov-un 1986-cı ildə Moskvada doğulduğu məlumdur. Lakin onun haqqında başqa məlumatlar az, qarışıq və ziddiyyətlidir.

Moskvada mənzillənən The Insider təhqiqat saytı yazır ki, Konchakov Moskva Mühəndislik və Fizika İnstitutunu bitirib.

Lakin onun nə vaxt məzun olduğu bilinmir. The Insider yazır ki, Konchakov fəaliyyətinə Praqada “Rossotrudnichestvo” dövlət agentliyinin nümayəndəsi kimi başlayıb. Bu agentlik Çexiyada yaşayan rusiyalıların problemləri ilə məşğul olur.

O habelə 2017-ci ildən Praqada yerləşən Rusiya Elm və Mədəniyyət Mərkəzinin direktorudur.

Bu mərkəzin internet saytında Konchakov-un Milli Nüvə Araşdırmaları İnstitutundan məzun olduğu bildirilir. Amma daha bir ziddiyyət bundan ibarətdir ki, Konchakov-un ixtisası “beynəlxalq əlaqələr” kimi göstərilib.

Seznam Zpravy saytı yazır ki, Konchakov Çexiya Respublikasında artıq bir neçə ildir yaşasa da, ona diplomatik status ötən il verilib.

“Rossotrudnichestvo” təşkilatının rəhbəri Yelena Mitrofanova iddiaları “əsassız təxribat” adlandırıb.

XS
SM
MD
LG